Ərazini beş barmağın kimi tanıya bilərsən, amma: bələdçisənsə, sertifikatın olmalıdır

Cəmiyyət

17.12.2021 - 19:08

Yeni qərar turizm xidmətlərinin keyfiyyətinin yaxşılaşmasına səbəb olacaqmı?

Bələdçilər turistlərə ən maraqlı yerləri göstərir, onlarla bağlı əhvalatlar danışır, asudə vaxtlarını təşkil edirlər. Onlar başqa ölkələrdən gələnləri demirəm, ərazini beş barmağı kimi bildiyinə əmin olanları belə, təəccübləndirə bilirlər.

Amma bu peşədə təsadüfi adamların yox, peşəkarların olması vacibdir. Bunun üçün gələn ildən ölkəmizdə sertifikatlaşdırma aparılacaq və Azərbaycan Turizm Bürosu nəzdində bələdçilər və tur bələdçiləri üçün milli sertifikatlaşdırma orqanı yaradılıb. Sertifikat bələdçiyə turistik yerlərin ərazisinə asanlıqla daxil olmağa imkan verəcək.

Bələdçi Arif Həsənov bir ildən artıqdır ki, bu peşə ilə məşğuldur. Onun AYNA-ya dediyinə görə, ölkəmizin gözəlliyini həm xaricdən gələn qonaqlara, həm də yerli sakinlərə göstərir: “Əgər sertifikatlaşdırmanın tətbiqinə qərar verilibsə, deməli, belə bir ehtiyac yetişib. Təbii ki, bələdçi işlədiyi sahəni mükəmməl bilməlidir. O, nəinki müəyyən görməli yerləri göstərməli, həm də ölkənin qanunlarını, adət-ənənələrini bilməlidir”.

“Xarici dilləri bilmək yalnız müsbət haldır, çünki bələdçilər tez-tez əcnəbilərlə işləyirlər. Amma ən əsası odur ki, bələdçi öz vətənini sevsin və gözəl diyarımızı səyahətçilərə tanıda, anlada bilsin”, - deyə həmsöhbətimiz bildirib.

Tur təşkilatçısı Səbuhi Kazımov hesab edir ki, turizm xidmətlərinin keyfiyyətinin yüksəldilməsi üçün sertifikatlaşdırmaya ehtiyac var: “Dünyada turizm məkanı kimi ölkəmizə maraq artır və tariximizi, mədəniyyətimizi turistlərə yüksək keyfiyyətlə təqdim etmək lazımdır. Bu da o deməkdir ki, sertifikatlaşdırma məntiqi bir həlldir”.

Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndi AYNA-ya açıqlamasında bələdçi sertifikatının tətbiqini çoxdan gözlədiklərini söyləyib: “Turizm sənayesinin digər nümayəndələri kimi onlar da öz ixtisaslarını sübut etməlidirlər. Əsas odur ki, sertifikatlaşdırma prosesi ədalətli və şəffaf şəkildə həyata keçirilsin. Vaxtilə Mədəniyyət və Turizm Nazirliyindən attestasiyadan keçən bələdçilərin də sertifikatları yenilənib. Amma hesab edirəm ki, bu, yanlışdır və onlar sertifikatlaşdırma proseslərinə cəlb edilməli idilər”.

“Muzeylər, dağ gəzinti yolları və s. üzrə ixtisaslaşmış müxtəlif bələdçilər var və bunu nəzərə almaq vacibdir. Bələdçilər ölkəni turistlərə təqdim etdikləri, mədəniyyəti, irsi, nailiyyətləri haqqında danışdıqları üçün ekskursiya xidməti göstərməklə yanaşı, ideoloji yük də daşıyırlar. Bələdçi nə gəldisə, danışa bilməz, ekskursiyalar ya dövlət səviyyəsində, ya da peşəkar birliklər səviyyəsində bir şəkildə təsdiqlənməlidir”, - deyə mütəxəssis vurğulayıb.

Dübəndinin sözlərinə görə, çox çətin peşələrdən biri də bir neçə ildir dünya səviyyəsində hazırlanmış dağ turizm marşrutları üzrə bələdçilərdir: “Ölkəmizdə belə bir təcrübə yoxdur və Ekoturizm Assosiasiyasının apardığı təhlillər göstərir ki, Azərbaycanda bu sahədə ancaq özü öyrənən insanlar var, onlar turistləri əlçatmaz yerlərə aparır, dağ cığırları boyunca gəzdirirlər. Lakin onlar nə beynəlxalq, nə də yerli sertifikatlara malikdirlər və onların qabiliyyətləri heç bir şəkildə sınaqdan keçirilməyib”.

“Hərəkətin çətin olduğu dağlıq ərazilərdə göstərilən xidmətlərin və turistlərin təhlükəsizliyinə xüsusi diqqət yetirmək lazımdır. Belə bələdçilər ilkin tibbi yardım göstərməyi bacarmalı, dırmaşma bacarığına malik olmalıdırlar və s. Beynəlxalq sertifikatlı dağ bələdçilərimiz olmadığına görə bu sahə ilə maraqlanan turistlər - peşəkar alpinistlər və ya həvəskarlar bizə gəlmirlər. Amma Azərbaycanın möhtəşəm dağ yolları var. Bu məsələyə xüsusi diqqət yetirilməlidir”, - deyə həmsöhbətimiz qeyd edib.

Direktor diqqətə çatdırıb ki, Azərbaycanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi səviyyəsində qəbul olunmuş peşəkar standart və ixtisas standartı var: “Biz bizə məlum olmayan strukturlar tərəfindən sənəd hazırlandıqdan sonra ona ekspert qiyməti vermişik. Bizim Assosiasiyanın sıralarında peşəkar alpinist olan şəxslər var və biz daha sonra verilən şərhləri nəzərə almaq xahişi ilə mənfi ekspert rəyi verdik, lakin sonra nə baş verdiyini bilmirik. Təəssüf ki, sənədləşmə mərhələsində bizimlə əlaqə saxlanılmadı. Belə proseslər birlikdə aparılmalıdır, belə əməkdaşlıqdan hamı ancaq fayda görə bilər”.

Müəllif: Tanya Samsonova