Dünya dəyişir, insan kapitalı formalaşır, Elmin İnkişafı Fondu isə...

Cəmiyyət

14.06.2021 - 15:25

Rakib Əfəndiyev: “Biz Fondun elan etdiyi qrant layihəsində iştirak etmişik və qalib də olmuşuq”

 

Tahir Şahbazov: “Fondun gördüyü işlər tamamilə mənasız məşğuliyyətdir”

 

Prezident İlham Əliyevin sərəncamı ilə 2009-cu ilin oktyabrında Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) təsis edildi. Fondun ərsəyə gəlməsində məqsəd ölkədə elmi-texniki potensialın qorunması, iqtisadiyyatın inkişafında bu potensialdan səmərəli istifadə edilməsi, mühüm sosial problemlərin həllində elm və texnikanın rolunun yüksəldilməsi, Azərbaycan Respublikasında elmi təşkilatlar, təhsil müəssisələri, digər müvafiq qurumlar və fiziki şəxslər tərəfindən təqdim olunmuş təbiət, texniki, humanitar və ictimai elmlər sahəsində dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən fundamental, tətbiqi və axtarış-innovasiya xarakterli elmi-tədqiqatların, proqramların, layihələrin və digər elmi tədbirlərin maliyyələşdirilməsi, alimlərin elmi fəaliyyətinin stimullaşdırılması və onlara əlavə yaradıcılıq imkanının yaradılmasıdır.

 

Lakin qurumun yaranmasından 12 ilə yaxın zaman ötsə də, EİF-in fəaliyyəti nəzərə çarpmır. Onların fəaliyyəti barədə nəinki ölkə ictimaiyyəti, elm ictimaiyyəti belə, yetərli məlumatlara malik deyil. Bunun da əsas səbəbi Fondun ictimai hesabatlılığının olmaması, qapalı fəaliyyəti, həyata keçirdiyi layihələr və onların icrası barədə məlumatlar verməməsi ilə bağlıdır. Bu da öz növbəsində qurumun qeyri-şəfaf fəaliyyət göstərməsi barədə müzakirələrə yol açır.

 

Bu məqamda xatırladaq ki, Fondun fəaliyyətinə ümumi nəzarəti Himayədarlar Şurası, rəhbərliyi isə icraçı direksiya həyata keçirir. Uzun müddət Elm Fondunun icraçı direktoru hazırda Bakı Dövlət Universitetinin (BDU) rektoru vəzifəsində çalışan Elçin Babayev olub. 2019-cu ilin sentyabrından isə quruma BDU-nun Hesablama riyaziyyatı kafedrasının dosenti Mehriban İmanova rəhbərlik edir.

No description available.

Bakı Mühəndislik Universitetinin (BMU) Riyaziyyat kafedrasının müdiri, riyaziyyatçı alim Rakib Əfəndiyev AYNA-ya açıqlamasında deyib ki, müasir dövrdə elmin inkişafına yalnız bu sahənin içində olmaqla qiymət vermək olar: “Əvvəla ondan başlayım ki, elm ictimaiyyəti arasında uğurlu koordinasiyaya nail olmaq üçün alimlər arasında disskusiyalar artırılmalı, konfranslarda, seminarlarda və digər bu səpkili elmi tədbirlərdə müzakirələr təşkil edilməlidir. Müasir və aktual mövzularla bağlı informasiyalılığı və bazalara çıxışı təmin etmək vacibdir. Bunu müxtəlif yollarla həyata keçirirlər. Bu tədbirlər universitetlər tərəfindən də maliyyələşə bilər, müəyyən fondlar tərəfindən də”.

 

“Bütün dünya məhz bu təcrübədən istifadə edir, o cümlədən Azərbaycan da. Hesab edirəm ki, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu bu istiqamətdə müəyyən addımlar atır. Onların veb-saytları mövcuddur, orada bütün elanlar yerləşdirilir. Həmin elanlarda hansı mövzular üzrə qrantların verilməsi, maliyyələşdirmə mexanizmləri öz əksini tapıb. Eyni zamanda beynəlxalq əməkdaşlıq sahəsində alimlərin birgə fəaliyyətinə şərait yaradılıb”, - deyə həmsöhbətimiz bildirib.

