“Ərdoğan Putini dayandıra biləcəkmi? – Xeyr, mümkün deyil”

Siyasət

08.03.2022 - 14:25

Gela Vasadze: “Beynəlxalq ictimaiyyət Rusiyaya qarşı İran və Şimali Koreya tipli sanksiyalar tətbiq etmək qərarına gəlsə, Türkiyə də bu sanksiyalara qoşulmalı olacaq”

Rasim Musabəyov: “NATO-nun Rusiya silahlı qüvvələrinə, xüsusən də dənizdə və havada müqavimət göstərə bilən yeganə hərbi qüvvəsi Türkiyədir, amma…”

Martın 5-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Volodimir Zelenski ilə danışıb. Liderlər Rusiyanın Ukraynaya hücumunu və son hadisələri müzakirə ediblər. Eyni gündə Ərdoğan Avropa İttifaqının Prezidenti Şarl Mişel ilə də sözügedən problemi müzakirə edib. Türkiyə dövlətinin başçısı əmin edib ki, Ankara Rusiya ilə Ukrayna arasında sülhün bərpası üçün bundan sonra da səylərini əsirgəməyəcək.

Martın 6-da isə Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə danışıb. Türkiyə Prezident Administrasiyasının mətbuat katibi İbrahim Kalın söhbətlə bağlı açıqlamasında müharibənin dərhal dayandırılmalı olduğunu bildirib: “Tərəflər danışıqlar masasına qayıtmalıdırlar. Türkiyə bu məsələdə aktiv səylər göstərir”.

“Prezident Ərdoğan rusiyalı həmkarına Türkiyədə görüş keçirməyi təklif edəcək. Biz barışıq əldə etmək, humanitar dəhlizlər yaratmaq üçün şans verməliyik. Müharibə uzanarsa, dağıdıcı nəticələri təkcə Rusiya və ya Ukrayna deyil, bütün region hiss edəcək. Türkiyə nə Rusiya, nə də Ukrayna ilə dialoqdan imtina etmək fikrindədir. Ankara ondan asılı olan hər şeyi etməyə hazırdır”, - deyə kalın vurğulayıb.

Belə bəlli olur ki, Türkiyə özünü bir tərəfdən Rusiya Federasiyası, digər tərəfdən isə Ukrayna ilə Qərb arasında əsas danışıqlar aparan dövlət kimi görür. Görünür, Ərdoğanın Putinlə danışacağına görə Aİ rəhbəri onunla əvvəlcədən telefonla əlaqə saxlayıb.

Maraqlıdır, Türkiyə niyə məhz belə bir rolu sınamaq qərarına gəldi və Moskvanın hərəkətlərini birmənalı şəkildə pisləyən digər NATO üzvləri ilə bərabər dayanmadı? Ankaranın Kreml və onun mübarizə apardığı ölkələr arasında dialoqa yardımçı kimi uğur qazanma ehtimalı nə dərəcədədir? Axı Putin son günlər yalnız barışmaz bəyanatlarla çıxış edir. Təsəvvür etmək çox çətindir ki, Ərdoğanın təkidi ilə o, hətta Prezident Zelenski ilə telefon danışıqlarına belə, razılaşa bilər. Türkiyənin bu qarşıdurmada tutduğu mövqeyi necə izah etmək olar?

AYNA-nın suallarını tanınmış politoloqlar cavablandırıblar.

Gürcüstan Strateji Təhlil Mərkəzinin (GSAC) aparıcı eksperti Gela Vasadze:

“Türkiyə həqiqətən də, özünü Ukrayna ilə Rusiya arasında əsas vasitəçi kimi görür. Amma problem ondadır ki, Putin Türkiyəni bu keyfiyyətdə görmür. Bu gün beynəlxalq təcrid halqasının bağlandığı bir vaxtda Putinin digər ölkələrlə hər hansı əlaqə saxlaması vacibdir. Əsas ölkələr də Türkiyə və Çindir.

