“Ermənilər böyük fürsəti qaçırdılar, indi ya bizim təklifi qəbul etməlidirlər, ya da...”

Aktual

09.08.2022 - 10:19

Zərdüşt Əlizadə: “Qarabağdakı separatçı ünsürləri nə adam yerinə sayan var, nə də onların iddialarının hansısa əhəmiyyəti”

Erməni ictimai fəal, sülh təşəbbüsləri ilə tanınan İşxan Verdyan Azərbaycan Prezidenti İlham Əliyevə müraciət hazırlayıb və Azərbaycan vətəndaşı olmaq istədiyini deyib. Verdyan həmin müraciəti Ermənistan vətəndaşlarına da ünvanlayıb: “Hörmətli xalqım, Ermənistan vətəndaşları! Mən həmişə demişəm ki, Qarabağ Azərbaycandır, bunu beynəlxalq hüquqla əsaslandırmışam. Ermənilərin heç biri mənim bu fikrimi heç vaxt təkzib etməyiblər, heç kim mənimlə bu mövzuda debata girməyib, heç kim qanuni olaraq mənim haqsız olduğumu sübut edə bilməyib”.

O, Ermənistanın artıq beynəlxalq hüquqa hörmət etməyə başlamalı olduğunu qeyd edib və bildirib ki, ölkə sivil inkişaf kursunu müəyyənləşdirib: “Həmişə demişəm ki, Ermənistana getməyən və Qarabağda qalan ermənilər Azərbaycan vətəndaşlığını alıb Azərbaycan cəmiyyətinin bir hissəsinə çevrilməli olacaqlar. Və fikrimi dəyişmirəm... Göstərmək istəyirəm ki, ermənilər Qarabağda təhlükəsiz və hətta gözəl şəkildə yaşaya bilərlər. Bunu nəzərə alaraq Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edirəm: Hörmətli cənab Prezident, Sizdən xahiş edirəm ki, mənə Azərbaycan vətəndaşlığı və Xankəndidə yaşayıb işləməyə icazə verəsiniz”.

Verdyan vurğulayıb ki, Qarabağın erməni millətindən olan sakinlərinin dəfələrlə hüquqları mövzusunu qaldırıb: “Müəyyən şəraitə görə Xankəndidə qalacaq insanlar təbəqəsi var. Bəzilərinin atıb getmək istəmədiyi işi və ya mülkü var. Digərləri səhhətinə görə gedə bilməyəcəklər. Başqalarının sadəcə getməyə yerləri yoxdur”.

İctimai fəal ona mənfi münasibət bəsləyənlərin Xankəndidə, Azərbaycanda yaşamaq istəməyəcəklərini söyləyib: “Əminəm ki, onlar ya Ermənistana, ya Rusiyaya, ya da başqa yerə köçəcəklər. Onlara belə bir fürsət veriləcək və onlar öz istəkləri ilə Azərbaycanı tərk edəcəklər. Xankəndi həyat üçün təhlükəsiz şəhərə çevriləcək. Mən demirəm ki, bu, indi baş verəcək, amma olacaq və nə qədər lazımdırsa, gözləməyə hazıram”.

Verdyandan sonra daha bir erməni fəal vətəndaşlıq üçün Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edib. Vaqe Qambaryan adlı erməni videomüraciətində deyib: “Axşamınız xeyir, çox hörmətli cənab İlham Əliyev. Mən Ermənistan vətəndaşıyam. Ermənistan vətəndaşlığından imtina etmək istəyirəm. Sizdən xahiş edirəm ki, mənə Azərbaycan vətəndaşlığı verəsiniz ki, mən Bakıya səfər edim, qohumlarımı və sevdiyim insanları görə bilim. Mən gələcəkdə Xankəndidə yaşamaq istəyirəm. Əvvəlcədən minnətdarlığımı bildirirəm. Mən Azərbaycan xalqını sevirəm, hörmət edirəm və qiymətləndirirəm”.

Düzdür, hələ Vətən müharibəsindən əvvəl də müəyyən ermənilər zaman-zaman Azərbaycanla bağlı fərqli fikirlər səsləndiriblər, sülh təşəbbüsü ilə çıxış ediblər. Həmin vaxtlar Azərbaycan əraziləri işğal altında idi deyə, bu cür təşəbbüslərin gerçəkləşməsi mümkün deyildi. İndi isə vəziyyət dəyişib: Azərbaycan işğal olunan ərazilərinin 80 faizini azad edib, yerdə qalan ərazilərdə isə erməni terror qruplaşmaları hələlik qalmaqdadır. Həmin qanunsuz silahlı birləşmələrin sülhə mane olduğu haqqında erməni və azərbaycanlı ekspertlər fikirlər səsləndirirlər.

