Gürcüstan ABŞ-la münasibətlərin yenidən qurulacağına ümid edir

Dünya

07.11.2024 - 11:32

Həkimlər Klinikalar SEO Xidməti

Prezident və Baş nazir Donald Trampı seçkilərdəki qələbə münasibətilə təbrik edib

Gürcüstan Prezidenti Salome Zurabişvili və Baş nazir İrakli Kobaxidze ABŞ Prezidenti seçilən Donald Trampa təbrik ünvanlayıblar. AYNA gürcü mediasına istinadən bildirir ki, ölkənin Avropayönlü siyasi qüvvələrinin lideri, hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyası ilə qarşıdurmada olan Zurabişvili təbrikində Gürcüstanın Avropaya inteqrasiyası məsələsinə diqqət çəkib və bir sıra məsələlərdə ABŞ-ın davamlı dəstəyinə ümid etdiyini bildirib.

“Seçkidə qələbəniz münasibətilə sizi təbrik edirəm, cənab Prezident Donald Tramp. Gürcüstanın Avroatlantik inteqrasiyasını dəstəkləmək, regional təhlükəsizliyi və sabitliyi gücləndirmək, azadlığımızı və müstəqilliyimizi qorumaq üçün güclü ABŞ - bizim 33 illik strateji tərəfdaşımız və dostumuz indi həmişəkindən daha çox güclü olmalıdır”, - deyə Gürcüstan Prezidenti “X” sosial şəbəkə hesabında yazıb.

Eyni zamanda, Gürcüstanın Baş naziri İrakli Kobaxidze də Donald Trampı təbrik edərək, “Gürcü Arzusu”nun seçkiqabağı tezisini təkrarlayıb ki, Ağ Evdə administrasiya dəyişikliyindən sonra Gürcüstanın ABŞ-la münasibətləri yeni mərhələyə daşımaq niyyətindədirlər.

“Prezident Donald Trampı seçkilərdə qələbəsi münasibətilə təbrik edirəm. Əminəm ki, Prezident Trampın rəhbərliyi bütün dünyada və regionumuzda sülhü təşviq edəcək, həmçinin ABŞ və Gürcüstan arasında münasibətlərin yenilənməsini təmin edəcək”, - Gürcüstanın Baş naziri “X” səhifəsində yazıb.

Qeyd edək ki, hakim “Gürcü Arzusu”nun anti-Qərb oriyentasiyası Qərb tərəfdaşları ilə münasibətlərdə kəskin böhrana səbəb olub. Nəticədə ABŞ Gürcüstanla münasibətlərə yenidən baxılacağını və otuz gürcü məmuruna qarşı viza məhdudiyyətinin tətbiq olunduğunu elan edib.

İyulun 31-də ABŞ dövlət katibi Antoni Blinken Gürcüstan hökumətinə 95 milyon dollardan çox birbaşa yardımın dayandırıldığını bəyan edib. Birləşmiş Ştatlar həmçinin illik “Layiq tərəfdaş 2024” təlimini qeyri-müəyyən müddətə təxirə salıb. Sentyabrın 16-da məlum olub ki, ABŞ Maliyyə Nazirliyi və Dövlət Departamentləri Gürcüstanda insan haqlarının pozulmasında və demokratiyanın pozulmasında iştirak edən daha altmış dörd Gürcüstan vətəndaşına qarşı yeni sanksiyalar paketi hazırlayıb.

Müəllif: Ayna.az