Ərdoğan: “ABŞ-ın iştirakı ilə Yaxın Şərqdə ədalətli sülh mümkün deyil”

Dünya

10.12.2023 - 16:29

Türkiyə Prezidenti: “Ədalətli dünya mümkündür, amma Amerika ilə deyil”

“Ədalətli sülh mümkündür, lakin Qəzza sektorunda təcili humanitar atəşkəs tələb edən qətnamə layihəsinə veto qoyan ABŞ-ın iştirakı ilə yox”. AYNA xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Yalnız ABŞ atəşkəsdən imtina etməyə səs verdi. Bununla ədalətli sülh mümkündürmü? Ədalətli dünya mümkündür, amma Amerika ilə deyil. ABŞ İsrailin tərəfindədir. Ey ABŞ, buna necə cavab verəcəksən?”, - deyə Ərdoğan vurğulayıb.

Qeyd edək ki, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) BMT Təhlükəsizlik Şurasında Qəzza zolağı ilə bağlı qətnamə layihəsini ABŞ bloklayıb. Təhlükəsizlik Şurasının 13 üzvü sənədin qəbulunun lehinə səs verib. Böyük Britaniya bitərəf qalıb, lakin tək qalan ABŞ layihəyə veto qoyub.

Qətnamə BMT-yə üzv 97 ölkə tərəfindən dəstəklənib. Bu, dərhal humanitar atəşkəs və bütün əsir və girovların azad edilməsini nəzərdə tutur. Beynəlxalq təşkilatın Təhlükəsizlik Şurası da münaqişənin bütün tərəflərindən beynəlxalq hüquq çərçivəsində öz öhdəliklərini yerinə yetirmələri tələbini təkrarlayıb.

Sənəddə “Qəzza zolağındakı fəlakətli humanitar vəziyyətdən və fələstinli mülki əhalinin əzabından” dərin narahatlıq ifadə edilir.

Müəllif: Ayna.az