"Dövlətin mətbuata dəstəyinə davamlı mənbə kimi baxmaq praktikası yanlışdır"

Cəmiyyət

30.04.2020 - 14:04

Həkimlər Klinikalar SEO Xidməti

Aqil Camal: “2009-cu ildən bəri davamlı olaraq təmin edilən dövlət dəstəyinin qarşılığında qəzetlər hansı inkişafa nail olub?

 

Məlum olduğu kimi, karantin tədbirləri ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargah bir sıra müəssisələrin fəaliyyətlərinə qadağa qoymuşdu. Fəaliyyətini dayandıran sahələrdən biri də qəzet satışı idi. Karantin rejiminin yumuşaldılması ilə bağlı verilən yeni qərara əsasən, 27 aprel saat 00:00-dan etibarən bəzi ictimai iaşə obyektləri ilə yanaşı, qəzet satışı da fəaliyyətini bərpa edib.

 

Satış olmadığı üçün qəzetlərin nəşri də dayanmışdı. Artıq qəzetlər nəşrini bərpa etməyə başlayıb. “Türküstan” aprelin 27-də nəşrini və satışını bərpa edən qəzetlərdəndir. Qəzetin baş redaktoru Aqil Camal qəzetçilik, yeni media, bu sahədə yeni-köhnə problemlər ətrafında AYNA-nın suallarını cavablandırıb.

- Aqil bəy, “Türküstan” qəzeti 3 həftəlik fasilədən sonra nəşrini yenidən bərpa edib. Lakin xüsusi karantin rejiminin qaydaları hələlik davam edir və bir sıra qəzetlərin nəşri buna görə dayandırılıb...

 

- Aprel ayında qəzetin nəşrini dayandırması məcburi addım idi. Çünki həm qəzet satışını həyata keçirən köşklər bağlanmış, həm də rayonlara çatdırılma dayanmışdı. Həmçinin, dövlət və özəl sektorlar da daxil olmaqla, demək olar ki, bütün sahələrdə fəaliyyət dayanmışdı deyə, qəzetin abunəçilərə çatdırılması da müşkülə dönmüşdü. Bu baxımdan da 3 həftəlik bir fasiləmiz oldu. Ötən həftə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə 27 apreldən etibarən qəzet satışına icazə verildi. Biz də qərar çıxan kimi may ayına keçmədən qəzetin nəşrini bərpa etdik.

 

- Bəs, bu müddət ərzində qəzetlə bağlı boşluğu necə doldura bildiniz? Çünki oxucular, yazarlar, qəzetin hazırlanması prosesi kimi ənənəvi qaydalar var.

 

- “Türküstan” qəzeti 2006-cı ilin iyunundan fəaliyyətdədir. Ötən 14 ildə ilk dəfə idi ki, belə bir fasilə olurdu. Əlbəttə, həm kollektiv olaraq özümüz, həm də müəlliflərimiz və sadiq oxucularımız üçün çox ağır keçən bir müddət oldu. Amma deyim ki, karantin müddətində çap versiyası çıxmasa da, saytımız – “Turkustan.info” vasitəsilə həm qəzetin daimi müəlliflərinin yazıları, həm də KİVDF tərəfindən maliyyələşdirilən layihəmiz onlayn versiyada icra olunaraq oxuculara çatdırıldı. Düzdür, saytımız onlayn rejimdə fəaliyyət göstərir, ölkənin xəbər məkanında, o cümlədən, sosial şəbəkələrdə aktiv fəaliyyətimiz var. Bununla belə, qəzetin öz yeri, öz dəsti-xətti danılmazdır. İndi qısa fasilədən sonra nəşri bərpa edərkən qəzetin nə demək olduğunu daha dərindən hiss etmək, onun varlığı ilə yoxluğunu yaşamaq olur.  

Türküstan” qəzeti nəşrini bərpa etdi Xalqqazeti.com

- Sayt haqqında danışmışkən, hazırda Azərbaycan mediasının ümumi durumunu necə qiymətləndirirsiz?

 

- Təəssüf, elə bir vəziyyət yaranıb ki, indi bu sualı az qala hamı cavablandırır. Ona görə də, hazırkı vəziyyəti təsvir etmək fikrindən uzağam. Qəzetlərin yaxın günlərdə fəaliyyətlərini tam şəkildə bərpa edəcəyini nəzərə alaraq, yayım məsələsi ilə bağlı sizin vasitənizlə bir neçə təklifimi bildirmək istəyirəm. Metro stansiyalarında və iri ticarət mərkəzlərinin giriş-çıxışlarında qəzet satışına imkan yaradılmalıdır. Qəzetlərin, televiziyaların sayı, sərhədi bəlli olsa da, saytlarla bağlı vəziyyət çox xaotikdir. Neçə illərdir, tutulan “qara siyahılar”, “reket jurnalistikası” təsnifləri bu sahəyə aydınlatma gətirə bilmədi. Bu baxımdan ümid yenə də ciddi mediaya, cəmiyyətin, oxucunun və izləyicinin ciddi mediaya etimad göstərməsinə qalır. Ciddi media üzərinə düşən vəzifənin məsuliyyətini dərk etməlidir.

 

- KİVDF-yə yeni rəhbərlik təyin olunub. Qurumdan maliyyə yardımı alan qəzetlərdən birinin baş redaktoru kimi yeni dövrdə KİVDF-dən gözləntiləriniz nədir?

 

- Ümid edirəm ki, bu dəyişiklik yalnız kadr yenilənməsi kimi yox, bütövlükdə mətbuata baxışın dəyişilməsi ilə xarakterizə olunacaq. Əgər qəzetlər lazımdırsa, mütləq modern standartlara cavab verən formada çıxmalıdır. Rəngli, çoxsəhifəli və oxunaqlı. Yəni dünya mətbuatında necədirsə, bizdə də elə olmalıdır. KİVDF-nin adından da göründüyü kimi KİV-in inkişafına dövlət dəstəyini təmin edən bir qurumdur. Amma gəlin görək, 2009-cu ildən bəri davamlı olaraq təmin edilən dövlət dəstəyinin qarşılığında, bu gün qəzetlər hansı inkişafa nail olub? Hansı standartları yaradıblar? Çox istərdim ki, sonda bu məsələlər nəzərdən keçirilisin. Qəzetlər tərəfindən ortada bir hərəkətlilik, təşəbbüs və inkişaf olmadan KİVDF-yə, ümumiyyətlə dövlətin mətbuata olan dəstəyinə davamlı mənbə kimi baxmaq praktikası yanlışdır. Yeni rəhbərliyin bu məsələləri öyrənərək təhlil etməsini, inkişafa səbəb olacaq addımlar atmasını gözləyirəm.

Müəllif: Mərahim Nəsib

Pin up casino Pin-up casino giriş