Erməni deputat: “Paşinyanı tanıyıram, öz xoşuna istefa verməyəcək”

Dünya

09.12.2020 - 15:41

Naira Zöhrabyan: “Müxalifət qanunla icazə verilən bütün etiraz vasitələrindən istifadə edəcək”

 

Ermənistan Parlamentinin "Çiçəklənən Ermənistan" fraksiyasından olan deputatı Naira Zöhrabyana müxalifətin etiraz aksiyalarını davam etdirəcəyini deyib. AYNA erməni mediasına istinadən xəbər verir ki, deputat Baş Nazir Nikol Paşinyanı tənqid edərək, onun kimi bir şəxsin könüllü olaraq istefa verməyəcəyini bildirib.

 

“Mövcud hökumət vətəndaşlarının mənafelərini qorumaqda tamamilə acizdir. Bu gün heç bir dövlət orqanı əsirlərin mübadiləsinə dair danışıqlarda iştirak etmir. Nələrin baş verdiyini anlamaq üçün rus sülhməramlıları ilə əlaqə qurmalıyıq”, - deyə Zöhrabyan vurğulayıb.

 

Deputatın sözlərinə görə, Paşinyanı çox yaxşı tanıyır: “Təxminən 20 il əvvəl, Paşinyanla “Haykakan Jamanak” qəzetində işləmişəm. Onu tanıyıram, öz xoşu ilə vəzifəsindən istefa verməyəcəyinə əminəm”.

 

“Baş nazir istefa verənədək müxalifət qanunla icazə verilən bütün etiraz vasitələrindən istifadə edəcək. Bir vaxtlar spikeri Ararat Mirzoyanın dediyi kimi, girə biləcəyimiz hər hansı bir bina yoxdur, çünki tələblərimiz qanunidir”, - deyə Zöhrabyan bildirib.

 

Xatırladaq ki, erməni müxalifəti 10 noyabrdan bu yana Baş nazirin Qarabağla bağlı imzaladığı üçtərəfli bəyanata etiraz olaraq mitinqlər keçirirlər. Etirazlarda Paşinyanın istefası tələb olunur.

Müəllif: Ayna.az