Nazirlik kişinin bir il öncə arvadına balta ilə xəsarət yetirməsi məsələsinə aydınlıq gətirib
Daxili İşlər Nazirliyi (DİN) Yevlax rayon sakini Mehdi Qarayevin bir il öncə həyat yoldaşına balta ilə xəsarət yetirməsi məsələsinə aydınlıq gətirib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan AYNA-ya bildirilib ki, 2020-ci ilin yanvar ayında M.Qarayevin həyat yoldaşı Elnarə Qarayevaya xəsarət yetirməsi ilə bağlı Yevlax Rayon Şöbəsinə məlumat daxil olub və məlumatla əlaqədar müvafiq araşdırmalara başlanılıb: “Araşdırmaların nəticəsinə əsasən, M.Qarayev barəsində Cinayət Məcəlləsinin 127.2.2-ci (xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxs barəsində törədildikdə) maddəsi ilə cinayət işi başlanılaraq aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarına əsasən o, 1 il müddətinə azadlıqdan məhrum edilib”.