Ermənistan Azərbaycanın “əlini gücləndirir” – <font color=red> DÖYÜŞƏ DAVAM</font>

Siyasət

02.10.2020 - 21:06

Elxan Şahinoğlu: “İrəvan atəşkəs təklifinə razılaşsa, amma Bakı razılaşmasa, Paşinyanın qorxaqlığı üzə çıxacaq və o da Bakının danışıqlara razı olmayacağını bilir”

 

Sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində başlayan və Azərbaycan Ordusunun gückü əks-hücum əməliyyatları ilə davam döyüşlər beynəlxalq aləmdə də diqqətlə izlənilir. Hadisələr fonunda, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Azərbaycan və Ermənistan rəhbərlərinin Moskvada görüşünü təşkil etməyə hazır olduqlarını açıqlayıb. Deyib ki, Dağlıq Qarabağdakı gərginliyə siyasi və diplomatik həll yolu tapılması üçün lazımi şərtləri təmin etmək üçün beynəlxalq səviyyədə ATƏT-in Minsk Qrupunun digər həmsədrləri ilə birlikdə vasitəçilik səylərini davam etdirəcəklər.

 

Lakin həm Azərbaycan, həm də Ermənistan tərəfi Lavrovun təklifini rədd edib. Belə ki, sentyabrın 30-da Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın sentyabrın 27-dən başlayan hərbi təxribatı zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşü zamanı Ermənistanın işğalçılıq siyasətinə son qoymalı olduğunu bir daha bəyan edib: “Bunun əvəzinə Ermənistanın Baş Naziri bizə qarşı şərtlər qoyur. Mən bir müddət bundan əvvəl demişdim ki, biz bu şərtləri rədd edirik. Bizim bir şərtimiz var - torpaqlarımızdan qeyd-şərtsiz, tam və dərhal çıxıb rədd olmalıdırlar. Bu şərtim qüvvədədir və əgər bu şərtimə Ermənistan hökuməti əməl edərsə, döyüşlər dayanacaq, qan tökülməyəcək, sülh olacaq, bizim bölgəmizə sülh gələcək. Mən demişdim ki, Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq. Demişdim ki, əgər məsələ danışıqlar yolu ilə həll olunmazsa, Azərbaycanın tam haqqı var ki, məsələ hərbi yolla öz həllini tapsın. Bu haqqı bizə Azərbaycan xalqı verib, bu haqqı bizə beynəlxalq hüquq normaları verib”.

 

Almaniyanın nüfuzlu “Alman dalğası” televiziyası isə işğalçı ölkənin hökumət başçısının Rusiya XİN rəhbərinin təklifinə cavab olan açıqlamasını yayıb. Açıqlamada Paşinyan da danışıqların hələ masada olmadığını söyləyib: “Güclü hərbi əməliyyatlar zamanı Ermənistan, Azərbaycan və Rusiya arasında zirvə görüşündən danışmaq o qədər də uyğun deyil. Danışıqlar üçün daha uyğun bir atmosfer və şərtlərə ehtiyac var”.

 

Həmçinin, sözügedən televiziyada separatçı, qondarma rejimin lideri Arayik Harutunyanın da açıqlaması yer alıb. Açıqlamada separatçıların uzunmüddətli müharibəyə hazırlaşmaları ilə bağlı məlumat verilib.

 

Beləliklə, həm Ermənistan rəhbərliyinin, həm də separatçı rejimin Rusiyanın təklifini rədd etməsi və danışıqlardan imtina etdiyini göstərən təxribatları düşmən ölkənin niyyətindən açıq-aşkar xəbər verir.

 

Mövcud durumu AYNA-ya şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da hesab edir ki, hazırda danışıqların vaxtı deyil: “Çünki Azərbaycan hələ öz hədəflərinə çatmalıdır. İndi biz danışıqlara getsək, yenə də məcburi şəkildə atəşkəs elan olunacaq və məsələ də öz həllini tapmayacaq. Ona görə də, yaxşı ki, elə Paşinyan bu təklifdən imtina edib”.

