Ermənistan üçün yeni xilas imkanı: “Top” İrəvandadır

Siyasət

15.12.2020 - 13:29

Zaur Məmmədov: “Türkiyə lideri Ermənistan hakimiyyətinə mesaj verdi və indi İrəvanın qarşısında iki seçim var”

 

Elxan Şahinoğlu: “Bu gün erməni siyasətçiləri və cəmiyyəti revanş əhval-ruhiyyəsindədir, ona görə Ermənistanın sözügedən ideyanı tez zamanda dəstəkləyəcəyinə inam azdır”

 

“Qardaşım İlham Əliyev platforma məsələsinə toxundu, “lazım gələrsə, altılı bir platforma da yarada bilərik” - dedi. Sözün düzü, mən də buna böyük önəm verirəm. Bunu cənab Putin də qəbul etdi. O altılı platforma nədir: Rusiya, Türkiyə, Azərbaycan, İran, Gürcüstan və əgər qəbul edib əməl edərsə, Ermənistan da bu platformada yer ala bilər. Beləliklə, altılı platforma ilə regional sülhün formalaşdırılması nəzərdə tutulur”.

 

Bu sözləri Azərbaycana səfəri zamanı, Prezident İlham Əliyevlə görüşdən sonra mətbuata açıqladığı bəyanatında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səsləndirdi. Bildirdi ki, regional sülhün bu bölgədəki ölkələrə gətirdiyi vəzifələr var: “Bu vəzifələrə infrastruktur, siyasi, diplomatik bir çox məsələlər daxildir. Bu gün də qardaşıma dedim, əgər bu məsələdə müsbət addımlar atıldığı təqdirdə biz də bağlı olan qapılarımızı açarıq. Amma yetər ki, bu müsbət addımlar atılsın. Bizim də qapılarımızı Ermənistanın üzünə bağlamaq kimi bir dərdimiz yoxdur. Çünki biz sülhün göyərçinləri olmaq istəyirik, sülh addımları atmaq istəyirik. Üstəlik, bizim Ermənistan xalqına bir kinimiz yoxdur. Problem Ermənistanın hakimiyyəti ilədir. Mənim ölkəmdə yüz mindən çox erməni var. Bunların arasında vətəndaşlıq hüququnu əldə edəni də var, əldə etməyəni də var. Amma biz onları da ölkəmizdə qonaq qəbul edirik. Niyə? Çünki bizim insanlara qarşı heç bir kinimiz yoxdur. Məqsəd xüsusilə bu sülhü formalaşdırmaq, möhkəmləndirməkdir. Addımlarımızı da buna görə atmalıyıq”.

Zaur Məmmədov: Azərbaycanın növbəti peykinin orbitə buraxılması ölkəmizə  mühüm üstünlüklər verəcək - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya  Agentliyi

Altılıq platforması ideyasını AYNA-ya şərh edən Bakı Politoloqlar Klubunun rəhbəri, analitik Zaur Məmmədov hesab edir ki, belə bir platformanın yaradılması mümkündür: “Azərbaycan Qarabağı işğaldan azad etdikdən sonra Cənubi Qafqazda Rusiya, Türkiyə və Azərbaycanın başçılığı altında yeni siyasi və iqtisadi platforma ideyası meydana gəlib. Qarabağ münaqişəsinin həll edilməsi regionda yeni reallıqlar yaratdı. Bundan sonra Rusiya ilə Türkiyə arasında ticarət dövriyyəsi də artacaq. Artıq bu iki ölkənin ticarət əlaqəsi Azərbaycan ərazisindən, Azərbaycandan Naxçıvana quru yolunun bərpası ilə həyata keçiriləcək. Eyni zamanda, bu ölkələr Şərq-Qərb və Şimal-Cənub platformalarında yer alacaq”.

 

Politoloqun fikrincə, hər bir halda Ermənistan da bu ticaarət əməkdaşlığında rol ala bilər: “Rusiya-Türkiyə ticarət əməkdaşlığında Ermənistanın öz ərazisi vasitəsilə iştirak etməsi mümkündür. Amma bu, o halda mümkün və real ola bilər ki, Ermənistan konstruktiv mövqe sərgiləsin. Yəni, Ermənistan Azərbaycana və Türkiyəyə ərazi iddialarından, qondarma “soyqırımı” iddialarından birdəfəlik əl çəkməlidir. Rəsmi İrəvan tərəfindən bu, bəyan olunmalıdır, münasibətlərin normallaşmasını səmimi qəbul etməlidirlər. O zaman Ermənistan iqtisadi inteqrasiyaya qoşula bilər. Bu halda, Ermənistanın platformada yer almasında problem olmayacaq”.

