“Ermənistan bu günə qədər hansı qanunu sayıb ki?!” – <font color=red> Təxribat davam edir</font>

Siyasət

18.09.2020 - 13:38

Toğrul İsmayıl: “Xaricdən ermənilərin gətirilib Azərbaycan ərazilərində yerləşdirilməsini önləməyin ən asan yolu - ərazilərimizin işğaldan azad olunmasıdır”

 

Avqustun 4-də Livanın paytaxtı Beyrutda baş verən partlayışdan sonra bu ölkədə yaşayan ermənilərin Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərinə yerləşdirilməsi ilə bağlı məlumatlar və görüntülər yayılıb. Belə ki, avqustun 12-dən etibarən Livandan gələn ermənilərin ümumi sayı rəsmi olaraq dəqiq bilinməsə də, həm Ermənistan tərəfinin bəyanatları, həm də Azərbaycanın beynəlxalq platformalarda verdiyi şikayətlər əsasında, Livan ermənilərinin Dağlıq Qarabağ və Ermənistanın işğalı altında olan digər Azərbaycan ərazilərində məskunlaşdıqları bəlli olub.

 

AYNA-nın mövzu ətrafında suallarını Türkiyənin Kahramanmaraş Sütçü İmam Universitetinin professoru, siyasi şərhçi, həmyerlimiz Toğrul İsmayıl cavablandırıb.

 

- Ermənistan hakimiyyətinin Livan ermənilərini Dağlıq Qarabağ və Azərbaycanın digər işğal olunmuş ərazilərində yerləşdirməsi nə məna daşıyır?

 

- Bundan əvvəl də bu məsələ ilə bağlı, yəni Suriya ermənilərinin Azərbaycanın işğal olunmuş ərazilərinə yerləşdirilməsi və qeyri-qanuni fəaliyyətlər göstərməsi ilə bağlı iddialar var idi. Təbii ki, bunu müvafiq orqanlar daha dəqiq bilir. Lakin bu ərazilər nəzarətdən kənarda qalıb və beynəlxalq nümayəndələr də bu ərazilərə nəzarət etmirlər. Ona görə də işğal olunmuş ərazilərdə hər cür qeyri-qanuni işlər üçün münasib şərait var. Bununla yanaşı, son günlər Livan ermənilərinin də həmin ərazilərdə yerləşdirilməsi ilə bağlı məlumatlar var. Ki, bu da mümkündür. Əslində, isə bu, yeni bir məsələ deyil. Ermənilərin müxtəlif ərazilərdən gətirilib bu torpaqlara yerləşdirilməsi, hələ Sovet dövründə də var idi. Hətta, 1947-ci ildə SSRİ Nazirlər Komitəsinin qərarına əsasən, Ermənistanda yaşayan azərbaycanlılar köçürülmüş, onların yerinə isə Suriyadan, Livandan və Yaxın Şərq ölkələrindən, hətta, Avropadan ermənilər cəlb edilmişdi. Yəni, bunun tarixdə nümunəsi var deyə, indi də olma ehtimalı çox yüksəkdir. Məlum olduğu kimi, Suriyada keçirilən son əməliyyatlarda da erməni könüllülərinin PKK terror təşkilatı və onlara yaxın qruplarla əməkdaşlıq etdiklərini gördük. Yəni, Ermənistan terror dövləti olması ilə yanaşı, həm də terror qruplarına qucaq açır. Bir sözlə, Ermənistan bütün beynəlxalq hüquqlara zidd hərkət edərək, özünü terror dövləti kimi göstərir.

Toğrul İsmayıl: Milli Məclisin buraxılması qərarı Azərbaycandakı islahatlar  fonunda düşünülmüş addımdır

- Ermənistanın bu addımlarının beynəlxalq hüquqa zidd olmasına baxmayaraq, nə üçün qarşısı alınmır?

