“Əsl Qarabağ danışıqları fevralda başlayacaq”

Siyasət

17.12.2020 - 23:27

Mehman Əliyev: “Rusiyanın maraqları ilə ziddiyyət təşkil edən Türkiyə amili, regionda Kremlin tarazlığı öz xeyrinə pozmaq istəməsinə qarşı mövcuddur

 

ATƏT-in Minsk Qrupu həmsədrlərinin Bakıya, daha sonra İrəvana səfəri, bu qrupdan qurtulmanın o qədər asan olmayacağını və hətta müəyyən dərəcədə qeyri-mümkün olacağını göstərir. Digər tərəfdən, İrəvanda onlar Ermənistanın ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqlara başlamağa hazır olduğu barədə mesajlar aldılar.

 

ATƏT-in Minsk Qrupunun rolu, Qərbin bölgədəki təsiri və Rusiya ilə Türkiyənin geosiyasətdə Qarabağla bağlı oynayacağı rollar barədə AYNA-nın suallarını “Turan” analitik informasiya agentliyinin rəhbəri Mehman Əliyev cavablandırıb.

 

- Bildiyiniz kimi, ATƏT-in Minsk Qrupu bu yaxınlarda Bakıda səfərdə idi. Qərb ölkələrinin Qarabağ münaqişəsinin həllində iştirakını necə görürsünüz? Azərbaycan və hətta Qərbin özü Qarabağ danışıqlarında iştirak etməkdə nə dərəcədə maraqlıdır?

 

- Əvvəla deməliyik ki, ATƏT-in Minsk Qrupundakı Qərb ölkələri artıq sentyabrın 27-də Qarabağda hərbi əməliyyatların başlayacağına hazır idi və onların səssiz razılığı görünürdü. Erməni tərəfi konstruktiv danışıqlar aparmadı, heç bir kompromisə getmədi. Üstəlik, İrəvan bu yaxınlarda mövqeyini sərtləşdirdi, bunu hansı səbəblərdən etdi - başqa bir sualdır. Lakin bütün bunlar həmsədr ölkələrinin maraqlarına cavab vermirdi və bu səbəbdən də Azərbaycan sülhə vadaretməni təmin etmək üçün kart-blanşdan istifadə etdi. Əvvəlcə ortada xalqları sülhə hazırlamaq üçün bir plan var idi ki, sonradan başqa bir planla - “sülhə vadar etmək əməliyyatı” ilə əvəz olundu. Söhbət Ermənistan rəhbərliyinin istəməməsi və bu halda, ümumilikdə xalqın güzəştə getməyə hazır olmasından getmirdi. Erməni cəmiyyəti bütövlükdə heç bir güzəştə getmək istəmirdi. Bu səbəbdən, əməliyyat dəqiq bir şəkildə erməni icmasının onu sülh danışıqlarına və güzəştlərə məcbur etmək üçün bu fikrinə qarşı yönəldilmişdi.

Mehman Əliyev həbsdən azad edilir

Düşünürəm ki, əsl danışıqlar fevral ayından başlayacaq. ATƏT-in Minsk Qrupunun indi Bakıya gələrək, sonra İrəvana uçması onların Azərbaycan və Ermənistanın mövqelərini dəqiqləşdirdikləri anlamına gəlir. Fevral ayından təkliflərini hazırlayacaqlar. Niyə fevral? Çünki yeni il tətilləri gəlir, ABŞ-ın yeni rəhbərliyi də 20 yanvardan sonra işə başlayacaq. Ona görə də yeni danışıqların fevral ayında başlayacağını düşünürəm. Fikrimcə, bu qrupa müəyyən iradlarımız olmasına baxmayaraq, biz çoxvektorlu siyasət yürüdürük və ona görə də düşünürəm ki, ATƏT-in Minsk Qrupu çərçivəsində aparılacaq danışıqlarda Azərbaycan maraqlıdır. Prezidentin özünün də dediyi kimi, indi yeni bir status-kvo var və bu, sonrakı danışıqlarda nəzərə alınacaq. Gələcəyə baxanda vəziyyət pis deyil.

 

- Amma gördüyümüz kimi, Azərbaycan Prezidenti ATƏT-in Minsk Qrupu həmsədrləri ilə sərt danışdı, açıq şəkildə Azərbaycanın onları dəvət etmədiyini söylədi. Digər tərəfdən, bölgədə onsuz da Türkiyə və Rusiyanın amili varsa, bu ölkələrlə indi nədən danışa bilərik? Eyni zamanda, Azərbaycan özü rəsmi olaraq Qarabağ münaqişəsinin həll olunduğunu və artıq mövcud olmadığını bəyan edir.

 

- Qarabağ münaqişəsi tam həll olunmayıb. Çünki hazırda Xankəndiyə və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin 2/3 hissəsinə nəzarət etmirik. Buna görə də münaqişənin tamamilə həll olunduğunu deyə bilmərik. İndi orada qarşılarında barışı müəyyənləşdirmək və qorumaq vəzifələri duran müvəqqəti bir statusa sahib olan sülhməramlılar var. Buna görə də məsələ hələ də öz siyasi həllini tapmalıdır.

