Nazir: “Təhsil müəssisələrində bu cür qətliamlara lazımi diqqət ayrılmalıdır”
Tbilisidə Xocalı soyqırımının 30-cu ildönümü münasibəti ilə "Xocalıya ədalət" adlı sərginin açılışı olub.
AYNA APA-ya istinadən xəbər verir ki, tədbirdə əvvəlcə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra çıxış edən səfir Faiq Quliyev bildirib ki, Xocalı faciəsi Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biridir və bu faciənin Gürcüstan ictimaiyyətinə çatdırılması xüsusi önəm daşıyır. Səfir vurğulayıb ki, bu cür qətliamlara dünya ictimaiyyətinin lazımi diqqət yetirməməsi nəticəsində oxşar faciə 1992-ci ilin oktyabrında Gürcüstanda da baş verib.
Faiq Quliyev qeyd edib ki, faciəyə hüquqi qiymət verilməsi Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıtmasından sonra mümkün olub və həmin dövrdən etibarən bütün dünya azərbaycanlıları faciənin dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün aktiv fəaliyyətə başlayıblar. Səfir Faiq Quliyev Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başladılan "Xocalıya ədalət" kampaniyasının böyük önəm daşıdığını xüsusi vurğulayıb.
Daha sonra çıxış edən Təhsil naziri Emin Əmrullayev tədbir iştirakçılarına Azərbaycanın kədərinə şərik olduqları üçün təşəkkür edib. Nazir qeyd edib ki, yüzlərlə günahsız insanın bir gecədə qətlə yetirildiyi bu hadisə dünya tarixinə qara hərflərlə yazılıb. O, vurğulayıb ki, hansı ölkədə fəaliyyət göstərməsindən asılı olmayaraq təhsil müəssisələrində bu cür qətliamlara lazımi diqqət ayrılmalıdır.
Tbilisidə fəaliyyət göstərən Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin təşkilatçılığı, Azərbaycanın Gürcüstandakı səfirliyinin dəstəyi ilə keçirilən sərgidə tanınmış Azərbaycan rəssamlarının ərsəyə gətirdiyi 60-a yaxın rəsm əsəri nümayiş edilib. Tədbirdə Azərbaycanın təhsil naziri Emin Əmrullayev, Türkiyənin Gürcüstandakı səfirinin müavini Onur Sevim, gürcü və azərbaycanlı ictimai xadimlər, din xadimləri və iş adamları, Gürcüstanın müxtəlif telekanallarının nümayəndələri iştirak ediblər.