Türkiyə və Ukrayna prezidentləri Mariupoldakı vəziyyəti müzakirə ediblər
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ukraynalı həmkarı Vladimir Zelenski arasında telefon danışığı olub. AYNA xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Bildirilib ki, telefon danışığı zamanı Rusiya-Ukrayna müharibəsindəki son durum və müzakirə prosesi ilə bağlı məsələlər diqqət mərkəzində olub.
“Türkiyə Prezidenti hər keçən gün vəziyyətin ağırlaşdığı Mariupoldan yaralıların və mülki şəxslərin təhliyəsinin mütləq təmin edilməli olduğunu vurğulayıb. Ərdoğan Ukrayna və Rusiya arasında müzakirə prosesi ilə bağlı əlindən gələn bütün yardımı etməyə, vasitəçilik də daxil olmaqla, lazımi dəstəyi verməyə hazır olduğunu söyləyib”, - deyə məlumatda vurğulanıb.
Türkiyə Prezidenti Ukraynaya təhlükəsizlik zəmanəti verməklə bağlı məsələyə ölkəsinin prinspial olaraq müsbət yanaşdığını diqqətə çatdırıb.