Bir çox ekspertlər Azərbaycanın Qarabağdakı erməni əhalisinin vətəndaşlıq istəyi ilə bağlı prosesin başladığını düşünürlər. Politoloq Zərdüşt Əlizadə də hesab edir ki, vətəndaşlıq müraciətləri edənlərin sayı çoxalacaq. Analitik AYNA-ya müsahibəsində bildirib ki, İkinci Qarabağ müharibəsi Azərbaycanın qələbəsi ilə bitsə də, münaqişə bitməmiş sayılır:

- Azərbaycan işğal olunan ərazilərini azad edib. İşğalda olan ərazilərin 20 faizi yenə də işğaldadır. Çünki orada öz maraqları naminə Qarabağ ermənilərinə qənim kəsilən separatçılar mövcuddur. Onlar imkan vermirlər ki, münaqişə həllini tapsın. Müharibə iki ilə yaxındır bitib, amma həll olunmalı olan, amma həll edilməyən məsələlər var. Hesab edirəm ki, Qarabağ erməniləri ilə əlaqələr qurmaq lazımdır. Onları başa salmaq lazımdır ki, sülhdən başqa yol yoxdur. Nəzərə almaq lazımdır ki, Ermənistanla Azərbaycan arasında hələ də sülh müqaviləsi imzalanmayıb. Müqavilənin imzalanması üçün erməni əhali ilə əlaqələr qurmaq, dostluq mesajları vermək lazımdır ki, sülhə qarşı çıxanları ermənilərin özləri cəzalandırsınlar. Media bu məsələlərdə təbliğatı gücləndirməlidir. “Asmaq lazımdır”, “erməniləri rədd eləmək lazımdır” təbliğatı mənfi nəticələr verir. Mən Qarabağdakı erməni separatçılarını demirəm, müharibə istəməyən insanları nəzərdə tuturam. Onlara başa salmaq lazımdır ki, bizdən Azərbaycanın dinc erməni sakinlərinə yox, Azərbaycan ərazisindəki qanunsuz silahlı dəstəyə barmaq silkələnir.

- Sizcə, Qarabağ ermənilərinin reallığı dərk etməsi prosesi başlayıbmı?

- Yenə deyirəm, gələcək sülh üçün Qarabağ erməniləri ilə danışmağın və onlara başa salmağın vaxtıdır ki, ölkəmizin vətəndaşılarıdır, bəzi səlahiyyətlərdən istifadə edə biləcəklər, bəzi vəzifələri var və s. Bu, vacibdir. Deyirsiniz ki, erməni fəallar vətəndaşlıq üçün müraciət edirlər. Təsəvvür edin ki, vaxtilə Ermənistanda satqın, marginal hesab olunan hüquq müdafiəçisi Georgi Vanyanın fikirlərini indi Ermənistanın rəhbərliyi səsləndirir. Etiraf edirlər ki, artıq siyasi gerçəkliyi, beynəlxalq hüququ tanımalı, Azərbaycanın ərazi bütövlüyünü qəbul etməlidirlər. Bu, o deməkdir ki, əlbəttə, reallığı ermənilər qəbul etmək prosesindədirlər.

- Yəni ki, vətəndaş olmaq istəyənlərin sayı çıxalacaq?

- Baxın, müharibədən əvvəl biz Qarabağdakı ermənilərə ən yüksək muxtariyyət verməyə hazır idik. Ancaq ermənilər bunu qəbul etmədilər. Ağılsızlıq etdilər, şanslarını itirdilər. O mənada ki, yeni müharibə oldu, Azərbaycan qələbə qazandı. İndi qalib gələn Azərbaycan deyir ki, biz ərazimizdə olan ermənilərə sadəcə Azərbaycan vətəndaşı statusu verməyə hazırıq. Azərbaycan vətəndaşlarının istifadə etdiyi hüquqdan buyurub istifadə etsinlər. Ermənilər də bununla razılaşmalıdır. Onların başqa yolları yoxdur.

Bu gün sülh müqaviləsinin olması Ermənistana daha çox lazımdır. Çünki zəif tərəf odur. Ermənistan öz mövqeyini hansısa sənədlə təsdiqləməlidir. Azərbaycan tərəfi açıq bildirməsə də, ictimai rəydə belə fikirlər səslənir ki, Ermənistanın Qarabağa iddiası olduğu kimi, bizim də Zəngəzura iddiamız var və bu ərazilər bizim tarixi torpağımızdır. Belə iddialar ilk olaraq iqtisadi və hərbi baxımdan zəif Ermənistana xeyirli deyil. Çünki beynəlxalq hüquq güclü dövlətlərə deyil, zəif dövlətlərə lazımdır. Ona görə də özlərinin xilası üçün konstruktiv addımlar atmalıdırlar – həm rəsmi səviyyədə, həm də cəmiyyət səviyyəsində.

- Amma separatçı-terrorçular iddialarını davam etdirirlər…

- Siz elə bilirsiniz ki, Qarabağdakı Arutunyanla, Balasanyanla, Beqlaryanla, digər ünsürlərlə hesablaşan var? Onları sayan, fikirlərini nəzərə alan varmı? Yoxdur! Onların pulu, hərbi qüvvəsi varmı? Yoxdur! Beynəlxalq statusu varmı? Yoxdur! Bu ünsürlər arada bir Moskvaya gedir, beşinci dərəcəli hansısa məxluqla görüşüb qayıdırlar. Hər kəs, özləri də bilirlər ki, onlardan alət kimi istifadə edilir, başqa heç nə! Bu baxımdan, həmin ünsürlərin iddialarının heç bir əhəmiyyəti yoxdur. Zamanı gəldiyində tarixin zibilliyinə yuvarlanacaqlar.

Müəllif: Anar Bayramoğlu