Külli miqdarda brilyant, qızıl və qiymətli əşyalar aşkar olunub
Daxil olmuş məlumat əsasında Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Dubay-Bakı aviareysi ilə Birləşmiş Ərəb Əmirliklərindən Azərbaycan Respublikasına gələn vətəndaşdan qaçaqmalçılıq yolu ilə gömrük nəzarətindən kənar keçirdiyi 252 min 502 manat dəyərində brilyant, qızıl və sair qiymətli əşyalar aşkar olunaraq götürülüb.
Dövlət Gömrük Komitəsindən AYNA-ya verilən məlumata görə, fakta görə Komitənin Əməliyyat-İstintaq Baş İdarəsində Cinayət Məcəlləsinin 206.3.2 (Qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. Baş idarə tərəfindən keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri ilə malları gömrük nəzarətindən kənar keçirən şəxsdən əlavə cinayətin törədilməsində iştirak edən 3 nəfər şəxs də müəyyən edilərək saxlanılıb. Saxlanılan şəxslərin hər biri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işinin istintaqı davam etdirilir.