Peskov Finlandiya nümayəndəliklərinin hesablarının dondurulması qərarını şərh edib
“Finlandiyanın Rusiyadakı diplomatik nümayəndəliklərinin bank hesablarının dondurulması qərarı Qərbin qeyri-dost hərəkətlərinə cavabdır”. AYNA TASS-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Bu, Rusiya tərəfinin təşəbbüskar addımı deyil. Biz bir sıra kollektiv Qərb ölkələrinin hakimiyyətinin yaratdığı vəziyyətə, o cümlədən Finlandiyaya reaksiya veririk”, - Kreml sözçüsü bildirib.
Peskov qeyd edib ki, Moskva Qərb ölkələri ilə münasibətlərini qarşılıqlılıq və adekvat cavab prinsipi əsasında qurur. Onun sözlərinə görə, Rusiya tərəfinin Helsinki notasına reaksiyası Rusiya Federasiyasının mövqeyinin təkrarını ehtiva edəcək.
Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyi Finlandiyanı ölkədəki Rusiya daşınmaz əmlakının həbsinə qarşı cavab tədbirləri ilə bağlı xəbərdarlıq etmişdi. Nazirliyin məlumatına görə, aprelin ortalarında Finlandiyanın məhkəmə icraçıları xidməti Rusiya Elm və Mədəniyyət Mərkəzinin idarəsindəki torpaq sahəsi, onun üzərində yerləşən inzibati bina, habelə Helsinkidə bir neçə mənzilə həbs qoyub.
Rusiya səfirliyi Finlandiya Xarici İşlər Nazirliyinə nota göndərdikdən sonra torpaq sahəsinə və digər mülklərə qarşı qoyulan həbs aradan qaldırılıb. Lakin Rusiya tərəfi mənzillərlə bağlı izahat almayıb.