 

- Əlbəttə ki, ermənilərin köç prosesi beynəlxalq hüquqa ziddir. Çünki bu ərazilər mübahisəli ərazilərdir. Ona görə də bununla bağlı sülh və bu ərazilərdən köçürülmüş insanların öz yurdlarına qayıtmaları ilə bağlı danışıqlar gedir. Bu məsələlər də beynəlxalq hüquqla tənzimlənir və bu cür ərazilərə başqa ərazilərdən insanların köçürülməsi beynəlxalq hüquqa görə qeyri-qanunidir. Amma Ermənistan bu günə qədər hansı qanunu sayıb ki?! Birləşmiş Millətlər Təşkilatının (BMT) da qəbul etdiyi dörd qətnaməyə əsasən, Ermənistan işğal edilmiş ərazilərdən çəkilməlidir. Amma ermənilər bu qətnaməyə də məhəl qoymurlar. Əlbəttə ki, Azərbaycan beynəlxalq hüquq çərçivəsində bütün bunların qarşısını almaq üçün lazımi tədbirlər görməli, istər Avropa Şurası, istərsə də BMT çərçivəsində diplomatik fəaliyyətiləri daha da aktivləşdirməlidir.

 

- Azərbaycan-Türkiyə münasibətlərinin artan xətt üzrə inkişaf etməsini də nəzərə alsaq, Ermənistan bununla həm də Türkiyəni müharibəyə təhrik etmək istəyə bilər?

 

- Mən Ermənistanın Türkiyəyə nə müharibə, nə də təhrik gücündə olduğunu düşünürəm. Əlbəttə ki, Ermənistanın bu addımlarının arxasında müəyyən beynəlxalq güclər və xarici qüvvələr olmasa, bu addımları ata bilməz. Yəni, Ermənistan kimlərəsə arxayın olub hərəkət edir. Təbii ki, bu cür provokasiya xarakterli davranışlar yolverilməzdir. Mən Türkiyənin Ermənistanın bu addımlarını yaxından izlədiyini bilirəm və bu addımlara istər diplomatik, istərsə də hərbi yolla nəzarət edilir.

 

- Konkret olaraq, bu təxribatlarının qarşısını almaq üçün nə etmək lazımdır?

 

- Təbii ki, ilk növbədə işğal edilmiş ərazilərin işğalçılardan təmizlənməsi lazımdır və Azərbaycan Dağlıq Qarabağda öz haqqını bərpa etməlidir. Bunun ən asan və əsas yolu budur. Lakin son zamanlar regionda baş verən hadisələr, Türkiyə-Azərbaycan münasibətlərinin inkişaf etməsi də bu məsələdə öz sözünü deyir.

 

- Yəni, artan erməni təxribatları Türkiyə-Azərbaycan münasibətlərinin inkişaf etməsi ilə əlaqələlidir?

 

- Əslində, bunu tam olaraq Türkiyə-Azərbaycan münasibətlərinin inkişafı ilə ilə əlaqələndirmək doğru deyil. Çünki Ermənistan həmişə, hətta dövlət kimi ortaya çıxmamışdan əvvəl belə, başqalarının torpaqlarına göz dikib, ələ keçirmək istəyib və bu istiqamətdə iddialarını ortaya qoyub. Ermənistanın son illərdə Rusiya ilə yaxından əməkdaşlıq etməsi, Azərbaycan ərazisindəki seperatçı qrupları dəstəkləməsi, bununla yanaşı, Ukraynada Krıma, Orta Asiyada bəzi ərazilərə, hətta Rusiyada Rostov və Krasnodara iddia etməsi və hər daşın altında “qədim” erməni olduğunu demələri Ermənistan dövləti və erməni kilsəsinin təbliğat və təxribat üsullarından bir neçəsidir. Dünya dövlətləri isə, işlərinə yaradığı üçün, bu təbliğatı açıq şəkildə dəstəkləyir. Amma unutmaq lazım deyil ki, hər şeyin bir həddi və bir zamanı var. Təbii ki, bu cür xoşagəlməz davranışlar cəzasız qalmayacaq və istər beynəlxalq hüquq çərçivəsində, istərsə də digər şərtlər altında mütləq öz cəzasını tapacaq.

Müəllif: Mərahim Nəsib