Баку следует воспользоваться тактикой 2011 года - Minval.az

“Əslində, Paşinyan bu təklifdən zəif görünməmək üçün imtina edib. Onsuz da Paşinyan artıq Rusiyaya az qala yalvarır ki, bu əməliyyatlar dayansın. Artıq iki dəfə Rusiya Prezidenti Vladimir Putinə Azərbaycan və Türkiyəyə təzyiq edilməsi ilə bağlı zəng edib. Hətta, Rusiyanın Ermənistandakı hərbi bazalarından istifadə edə biləcəkləri ilə bağlı açıqlama da verib. Təbii ki, bu da başqa bir cəfəngiyyatdır. Çünki Rusiyanın icazəsi olmadan Rusiya hərbi bazalarından istifadə edə bilməzlər. Rusiya isə indiki məqamda buna icazə verməz. Çünki belə bir icazə versə, Azərbaycan və Türkiyə ilə münasibətləri gərginləşdirmiş olacaq. Azərbaycan və Türkiyə ilə Rusiyanın hazırda müəyyən tərəfdaşlıq münasibətləri və iqtisadi, regional layihələri var. Yəni, sırf Ermənistana və Qarabağ münaqişəsinə görə Rusiya bu addımı atmaz”, - müsahibimiz deyib.

 

Şahinoğlu son günlər Rusiyanın təsir və təzyiqlərinin artmasına da münasibət bildirib: “Təbii ki, belə təzyiqlər olacaq. Sadəcə, bizim bu təklifləri qəbul etmək zamanımız deyil. Əgər Rusiyadan, yaxud digər dövlətlərdən təzyiqlər olacaqsa, Türkiyə ilə hərbi müttəfiqlik bizə yenə də kömək olacaq ki, bu təzyiqləri neytrallaşdıra bilək. Türkiyə də bu təzyiqləri neytrallaşdıra bilir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisindəki (TBMM) son çıxışında da Azərbaycana hər cür dəstəyin veriləcəyini və atəşkəs zamanı olmadığını bildirdi”.

 

“Lakin bir müsbət tendensiya var ki, birinci gün bu döyüşlər dünya mətbuatının əsas xəbəri idisə, artıq adiləşib. Bizə də məsələnin adiləşməsi lazımdır ki, heç kim bizə mane olmasın. Yəni bizə dəstək lazım deyil, əsas odur ki, bu prosesi yekunlaşdırmaq üçün bizə mane olmasınlar. Bizim sadə bir şərtimiz var ki, Ermənistan qoşunları işğal altında olan torpaqları tərk etsin. Bu şərtlə razıdırlarsa, elə bu saat atəşkəs elan etmək olar. Amma aydındır ki, Ermənistan hakimiyyəti indiki vəziyyətdə bu şərti qəbul etməyəcək. Demək, döyüşlər də bir müddət davam edəcək”, - siyasi şərhçi vurğulayıb.

 

O, Paşinyanın Rusiyadan kömək istəməsinə rəğmən, Lavrovun təklifindən imtina etməsinə də toxunub: “Əslində, burada ziddiyyətli bir məqam yoxdur. Sadəcə olaraq, Paşinyan bu təkliflə razılaşsa, amma biz razılaşmasaq, Paşinyanın zəifliyi və qorxaqlığı üzə çıxacaq. Paşinyan da hiyləgər olduğu üçün bizim danışıqlara razı olmayacağımızı bilir. Məsələn, hələ KTMT-yə də müraciət etməyiblər. Çünki oradan da müsbət cavab almayacaqlarını bilirlər. Ona görə də zəif görünmək istəmirlər. Əsas səbəb də budur”.

 

Politoloqun fikrincə, Paşinyanın anlamadığı bir məqam var ki, bu da Türkiyənin artıq bölgədə mövcudluğudur: “4 il bundan əvvəl Türkiyə bölgədə yox idi, amma indi Türkiyə Azərbaycan vasitəsiylə Cənubi Qafqazda möhkəmlənib və Cənubi Qafqazdan çıxmayacaq. Rusiya da artıq bu amili nəzərə almağa başlayıb. Təsadüfi deyil ki, bu günlərdə Rusiya Xarici İşlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə telefon vasitəsi ilə əlaqə saxlayıb. Demək, Türkiyə faktoru nəzərə alınır ki, Rusiya Türkiyə ilə hesablaşmaq məcburiyyətindədir”.

 

“Ona görə də biz nə zaman danışıqlar masasına otursaq, mütləq Türkiyə də oturmalıdır. Necə ki, Suriya və Liviyada Türkiyə ilə Rusiya arasında təmas var, eyni ilə Cənubi Qafqazda da bu formul ortaya qoyulmalıdır. Biz 27 ildir ki, bu günü gözləyirdik. Ki, mənasız danışıqlara yekun vurub torpaqlarımızı azad edək. Düzdür, itkilərimiz və şəhidlərimiz var, amma başqa alternativimiz də yoxdur. Bütün imkanlar da indi bizim xeyrimizədir. Heç kim və heç nə bizə uğurlu əməliyyatlarıımızı davam etdirməyə mane olmur”, - ekspert fkrini yekunlaşdırıb.

Müəllif: Mərahim Nəsib