“Ərdoğanın qalib gələcəyinə şübhə azdır” – Keçmiş dövlət müşaviri

Siyasət

16.06.2022 - 10:19

Qabil Hüseynli: “Müxalifət də hazırkı Prezidentin reytinqinin yüksək olduğunu, onu məğlub etməyin çətinliyini anlayır”

Ötən həftə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) hazırkı Prezident Rəcəb Tayyib Ərdoğanı 2023-cü ilin yayında keçiriləcək Prezident seçkilərində Xalq Alyansının namizədi kimi irəli sürüb. Türkiyədə Prezident və parlament seçkiləri 2023-cü ilin iyun ayına təyin edilib. Xalq Alyansı hakim blokuna AKP və ifrat sağçı Milliyyətçi Hərəkat Partiyası (MHP) daxildir.

Gələnilki seçkilərdə Ərdoğana müxalifətdən rəqib hələlik yoxdur. Kamal Kılıçdaroğlunun lideri olduğu ana müxalif partiyası Cümhuriyyət Xalq Partiyası (CHP) və Meral Akşenerin rəhbəri olduğu İYİ Partiya hələlik öz namizədlərini açıqlamayıb.

Qeyd edək ki, bu iki partiya əvvəlki seçkilərə bir blokda birləşərək getmişdi. Onu da bildirək ki, altı müxalifət partiyasının bloku növbədənkənar seçkilərin keçirilməsində israrlıdır.

Daha bir qüvvə isə vaxtilə AKP hökumətində vəzifə tutmuş siyasilərdir - keçmiş xarici işlər nazirləri - Əli Babacan və Əhməd Davudoğlu, sabiq Prezident Abdulla Gül. Onların hakimiyyətə gəlmək şansı o qədər inandırıcı görünməsə də, CHP - İYİ cütlüyünün Ərdoğana əsas rəqib ola biləcəyi sual doğurmur.

Qardaş ölkədə gələn il keçiriləcək seçkiləri AYNA-ya şərh edən sabiq dövlət müşaviri, politoloq Qabil Hüseyni deyib ki, Ərdoğanı və partiyasını seçkilərdə məğlub etmək real görünmür: “Hazırda Türkiyə lideri dünyada böyük fiqur sayılan, nüfuzlu siyasətçilərdən olmaqla yanaşı, Türk dünyasının da ağsaqqalı kimi qəbul olunur. İndi Ərdoğan siyasi karyerasının ən yüksək pilləsindədir. İnanmıram ki, onun reytinqi gələn ilədək düşəcək. Cəmiyyətin demək olar ki, 50 faizdən çoxu AKP hökumətini dəstəkləyir. Düzdür, Ərdoğan hakimiyyəti döbəmində ölkədəki sosial-iqtisadi vəziyyət hər il bir az da ağırlaşıb. Amma digər yandan baxanda, 20 ildə Ərdoğan Türkiyəni dünyanın əsas söz sahibi olan dövlətlərindən birinə çevirməyi bacardı. Eyni zamanda, texnoloji yeniliklər onun dövründə bərqərar oldu”.

“Bu gün Türkiyə hərbi texnologiyalar sahəsində, eləcə də xarici ticarət sahəsində misli görülməmiş nailiyyətlər əldə edib. Ərdoğan Türkiyəni Avropa dövlətləri səviyyəsinə qaldıra bilib. Yenə deyirəm, son illər əhalinin güzaranında geriləmələr var. Amma ümumilikdə, ölkənin durumu yüksəlib ki, bu, Ərdoğanın reytinq limitinin hələ tükənmədiyi faktını təsdiq edir”, - deyə həmsöhbətimiz bildirib.

Onun fikrincə, əsas odur ki, Türkiyə cəmiyyəti hələ də Ərdoğana etimad göstərir: “Əsas müxalifət qüvvəsi CHP-İYİ partiyalarının birlikdə irəli sürəcəyi namizəd yoxdur. Görünür, Ərdoğanla rəqib ola biləcək namizədi müəyyənləşdirməkdə çətinlik çəkirlər. Ona görə də, nazmizədlərinin hələ adı açıqlanmayıb. Müxalifət də Ərdoğanın reytinqinin yüksək olduğunu, onu yenməyin çətinliyini anlayır”.

Sabiq AKP-çilərə gəlincə, analitik düşünür ki, onların şansı əsas müxalif qüvvədən - CHP-dən daha aşağıdır: "Onların qurduqları təşkilatların strukturları hələ tam formalaşmayıb. Müxalif insanlar isə əsasən CHP, MHP və MHP-dən ayrılan İYİ Partiyanı dəstəkləyirlər. Nəzərə alsaq ki, MHP AKP ilə birlikdədir, o zaman millətçi kəsimin də böyük əksəriyyətinin səsi Ərdoğan və onun partiyasının MHP ilə birlik blokuna gedəcək". 

Hüseynlinin qənaətincə, Ərdoğanın və AKP-nin gələn il keçiriləcək seçkilərdə qalib gələcəyinə şübhə azdır: "Yenə deyirəm, ən əsas məsələ Ərdoğanın şəxsiyyəti, onun Türkiyəyə verdiyi və bundan sonra verə biləcəkləridir. Hesab edirəm ki, Türkiyə xalqı Ərdoğanı yenidən Prezident, rəhbəri olduğu AKP-ni də yenidən hökumət edəcək".

Müəllif: Anar Bayramoğlu