Deputatın “kredit faizlərini endirin” təklifi ciddi qarşılanmır: “Mənasız və populist...”

Cəmiyyət

29.04.2022 - 14:51

Əkrəm Həsənov: “Deputatlar niyə Mərkəzi Banka sui-istifadə halları üçün imkan yaradıblar?!”

Qubad İbadoğlu: “Ölkədə inflyasiya səviyyəsi yüksəkdirsə, borc faizləri necə aşağı ola bilər?!”

Milli Məclisin plenar iclasında deputat Tahir Kərimli kreditlər, kredit faizləri haqqında məsələni gündəmə gətirib. O, bank borclarının, faizlərin bu gün əsas problemlərdən biri olduğunu deyib: “Azərbaycanda elə ailə tapmaq olmaz ki, faizlər onları əzməsin. Yoxsul ölkələrdə, o cümlədən Azərbaycanda da kredit faizləri yüksəkdir. Camaat qazandığının hamısını borca verir. Biz Mərkəzi Bankın İdarə Heyətinə yeni sədr təyin etdik. Ondan xahiş edirəm ki, kredit faizlərinə 5-6 faiz limit qoyaq, faizləri, borcları silək. Xalqımızı əzən borc sistemi haqqında yeni rəhbərlik qərar qəbul etsin”.

İndiki vəziyyətdə deputatın bu təklifinin reallaşmasını gözləmək olarmı, bu, nə dərəcədə realdır? AYNA məsələni ekspertlərlə aydınlaşdırmağa çalışıb.

Hüquqşünas, bank və maliyyə eksperti Əkrəm Həsənov hesab edir ki, bazar iqtisadiyyatı şəraitində deputatın təklifi keçərli deyil: “Bu, tipik populist çıxışdır. Tahir Kərimli Azərbaycanın dövlət müstəqilliyinə səs vermiş deputatlardan biridir. Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktında biz yalnız dövlət müstəqilliyimizi deyil, həmçinin də iqtisadi sistemin seçimini də qeyd etmişik ki, bu da bazar iqtisadiyyatıdır. Bazar iqtisadiyyatı şəraitində kredit şərtləri təkliflə tələbin əlaqəsi əsasında müəyyən olunur. Buna görə də əgər biz SSRİ sisteminə geri qayıtmırıqsa, kredit faizlərini inzibati amirlik üsulu ilə müəyyən edə bilmərik”.

“Yəni deputatın təklifi bazar iqtisadiyyatı şəraitində işləyəcək bir təklif deyil. Lakin bu, o demək deyil ki, bazar iqtisadiyyatı şəraitində faiz dərəcələrinə təsir etmək mümkünsüzdür. Dövlət orqanlarının, xüsusilə də elə parlamentin bu məsələdə öz çəkisi, yeri var”, - deyə həmsöhbətimiz bildirib.

Faizlərin yüksək olmasının üç əsas səbəbini diqqətə çatdıran ekspertin sözlərinə görə, birinci və ikinci səbəb bankların maliyyələşdirilməsi, əmanətlərin faizi ilə bağlıdır: “Bilirik ki, banklar digər müştərilərdən cəlb etdiklərini kredit şəklində verir. Bu da əsasən bank əmanətləridir. Bizdə bank üzrə qorunan əmanət faizi yerli valyutada 12, xarici valytada isə 2.5 faizdir. Bunu da Əmanətlərin Sığortalanması Fondunun Himayəçilər Şurası müəyyən edib. 12 faizlə əmanət qəbul edən bank 5-6 faizlə necə kredit versin?! Ziyanla işləməlidir? Bankın özünün də xərcləri var və qazancı da olmalıdır. “Əmanətlərin sığortalanması haqqında” Qanunu parlament qəbul edib, o cümlədən də Tahir Kərimli. Qorunan əmanətlərə faiz müəyyən edilməsi səlahiyyəti Himayəçilər Şurasına verilib. Buna etiraz etsinlər, qanunla müəyyənləşdirilsin. Əmanət faizi 12 yox, 2 faiz olsun. Normal iqtisadi bank sistemlərində xaricdə belədir. 12 fazilə də əmanət olar?! Əmanət faizləri enərsə, buna əsasən banklarda kredit faizləri də enmiş olacaq”.

