Gəncədə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Xəbərlər

20.01.2022 - 17:55

Şəhidlər Xiyabanında təşkil olunan anım mərasimdə şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər

Gəncədə 20 Yanvar faciəsinin 32-ci il dönümü ilə bağlı tədbir keçirilib. AYNA-nın xəbərinə görə, Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda həlak olan şəhidlərin xatirəsi ehtiramla yad edilib. 

Şəhidlər Xiyabanında təşkil olunan anım mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Quru Qoşunlarının qərərgah rəisi, general-mayor Vasif Kazımov, Türkiyə və Gürcüstanın Gəncədəki baş konsulları, ictimaiyyət nümayəndələri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və sakinlər iştirak ediblər.

Qeyd olunub ki, 1990-cı ilin Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyildir. O, ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir. Bu qanlı gün həm ümumxalq faciəsi, həm də müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub. Vurğulanıb ki, 20 yanvar 1990-ci il müasir tariximizin ən faciəli günlərindən biri olsa da Azərbaycan xalqının milli iradəsinin zəfər çaldığı gün kimi tarixdə qalacaq.

Müəllif: Ayna.az