 

Türkiyə danışıqlarda iştirak edə bilməz, çünki Ermənistan buna qarşı çıxır və ATƏT-in Minsk Qrupu formatını dəstəkləyir. Bu, mənim şəxsi fikrimdir: bu hərbi əməliyyatın, demək olar ki, bütün münaqişə tərəflərinin razılığı ilə mümkün olması qənaətindəyəm. Məncə, ABŞ, Fransa, Avropa İttifaqı bu razılığı verməsəydi, hərbi əməliyyat mümkün olmazdı. Bunun qarşısını almaq üçün kifayət qədər təzyiq mexanizmləri və alətləri var, lakin Qərb real bir addım atmadı.

 

Azərbaycan Prezidentinin ATƏT-in Minsk Qrupunun nümayəndələri ilə sərt danışmasına gəlincə, bu, ilk növbədə Ermənistana və bir az da daxili auditoriyaya bir mesajdır. İndi Bakının mövqeyi budur ki, status-kvo dəyişib və Azərbaycan heç bir statusdan danışmayacaq, Ermənistan isə Qarabağın beynəlxalq səviyyədə tanınmasını müzakirə etmək lazım olduğunu söyləyir. Yəni bu münaqişənin həlli ilə bağlı iki həddindən artıq əks baxışımız var, yəni “sizi dəvət etmədik” və “Qarabağ müstəqil olmalıdır” arasında, tutaq ki, hansısa bir muxtariyyat statusu kimi bir kompromis tapılmalıdır. Burada başqa bir seçim görmürəm.

 

- Ancaq Fransa hökumətinin və Senatının mövqeyini görürük. Onlar necə vasitəçi ola bilərlər?

 

- Fransa Parlamenti bizim Milli Məclislə, təxminən eynidir, yəni heç bir şeyə təsir edə bilmir. Fransa xarici siyasəti məsələlərində əsas söz sahibi bu ölkənin Prezidentidir. Bu halda, Senatın istənilən qərarı yalnız tövsiyyə xarakterli ola bilər. Burada Senat tərəfindən qətnamənin atəşkəs qərarı alındıqdan sonra qəbul edilməsinə diqqət yetirmək lazımdır. İlk növbədə fransızların bu addımı vəziyyətə nəzarət etdiklərini və vəziyyətin daha da inkişafına imkan verməyəcəklərini göstərmək istədiklərinə yönəlmişdi. Bu qətnamə danışıqlara dəvətdir. Əslində Fransa müharibə əsnasında bizə xüsusi bir müdaxilə etmədi, amma indi siyasi müstəviyə keçmələri lazım olduğuna qərar veriblər.

 

- Bəs Fransa Prezidentinin müharibə zamanı verdiyi açıqlamaları necə şərh edərdiniz? Bizə təzyiq göstərməyə çalışmadılar?

 

- İstəsəydilər, Qarabağın tanınması ilə bağlı bir qərar verə bilərdilər və bir çox başqa qərarlar qəbul edərdilər, ancaq tərəfləri döyüşməməyə çağırmaq xaricində heç bir şey etmədilər və Senat qətnaməni qəbul edərkən, müharibəni dayandırmaq qərarı artıq verilmişdi. Əlavə edilməlidir ki, bu qətnamə birdən-birə Rusiyanın tamamilə öz maraqları naminə qərar vermək istəməsinə qarşı da bir mesajıdır. Buna görə fransızlar “Domokl qılıncını” asdılar.

 

- Rusiya onsuz da bölgədədirsə və artıq sülhməramlı qüvvələrini yerləşdiribsə və indi vəziyyəti həqiqətən nəzarətdə saxlayırsa, bu qərar nə qədər təsirli hesab edilə bilər?

 

- Rusiya indi Avropa İttifaqı və ABŞ-ın səssiz razılığı ilə bölgədədir - onlar bu mövzuda açıqlamalar verərək, rus qoşunlarının bu girişini alqışlayırlar. Başqa həmsədrlərin heç birinin qoşun göndərə bilməsi imkanının olmaması başa düşülməlidir. Avropalıların və ya amerikalıların əsgər göndərməsi üçün Konqresdə, parlamentlərdə və s. müzakirələrə ehtiyac var. Bu, uzun bir müddətdir. Bunu sürətli bir şəkildə bacaran yeganə ölkə Rusiya idi və digər ATƏT-in Minsk Qrupu həmsədr ölkələrinin razılıqlarını aldı. Vaxt keçdikcə Rusiyanın sülhməramlı formatının ATƏT-ə transformasiya ediləcəyi və digər ölkələr tərəfindən də qarışıdırılacağı başqa bir məsələdir.

 

- Bəs Türkiyə faktoru?

 

- Rusiyanın maraqları ilə ziddiyyət təşkil edən türk amili, regionda Kremlin birdən tarazlığı öz xeyrinə pozmaq istəməsinə qarşı yaranıb. Unutmamalıyıq ki, Türkiyə NATO ölkəsidir və bu bölgədə Rusiya üçün çəkindirici rol oynayır. Türkiyə və Fransa, Rusiyanın birdən-birə sülhməramlı missiyanı daimi əsasda hərbi bazaya çevirmək qərarına gəlməməsi üçün onun fəaliyyət çərçivəsini müəyyən etdi.

Müəllif: Nicat Hacıyev