 

Əfəndiyevin sözlərinə görə, Azərbaycanın Türkiyə, İtaliya və digər inkişaf etmiş dövlətlərlə elmi əməkdaşlığı, zəruri elmi-tədqiqat layihələrinin həyata keçirilməsi yönündə qrant layihələri elan edilir: “Həmin qrant layihələri onların öz saytında yerləşdirilir, formalar doldurulur və qiymətləndirmə üçün ekspertlərə təqdim edilir. Bu məsələdə hər hansı problem görmürəm. Qiymətləndirmə prosesinin obyektiv və ya subyektiv aparılması barədə birqiymətli mülahizə yürüdə bilmərəm”.

 

“Şəxsən biz komanda şəklində Fondun elan etdiyi qrant layihəsində iştirak etmişik. Qalib də olmuşuq və hazırda həmin layihəni icra edirik. Azərbaycanda belə bir təcrübənin olması təqdriəlayiq haldır. Elm ictimaiyyətinin fəal nümayəndələri bu barədə məlumatlıdırlar deyə düşünürəm. O ki qaldı narazılıqlara, bu, təbiidir və hər kəsin ifadə azadlığı var”, - deyə kafedra müdiri vurğulayıb.

No description available.

AYNA-nın digər müsahibi, tarixçi-etnoqraf alim Tahir Şahbazov isə fərqli fikirdədir. Onun qənaətinə görə, EİF gözləntiləri doğrulda bilməyib: “Elm ictimaiyyətinin fəal nümayəndəsi olaraq bu qurumun fəaliyyətini təqdir etmirəm. Əvvəla ona görə ki, bu qurumun hesabatlılığı yoxdur. Qiymətləndirmə meyarları nədir, bu barədə heç bir məlumat verilmir. Bu qurum yarananda çox ümidliydik ki, nəhayət elmin inkişafına töfhə verəcək layihələrə dövlət dəstəyi göstəriləcək. Bu istiqamətdə zəruri addımlar atılacaq. Lakin bu, baş vermədi”.

 

“Çox təəssüf ki, qapalı fəaliyyətə üstünlük verdilər. Bütün bunlar da qurumun şəffaf fəaliyyət göstərmədiyinə dair müzakirələrin meydana gəlməsinə səbəb oldu. Şəxsən bir alim olaraq mən bu qurumun fəaliyyətindən narazıyam. Və hesab edirəm ki, nəinki mən, əksər alimlər də mənimlə eyni fikirdədir”, - deyə o bildirib.

 

Şahbazov qeyd edib ki, müasir şəraitdə Fond strateji əhəmiyyət kəsb edən sahələri maliyyələşdirməli idi: “Müasir dünya dəyişir, elmi-texnoloji tərəqqi və qütblərin əvəzlənməsi prosesi baş verir. Bütün bunlar yeni şərtləri diqtə edir. İnsan kapitalı ön plana keçir və müasir dünya bunun üzərində baş sındırır”.

 

“Lakin biz bu istiqamətdə nəyə nail olmuşuq? Bu suala cavab verməli olan əsas qurumlardan biri də Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondudur. Təəssüf ki, biz bu qurumun aktiv fəaliyyətini müşahidə etmirik. Halbuki bu Fond ən strateji qurumlardan biri olmalı idi. İlk yarandığı dövrlərdə Fondun fəaliyyətinə böyük maraq olsa da, sonradan elm ictimaiyyətinin bu qurumun fəaliyyətinə olan marağı azaldı. Məhz elə bu səbəbdən də Fondun gördüyü işləri, həyata keçirdiyi layihələri təqib etmirik. Hesab edirəm ki, bu, tamamilə mənasız məşğuliyyətdir”, - deyə alim fikrini yekunlaşdırıb.

Müəllif: Azər Niftiyev