Gürcüstan Prezidenti: “Ölkəmiz Rusiya hökuməti tərəfindən idarə olunur”

Dünya

15.10.2024 - 16:32

Həkimlər Klinikalar SEO Xidməti

“Bu, sıradan bir seçki deyil, daha çox Avropanın gələcəyi ilə Rusiyanın keçmişi arasında seçimdir”

Gürcüstan Prezidenti Salome Zurabişvili ölkənin “Rusiya hökuməti” tərəfindən idarə olunduğunu deyib və hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyasını oktyabrın 26-da keçiriləcək parlament seçkilərinin nəticələrini saxtalaşdırmaqda ittiham edib. Bu barədə Gürcüstan Prezidenti “Financial Times”ə deyib.

Zurabişvili hesab edir ki, 2012-ci ildən hakimiyyətdə olan “Gürcü arzusu” “Rusiyadakı kimi” təbliğat, qütbləşmə və hədə-qorxu taktikası əsasında kampaniya aparır.

Prezident həmçinin hakim partiyanı hökumət rəsmilərinə təzyiq etməkdə, müxalifət fəallarına hücum etməkdə, jurnalistləri hədələməkdə və xaricdəki vətəndaşların seçkilərdə iştirakını çətinləşdirməkdə ittiham edib.

“Bu, sıradan bir seçki deyil, daha çox Avropanın gələcəyi ilə Rusiyanın keçmişi arasında seçimdir”, - dövlət başçısı bildirib.

Qeyd edək ki, Gürcüstan Prezidenti hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyasına müxalifətdədir. Siyasi qüvvə dövlət başçısının icazəsiz xaricə səfərlərindən, hakimiyyət haqqında tənqidlər və qalmaqallı bəyanatlar səsləndirdikdən sonra onun impiçmenti təşəbbüsü ilə çıxış etməyə cəhd edib. Daha sonra Prezidentin sərt tənqid etdiyi “Xarici agentlər” haqqında qanunun qəbulu fonunda Zurabişvili ilə “Gürcü arzusu” arasında münasibətlər daha da pisləşib.

Zurabişvilinin fikrincə, hakim siyasi qüvvənin hərəkətləri Gürcüstanın Avro-Atlantik istəklərinə ziddir. Öz növbəsində, “Gürcü arzusu”nun deputatları dəfələrlə bəyan ediblər ki, dövlət başçısı Qərbin maraqlarından çıxış edir, radikal müxalifəti dəstəkləyir və ölkə daxilində “xarici agent”dir.

Müəllif: Ayna.az