Əldən düşmüş qocanın son çırpınışları və ya SSRİ dövrünə qayıdış

Dünya

22.02.2023 - 15:55

Hərbi ekspert: “Rusiya Prezidenti faktiki olaraq şizofrenik vəziyyətdədir, məntiqdən tamamilə uzaqlaşıb”

“Rusiyanın müharibədə qalib gəlməsi mümkün deyil – bu, birmənalıdır... Putin yaxın aylarda çox ciddi cəzalandırılacaq, ağır formada diz çökdürüləcək”

Dünən Rusiya Prezidenti Vladimir Putin Federal Məclisə müraciət çıxışında bir çox məsələlərə toxundu. Kreml sahibi çıxışını əsasən Ukraynaya qarşı Rusiyanın apardığı işğalçı müharibə üzərində qurdu və müharibədə Qərbin ünvanına xeyli ittihamlar səsləndirdi. Putin dolayısı ilə müharibəni əslində Rusiyanın yox, Qərbin başlatdığını iddia etdi.

Bununla yanaşı, Rusiya lideri müharibəni dayandırmayacağını, “ana vətəninin müdafiəsini” sonadək davam etdirəcəyini, yavaş-yavaş məqsədlərinə doğru irəliləyəcəklərini söylədi. Ekspertlər bildirirlər ki, Putin çıxışında absurd fikirlər səsləndirməklə müharibənin illərlə davam edə biləcəyinə işarə etdi.  

Putinin Federal Məclisə müraciətində səsləndirdiyi fikirlərlə bağlı AYNA-nın suallarını hərbi ekspert Üzeyir Cəfərov cavablandırıb. Onun sözlərinə görə, əslində ABŞ Prezidenti Co Baydenin Kiyevə ani səfəri Putinə tərs sillə olub:

- Bu səfər necə təsir etdisə, Kreml sahibi özünə gələ bilmir. Onun Federal Məclisə müraciət nitkindəki hərəkətlərindən çox şey bəlli olur. Putin sarsıntılar içərisindədir, əsəbidir, buna görə də avantürist açıqlamalar verdi. Rusiya Prezidenti dövlət başçısına yaraşmayan bəyanatlar verdi, ağa qara dediTəsəvvür edin, deyir ki, “biz müharibəni dayandırmağa çalışırıq”. Sanki Qərb Ukraynaya hücuma keçmişdi, Rusiya isə Ukraynanı müdafiə edir.

Məsələ burasındadır ki, Baydenin Kiyevə gəlişi ilə Putin bir illik işğalçılıq siyasətinin cavabını almış oldu.

ABŞ Prezidenti Ukraynadakı bəyanatları ilə Kremlə açıq mesaj verdi ki, Rusiya Kiyevi və Ukraynanı birdəfəlik yaddan çıxarmalıdır. Və siqnal ötürüldü ki, Rusiya yaxın aylarda baş verəcək amansız addımlara hazır olsun. Daha sonra Bayden Varşavada çıxış etdi, nitqində Kremlə lazım olanlar çatdırıldı.

- Putinin Federal Məclisə müraciəti SSRİ dönəmlərini xatırlatdı. Kreml sahibi elə SSRİ xəttinə yaxın siyasət yürüdəcəyinin anonsunu verdi...

- Putinin iki sözündən birinə zaldakıların əl çalması Brejnevin çıxışlarını xatırlatdı. Eyni mənzərədir. Putin faktiki olaraq işğalçı müharibədə qırğına verdiyi insanların yükünü rus xalqının belinə yüklədi. Federal Məclisə Putinin müraciətində o qədər absurd fikirlər var ki, Kremldə oturanlar sanki ötən əsrin ortalarında qalıblar. Putinin “Qərbi dayandırmaq üçün gücə əl atdıq” sözü absurdun dibidir. Rusiya Prezidenti faktiki olaraq şizofrenik vəziyyətdədir, məntiqdən tamamilə uzaqlaşıb.

- Putin “xüsusi əməliyyat”la məqsədlərinə doğru irəliləyəcəyini dedi. Sizcə, bundan sonrakı proseslər necə cərəyan edəcək?

- ABŞ Prezidenti Varşavada konkret bildirdi: “Rusiya qalib gəlməyəcək”. Bu, Putinə bir növ cavab idi. Yenə deyirəm, Putinlə yanaşı, Kremldəkilərin hamısı məntiqi itiriblər. Düzdür, içərilərində yəqin ki, ağıllı bir neçə nəfər var ki, onlar müharibənin Rusiya üçün nə qədər ağrılı nəticələrinin olacağını anlayırlar. Sadəcə onlar da qorxunun gücünə Putinə əl çalırlar. Rusiyanın müharibədə qalib gəlməsi mümkün deyil – bu, birmənalıdır. Putin hesab edir ki, texnikası olmasa da, insan gücünə qalib gələcək, amma yanılır. Qərb faktiki olaraq Ukraynanın yanındadır, yanında olacağını da Baydenin dili ilə bəyan etdi. Düşünürəm ki, Putin yaxın aylarda çox ciddi cəzalandırılacaq, ağır formada diz çökdürüləcək.

Putinin dedikləri çaşqınlığın, çarəsizliyin və ümidsizliyin təzahürü idi. Bunun başqa adı yoxdur. Qərb əlbəttə ki, Rusiyanın regionda “at oynatmağına” göz yuma bilməzdi. Hər kəs anlayır ki, Rusiya Ukraynada qalib gələrsə, o zaman dayanmayacaq, Orta Asiyanı, Moldovanı, Cənubi Qafqazı və digər regionları hədəfə alacaq. Buna isə Qərbin, ABŞ-ın imkan verməsi mümkünsüzdür.

- Putin nüvə silahına toxundu, START-da Rusiyanın fəaliyyətini dayandırdığını bəyan etdi. Bu, dünyanı təhdid idi?

- Putin eşitdirmək istəyir ki, Rusiyanı nüvə silahı olduğuna görə məğlub etmək olmaz. Halbuki dünyadakı 9 nüvə silahı olan ölkədən biri Rusiyadır, yerdə qalan 8-i Rusiyanın yanında deyil. Hesab edirəm ki, Putinin nüvə silahı ilə bağlı dedikləri blefdən başqa bir şey deyil. START-dan Rusiyanın çıxdığını elan etmədi, sadəcə fəaliyyətini dayandırdığını bildirdi. Demək ki, Putinin dediklərinin blef olduğunu bu fakt da təsdiqləyir. Hesab edirəm ki, ABŞ Prezidenti Putinin bu təhdidinə də cavab verdi. Bildirdi ki, Rusiya nüvədən istifadə edə bilər, amma heç vaxt birinci özü atmayacaq. Yəni bununla bayden əslində Kreml rəhbərinə “nüvə silahını ağlından belə keçirmə” demək istədi. Ümumilikdə, Putinin Federal Məclisə müraciətini əldən düşmüş qocanın çarəsiz çırpınışları kimi qiymətləndirmək olar.

Müəllif: Anar Bayramoğlu