“Dünya Azərbaycanın qarşısında baş əyir” – <font color=red> DEPUTAT</font>

İqtisadiyyat

25.03.2021 - 20:23

Rüfət Quliyev: “Virusa yoluxanların sayı minə çatanda düşünürdüm ki, qapanmalara gediləcək, amma...”

 

“Görəsən, bu hakimiyyət hansı məntiqlə pandemiya başlayandan  istirahət və bayram günləri ictimai nəqliyyatın hərəkətini, uzun müddətdir metronun fəaliyyətini dayandırır? Çox düşünəndən sonra axır ki, bu sualın cavabını özüm üçün aydınlaşdırdım. İstərdim ki, gəldiyim qənaəti sizinlə də bölüşüm”.

 

Bunu iqtisadçı alim Qubad İbadoğlu öz “Facebook” hesabında paylaşıb. Ve fikrinə belə davam edib:

 

“Ümumi qənaətim  belədir ki, ictimai nəqliyyatın hərəkətinin məhdudlaşdırılmasının pandemiya ilə birbaşa əlaqəsi yoxdur, bu, siyasi məsələdir, həm də iqtisadi maraqlara xidmət edir. Çünki hazırda kütləvi işsizliyin mövcudluğu şəraitində taksi fəaliyyəti hər kəs üçün, hətta işləyərək aldığı maaşdan narazı olanlar üçün əlçatandır, “iş yeri” və “qazanc” mənbəyidir. Odur ki, taksi xidməti Azərbaycanda yeganə rəqabətli bazardır, Azərbaycan hakimiyyəti orda monopoliya yaratmağa tələsmir. Çünki iş axtarmaqdan yorulan hər kəs həyatda qalmağın yeganə yolunu maşın alıb və ya icarəyə götürüb, taksi xidməti göstərməkdə görür.

Qubad İbadoğlu ABŞ universitetində işləməyə başladı - modern.az

Diqqət edin, görün, nəticədə nələr baş verir:

 

1. Ölkəyə avtomobil idxalı artır. Gömrük rüsumlarını, aksiz və əlavə dəyər vergisindən büdcəyə daxilolmalar çoxalır. Hakimiyyət də fikirləşir ki, əgər avtomobil idxalı hər il artırsa, onda  idxal gömrük rüsumlarını, aksizləri bir az da qaldırmaq lazımdır;

 

2. Hər gün müştəri axtarmaq adı ilə dayanmadan hərəkət edən sürücülər qazandıqlarının 90 faizini benzinə xərcləyir. SOCAR da təklif verir ki, benzinin qiymətini bahalaşdırmaq lazımdır, çünki tələbat ildən-ilə artır;

 

3. Taksi sürücüləri minik avtomobilləri ilə sərnişin daşımaq üçün xüsusi razılıq (lisenziya), "fərqlənmə nişanı" almaq üçün "ASAN xidmət" mərkəzlərinə gedir, xidmət haqqı və rüsum ödəyirlər;

 

4. Taksi sürücüləri yol polislərinə cərimə ödəyib, onların planı doldurmasına töhfə verirlər;

 

5. 2021-ci ildə “Bakı Metropoliteni” QSC üçün dövlət büdcəsindən ayrılacaq 39,2 milyon manat vəsait xərcləməmiş qalır.

 

İşsizlər gündə 10-12 saat taksi xidməti göstərib, idarə etdiyi maşının amortizasiya xərclərini nəzərə almadan qazandığı vəsaitlə benzin pulunu ödəyəndən sonra, ona qalan qəpik-quruşla  çörək alaraq evinə gedir, ailəliklə şükür edib, "dolanır". Beləliklə də  taksi xidmətinin fəaliyyətinin pandemiya dövründə stimullaşdırılması hakimiyyət üçün yalnız qazanc deyil, həm də siyasi məsələsidir. Taksi xidməti bu hakimiyyət üçün artıq sosial sabitləşdirici funksiyaya çevrilib”.

 

İbadoğlunun fikirlərinə AYNA-ya açıqlamasında münasibət bildirən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev yuxarıda sadalanan məqamları absurd adlandırıb: “2500 il bundan öncə məşhur Çin filosofu Konfutsinin, bugünümüzdə də çox məşhur olan bir kəlamı var: “Qaranlıq otaqda qara pişik axtarmaq lazım deyil, ona görə ki, orada heç pişik yoxdur”. Mən 25 ilə yaxındır ki, siyasətdəyəm. Bu 25 il ərzində cürbəcür ittiham, təklif, oyun, təhlil, fırıldaq dolu mövzuları hər dəfə ortaya atıb, nədənsə hakimiyyətə, iqtidara, dövlətə bu formada istəmədiyi hərəkətlər barəsində fikir bildirirlər, yazırlar, təhlil aparırlar”.

Rüfət Quliyev: Ukraynada prezident seçkilərində seçici fəallığı müşahidə  olunur - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Deputat pandemiyanın fəsadlarının hələ qarşıda olduğunu deyib: “Pandemiya dünya iqtisadiyyatını çökdürdü. 7-8 trilyon dollardan tutmuş, 11 trilyon dollara qədər geriləmə müşahidə edildi. Dünyada 200-dən çox ölkə var. Və elə bir ölkə yoxdur ki, sosial-iqtsadi yönümdə pandemiya ona təsir  etməsin. İqtisadiyyatdan törəyən sosial problemlərin artdığını görürük. Dünya klasifikatorunda, təxminən 2 milyondan yuxarı cürbəcür istehsal olunan məhsullar var. Və rəsmi olaraq 170 mindən yuxarı insanın iqtisadi fəaliyyəti mövcuddur. Dünya inkişaf edir deyə, hər gün yeni növ insan fəaliyyəti ortaya çıxır. Biz də dünyəvi ölkə olduğumuz üçün həmin insanların 75-80 faizi bizdə mövcuddur. Və dünya iqtisadiyyatına inteqrasiyadayıq. Biz istəsək də-istəməsək də, bu inteqrasiyanın sürəti də artır”.