Putin beynəlxalq təcridini hansısa yolla Ankara və Pekin hesabına kompensasiya edə biləcəkmi? Mən belə düşünmürəm. Axı həm Çin, həm də Türkiyə qlobal maliyyə və texnoloji sistemlərin bir hissəsidir. Türkiyənin mövcud vəziyyətdən özü üçün maksimum fayda əldə etmək istəyi başa düşüləndir. Amma əgər beynəlxalq ictimaiyyət Rusiyaya qarşı İran və Şimali Koreya tipli sanksiyalar tətbiq etmək qərarına gəlsə və müharibənin hər günü, hər bir itki ilə bu qərar getdikcə daha qaçılmaz olacaqsa, Türkiyə də bu sanksiyalara qoşulmalı olacaq.

Putinin barışmaz bəyanatlarına gəlincə, o, özünü dalana dirədi. Əməliyyatın başa çatdığını indi elan etmək məğlubiyyəti və Rusiyanın əbəs yerə beynəlxalq təcrid aldığını etiraf etməkdir. Putinə ən azı nəsə lazımdır, amma Ukrayna ordusu ona bu “heç olmasa nəyisə” götürməyə imkan vermir, ona görə də, o, son rus əsgərinə qədər müharibəni davam etdirəcək. Daha sonra, ya onun gedişi, ya da Rusiyanın tam təcrid edilməsi variantları qalır.

Yenə də deyirəm, Putin “heç olmazsa nəsə” alana qədər geri çəkilə bilməz və böyük qurbanlar bahasına nəyisə götürməyi bacarsa, dayanacağı da fakt deyil. Ərdoğan onu dayandıra bilərmi? Yox, bacarmaz. Vəziyyət o vəziyyət deyil”.

Azərbaycan Milli Məclisinin üzvü, politoloq Rasim Musabəyov:

“Birincisi, Türkiyə BMT Baş Assambleyasının bu yaxınlarda keçirilən xüsusi sessiyasının müvafiq qətnaməsinə səs verməklə Rusiya qoşunlarının Ukraynaya müdaxiləsini pisləyib. Prezident Ərdoğan, xarici işlər naziri Çavuşoğlu tərəfindən ayrı-ayrılıqda qınayan bəyanatlar səsləndirilib, eyni zamanda Moskva ilə Kiyev arasında atəşkəs və dialoqa çağırıb.

Yeri gəlmişkən, Prezident Ərdoğanın zənginə Prezident Putin cavab verib və onlar bir saatlıq söhbət ediblər. Düzdür, hələ nəticə verməyib.

Türkiyənin aktivliyinin səbəbi bəllidir. Onun sərhədləri yaxınlığında və Qara dəniz hövzəsində hərbi əməliyyatlar gedir, NATO-nun Rusiya silahlı qüvvələrinə, xüsusən də dənizdə və havada müqavimət göstərə bilən yeganə hərbi qüvvəsi Türkiyədir. Amma Türkiyə Rusiyaya qarşı silahlı münaqişəyə təkbaşına qatılmaq niyyətində deyil. Türkiyə enerji ehtiyatlarının böyük hissəsini Rusiyadan alır. “Rosatom” şirkəti ilə “Akkuyu” AES-in 4 blokunun tikintisi üçün nəhəng layihə həyata keçirilir. Turizm, kənd təsərrüfatı təchizatı (bir istiqamətdə taxıl, əks istiqamətdə tərəvəz və meyvələr) məsələləri var.

Türkiyə bütün bunları riskə atmaq istəmir və buna görə də Rusiyaya qarşı sanksiyalara qoşulmayıb. Ankara Rusiya-Ukrayna məsələsinin siyasi və diplomatik dialoq yolu ilə həllində digərlərindən daha çox maraqlıdır. Ona görə də Türkiyənin mövqeyinə anlayışla yanaşmaq lazımdır. Türkiyə səylərində Azərbaycanın tam dəstəyini alır. Xarici İşlər Nazirliyimiz və hərbçilər, o cümlədən prezidentlər daim təmasdadır və öz fəaliyyətlərini əlaqələndirirlər”.

Müəllif: Rauf Orucov