 

“Nə qədər ki, Ermənistan 30 ildir tutduğu yoldan çəkilməyəcək, ərazi iddialarını yenə irəli sürəcək, belə böyük platformalarda yer alması mümkün deyil. Bu gün Ermənistanda Qarabağla bağlı, onun statusu barədə absurd fikirlər eşidirik. Belə davam edərsə, əlbəttə, Azərbaycanla Ermənistanın münasibətləri düzəlməyəcək, Türkiyə də Ermənistanla sərhədlərini açmayacaq”, - Məmmədov əlavə edib.

 

Politoloqun sözlərinə görə, Türkiyə lideri Bakıda paradda da, Azərbaycan Prezidenti ilə görüşdən sonra mətbuata birgə bəyanatında da Ermənistan hakimiyyətinə, Ermənistanın siyasi elitasına mesaj verdi: “Ermənistanın qarşısında iki seçim var: ya Qarabağ problemini həmişəlik unudur, ərazi iddialarından əl çəkir, separatizm meyllərindən yayınır və normal qonşuluq münasibətləri ilə iqtisadi layihələrdə iştirak edir, ya da ki, əvvəlki separatçı, təxribatçı siyasətini davam etdirir və bölgədə gedən inkişafdan kənarda qalır. İndi Ermənistan hakimiyyəti, siyasi elitası, cəmiyyəti düşünməlidir: hansı yolu seçsinlər? Birinci yol Ermənistan üçün daha perspektivlidir. İkinci yol isə Ermənistanın ümumiyyətlə dövlətçiliyinin məhvi deməkdir”.

 

Müsahibimiz paradda Zəngəzur, İrəvan və Göyçə məsələsi ilə bağlı Azərbaycan lideri tərəfindən səslənən fikirlərə də diqqət çəkib: “Bunlar da kifayət qədər ciddi idi. Ermənistan unutmasın ki, o ərazilər Azərbaycanın tarixi torpaqlarıdır, zamanında SSRİ tərəfindən heç bir əsas olmadan, Azərbaycanın icazəsi olmadan onlara bəxş edilib. Yəni, demək istəyirəm ki, “top” Ermənistandadır. Onlar yaxşı düşünüb, gözəl gələcəkləri üçün, inkişafları üçün ağıllı qərar verməlidirlər”.

Elxan Şahinoğlu: “İran nüvə silahı əldə etmək istəmir”

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu AYNA-ya şərhində qeyd edib ki, Türkiyə Prezidentinin 6 ölkədən ibarət əməkdaşlıq formatının yaradılması ideyası region üçün faydalıdır: “Azərbaycan və Türkiyə qalibdir və qalib kimi böyüklük göstərib Ermənistana əl uzadırlar, təklif edirlər ki, iki ölkəyə qarşı ərazi iddiasından əl çək və sən də əməkdaşlıq formatına qatıl. Ermənistan rəhbərliyinin, siyasi elitasının və cəmiyyətinin bu ideya ilə bağlı fikrinin nə olduğunu demək çətindir. Çünki bu millət arxadan zərbə vurmaqda mahirdir. Düzdür, Ermənistanda müharibədən sonra Azərbaycan və Türkiyə ilə əməkdaşlığın faydaları haqqında söhbətlər gedir. Amma unutmaq olmaz ki, bu gün erməni siyasətçiləri və cəmiyyəti revanş əhval-ruhiyyəsindədir. Bu baxımdan, Ermənistanın sözügedən ideyanı tez zamanda dəstəkləyəcəyinə inam azdır”.

 

“Əməkdaşlıq formatında 4 ölkənin – Azərbaycanın, Türkiyənin, Rusiyanın və İranın iştirak edəcəyi ehtimalı yüksəkdir. Ermənistanla yanaşı, Gürcüstanın da platformaya qoşulması sual altındadır. Gürcüstanın haqqında danışılan formata qatılması üçün Rusiyanın işğal etdiyi Abxaziya və Cənubi Osetiyadan vaz keçməsi lazımdır. Rusiya isə 6 ölkənin əməkdaşlıq formatı naminə Abxaziyanı və Cənubi Osetiyanı Gürcüstana qaytarmayacaq. Gürcüstanın da işğala göz yumub, Rusiyanın yer alacağı formatda iştirak edəcəyi şübhəlidir”, - Şahinoğlu qeyd edib.

 

Analitik onu da əlavə edib ki, Ermənistan və Gürcüstan kənarda qalsa da, altılı yox, dördlü formatda – Türkiyə, Azərbaycan, Rusiya və İran əsasında əməkdaşlıq platforması yaradıla bilər: “Platformanın bu formatda yaradılması, ortaq layihələrin reallaşdırılması mümkündür. Təsadüfi deyil ki, Ərdoğan rusiyalı həmkarı Putinin ünvanına bir neçə dəfə xoş söz dedi. Deməli, Ərdoğan məlum təklifi Putinlə müzakirə edib və müsbət cavab alıb. Ola bilər ki, Ermənistan və Gürcüstan qoşulmasa, dediyim kimi, dördlü formatda bu ideya reallaşsın”.

Müəllif: Anar Bayramoğlu