 

“Qeyd etdiyim rəqəmlərə nəzər yetirdikdə görürük ki, 170 min insanın fəaliyyətindən 169 min 999-nun fəaliyyəti keçir qırağa, axı, dövlət necə 1 fəaliyyət növü (taksi) ilə öz “maraqları” üçün istifadə edə bilər? Buradan belə məntiq çıxarılır ki, bununla Azərbaycana çoxlu maşın idxal olunsun, bu maşınların sayı artdıqda gömrükdə vergidən qazanc da yaranacaq. Düzdür, maşınlarla bağlı gömrük xərcləri kifayət qədər yüksəkdir, amma lisenziyaların məbləği o qədər də yüksək deyil axı”, - Quliyev bildirib.

 

O, Azərbaycanın təşəbbüsünü də xatırladıb: “Bizim BMT-yə çağırışımız dəstəkləndi. 150-dən çox ölkə Azərbaycan rəhbərliyinin pandemiya ilə əlaqədar verdiyi təklifləri və çağırışları dəstəkləyir. Pandemiya vaxtında bütün ölkələrdə vəziyyət kəskinləşib, artıq iqtisadiyyatdan sosiala keçən problemlər yaranıb. Azərbaycandan ondəfələrlə güclü iqtisadiyyatı, səhiyyəsi olan ölkələr praktiki olaraq diz üstədir. Avropa ölkələrini - Fransa, İtaliya, Almaniyanı, elə Amerikanın özünü götürsək, həmin ölkələrdə pandemiyadan dünyasını dəyişən insanların sayı üç müharibədə həyatını itirənlərin (I, II Dünya müharibələri və Koreyada aparılan müharibə) sayından qat-qat çoxdur. Ölkələr bu problemin həllini tapa bilmir”.

 

“Və böyük sosial iğtişaşlar var, insanlar ayağa qalxır, onlar qapanmaların olmamasını tələb edirlər. Hər ölkənin də öz problemləri var. Amerikada qaradərili insanlarla bağlı olan problemlər, Asiyadan çıxan insanlara qarşı münasibətdəki problemlər və s. Hollandiyada artıq 3-cü dəfədir ki, hökumət istefa verir. Bu dövlətlərin bu qədər güclü olmalarına rəğmən, problemləri kökündən həll edə bilmirlər. Gəlin, Azərbaycanı həmin ölkələrlə müqayisə edək. Azərbaycan gücü çatdığı qədər öz problemlərini həll edib”, - deyə müsahibimiz vurğulayıb.

 

R.Quliyevin sözlərinə görə, Azərbaycanın pandemiyaya qarşı həyata keçirdiyi siyasətə, atdığı addımlara görə, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycanı digər ölkələrə nümunə göstərir: “Digər ölkələr bizdən məsləhət istəyir. Bizim hökumət öz işinin öhdəsindən gəlməyi bacarır. Dünya bizim ölkə qarşısında baş əyir. Apardığımız siyasəti dünya ölkələri təqdir edir. Pandemiya yalnız bizim ölkədə baş vermədi, əksinə aparıcı addımlar atılmaqla onun qarşısı alındı. Bayram ərəfəsində hökumətin qərarı düzgün oldu. Xalqı bayramını keçirməyə imkan yaratdı. Ən az məhdudiyyətə əl atdı. Virusa yoluxanların sayı minə çatanda düşünürdüm ki, qapanmalara gediləcək. Yenidən “lockdown” olacağı barədə qərarın veriləcəyini gözləyirdim. Amma insanların bayramı normal şəkildə keçirməsinə, insanların bir-birinə qonaq getməsinə, təbrik etməsinə imkanlar yaradıldı”.

 

Bununla yanaşı, deputat hesab edir ki, bayram günlərində ictimai nəqliyyatın fəaliyyətinin dayandırılması düzgün qərar idi: “Bu, axının qarşısını almaq üçün atılan addım idi. Bunu insanlar bir yerə çox toplanmasınlar deyə etdilər. Amma bəzi “ekspertlər” niyə cəmiyyəti qıcıqlanadırmağa çalışırlar. Niyə bu cür yanaşmalar sərgiləyirlər? Hanı bunların arqumentləri? Nəyə istinadən edərək bunu düşünürlər? İstinad edəcəkləri arqumentləri yoxdur”.

 

“Ekspertlərimizə tutduqları siyasi yoldan əl çəkmələrini məsləhət görürəm. Və yalan məlumatlarla insanlar arasında çaşqınlıq yaratmasınlar. Əgər onlar xalqını, vətənini, iqtidarı istəyən insanlardırsa, onlar gərək hər bir məsələni düşünülmüş formada desinlər. Ona görə də deyirəm ki, bu ittihamlar ağ yalandır. Belə məsələləri hansısa bir formada camaatı, xalqı qıcıqlandırmaq üçün və yaxud da efirlərdə olmaq, tanınmaq üçün öz mənafelərinə uyğun olaraq verməsinlər. İnsan gərək hər bir addımını əsaslandırsın, fikrini düşünülmüş formada, arqumentlərlə ifadə etsin”, - deyə millət vəkili fikrini yekunlaşdırıb.

Müəllif: Ülviyyə Şahin