“Yaxın həftələrdə Ukrayna torpaqlarında Avropa qoşunları olmayacaq”
Fransa Prezidenti Emmanuel Makron bildirib ki, Fransa və Böyük Britaniya Rusiya və Ukrayna arasında quru döyüşlərinin daxil edilməyəcəyi bir aylıq qismən atəşkəs ideyasını irəli sürüblər.
AYNA.AZ “Le Figaro”ya istinadən bildirir ki, Makron atəşkəsin yalnız havada, dənizdə döyüşlər və enerji infrastrukturu obyektlərinə hücumlara aid olduğunu izah edib. Onun sözlərinə görə, quru qoşunlarına nəzarət etmək çətindir, çünki bura məsafə baxımından geniş cəbhə xəttidir.
Makron sülhməramlı qüvvələrin daha sonra yerləşdirilə biləcəyini əlavə edib və deyib: “Yaxın həftələrdə Ukrayna torpaqlarında Avropa qoşunları olmayacaq”.
Prezident həmçinin təklif edib ki, Vaşinqtonun dəyişən prioritetlərinə və Rusiyanın artan hərbi gücünə cavab olaraq Avropa ölkələri müdafiə xərclərini ÜDM-in 3,0-3,5%-nə qədər artırmalıdır.