“Mərkəzi Bankın uçot dərəcəsi hazırda 7.75 faizdir. Müəyyən vaxtlarda – 2009-2010-cu ildə 2-3 faiz olub. İqtisadi nəzəriyyəyə görə, Mərkəzi Bank uçot dərəcsi ilə banklara və bank olmayan kredit təşkilatlarına kredit verəndə bu, onların verdiyi kredit dərəcələrinə də təsir etməlidir. Bizdə isə heç vaxt təsir etmir. Qeyd etdiyim kimi 2009-2010-cu illərdə Mərkəzi Bankın uçot dərəcəsi aşağı olsa da, o vaxt bankların kredit faizi indikindən də baha idi. Çünki Mərkəzi Bank bütün banklara bu krediti bərabər formada vermir. Burada da inhisarçılıq var. Təbii ki, bir neçə bank Mərkəzi Bankın ucuz kreditini alır, o birilər kənarda qalır və kredit faizləri yüksək olur. Lakin bu, bütün banklara şamil edilsəydi, rəqabət şəraitində kredit faizləri enəcəkdi”, - deyə ekspert söyləyib.

Onun sözlərinə görə, parlament bu məsələni Mərkəzi Bank qarşısında qaldırmalıdır: ““Mərkəzi Bank haqqında” Qanunda birbaşa qeyd edilməlidir ki, bu cür ayrı-seçklik olmasın. Eyni zamanda da parlament sözügedən kreditin qaydasını müəyyən etməlidir. Niyə indiyə qədər müəyyən etməyib, Mərkəzi Banka sui-istifadə halları üçün imkan yaradıb? Bunu da bizim deputatlar ediblər. Qanundakı bu cür boşluqlar öz təsirini göstərir”.

Kredit faizlərinin yüksək olmasının digər səbəbi kimi Həsənov ölkədə investisiya mühitinin əlverişli olmamasını göstərib: “Məhkəmə-hüquq sistemi sahibkarlar, banklar, vətəndaşlar üçün bərbaddır. Qeyri-müəyyənliklər çoxdur. Heç kəs bilmir ki, məhkəmələr sabah onların işinə necə baxacaq. Qeyri-rəsmi və rəsmi xərclər çox olduğundan, banklara da məhkəmə sistemindəki bu vəziyyət bəlli olduğundan onlar öz gələcək itkilərini faizə qoyurlar. Biz gərək məhkəmə sistemini düzəldək. Təəssüf ki, bizim qanunlarımız da məhkəmələrə şərait yaradır ki, öz səlahiyyətlərindən sui-istifadə etsinlər. Bu gün hər kəs məhkəmələrin fəaliyyətindən narazıdır. Ali Məhkəmə, Konstitusiya Məhkəməsi, Apellyasiya Məhkəməsinin hakimlərini parlament təyin edir. Bunları dəyişdirsinlər də! Parlament “Əmanətlərin sığortalanması haqqında” Qanuna, “Mərkəzi Bank haqqında” Qanuna dəyişiklik etsinlər, hakimlərin kənarlaşdırılması haqqında, ümumiyyətlə, məhkəmə sisteminin yaxşı işləməsi istiqamətində təkliflər versinlər. Bunları etsinlər, o zaman təkliflər işləsə, fazilər də enəcək. Əks halda populist fikirlərlə çıxış etmək lazım deyil”.

Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının sədri, iqtisadçı alim Qubad İbadoğlu da eyni fikirdədir. O, deputation fikrinin heç bir əsası olmadığı qənaətindədir: “Populist çxışdır, iqtisadi əsası yoxdur, ölkədə inflyasiya səviyyəsi yüksəkdirsə, borc faizləri necə aşağı ola bilər? Bu iki göstərici arasında düzmütənasiblik var”.

Çıxış yollarına qaldıqda, mütəxəssis əhalinin gəlir qazanması üçün sərbəst təşəbbüskarlıq hüquqlarının yaradılmalı olduğunu qeyd edib: “Azad sahubkarlıq və təsərrüfatçılıq imkanları yaradılmalıdır. Bazarlarda inhisarçılıq aradan qaldırılmalıdır, giriş baryerləri ləğv edilməlidir. Dövlət rəqabəti dəstəkləməlidir, bank bazarı liberallaşdırılmalıdır. İş yerləri açılmalıdır ki, əhalinin daimi gəlirləri olsun”.

Müəllif: Aləmdə Nəsib