Dövlət başçısı: "Şuşanın tarixi simasını bərpa etməliyik"

Siyasət

12.04.2022 - 23:56

Prezident İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib

"Şuşanın bərpası bütün digər azad edilmiş torpaqlarla yanaşı, əlbəttə ki, çox önəmlidir və hesab edirəm ki, prioritet olmalıdır. Azərbaycan xalqı da bu yanaşmanı təqdir edir. İndi Şuşada artıq bərpa işləri gedir, bəzi tarixi abidələr bərpa edilib və bu il görüləcək işlərlə bağlı tapşırıqlar vermək istəyirəm. Tarixi abidələr bərpa edilir, Heydər Əliyev Fondu 3 məscidi əsaslı şəkildə bərpa edir, eyni zamanda, yeni məscidin inşası yaxın aylarda başlanacaq. Artıq yer müəyyən olundu, biz onun təməlini qoyduq".

AYNA xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti aprelin 12-də bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə yekun nitqində deyib.

"İndi digər tarixi abidələrin bərpası gedir. Bəzi təkliflər, eskizlər var və əlbəttə ki, biz Şuşanın tarixi simasını bərpa etməliyik. Hər hansı bir tarixi memarlıq ansambla xələl gətirə biləcək başqa layihə orada icra edilməməlidir. Şuşada yeni teleqüllənin təməli qoyuldu və yəqin ki, yaxın gələcəkdə layihə təqdim ediləcək. Təqdim edilən kimi mütləq vəsait ayrılmalıdır. 960 şagirdlik məktəb, 90 çarpayılıq xəstəxana inşa edilir. Bu layihələrin təməli qoyuldu. Keçmiş poçt binasında “ASAN xidmət”, DOST mərkəzi və əhaliyə xidmət göstərən digər qurumlar yerləşəcək. Poçt binası memarlığı saxlanılmaq şərti ilə əsaslı şəkildə təmir olunacaq.

Onu da bildirməliyəm ki, Şuşada yaşayış məhəlləsinin təməli qoyuldu, evlərin inşasına start verildi. Yeni beşulduzlu otelin inşası üçün yer seçildi. O, həmin yerdir ki, o vaxt qondarma qurum orada dırnaqarası parlament inşa etmək istəyirdi və digər şeytan yuvası orada yerləşmişdi. Müharibə zamanı o da yox oldu. İndi orada beşulduzlu otelin layihəsi mənə təqdim edildi. Şuşanın memarlığına uyğun gözəl bir bina olacaq. Şəhər meriyası binası əsaslı şəkildə təmir edilir və onun yanında yeni konfrans zalı inşa olunur. Çünki indi Şuşada böyük tədbir keçirmək üçün yer yoxdur. Ona görə konfrans zalı meriya binasına bitişik olacaq və orada yaxın gələcəkdə ən mötəbər tədbirlər keçiriləcək.

Gələn ay Şuşada “Xarıbülbül” festivalı yenidən keçiriləcək. Keçən il Heydər Əliyev Fondunun təşəbbüsü ilə bu festivalda Azərbaycanda yaşayan xalqlar öz istedadını nümayiş etdirmişlər. Bu gün isə eyni zamanda, biz dünyanın müxtəlif ölkələrindən folklor kollektivlərini dəvət etmişik. Artıq məndə ilkin məlumat var, vaxtından qabaq anons vermək istəmirəm, amma hesab edirəm ki, çox maraqlı festival olacaqdır. Artıq bu ənənəni də biz bərpa etmişik. Bildiyiniz kimi, TÜRKSOY Şuşanı 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan etmişdir", - Azərbaycan Prezidenti əlavə edib.

Müəllif: Ayna.az