Deputat Milli Məclisdə “məhşər ayağına” çəkildi: “Mandatını qoy, get!”

Cəmiyyət

25.04.2023 - 14:08

Millət vəkilləri həmkarları barədə sərt danışdılar – Vahid Əhmədovun işinə İntizam Komissiyasında baxılacaq

Milli Məclisin bu gün keçirilən iclasında gündəliyə daxil olan 11 məsələ müzakirəyə çıxarılıb. Gündəliyə keçməzdən əvvəl deputatlar cari məsələlərlə bağlı fikirlərini səsləndiriblər.

Deputat Fəzail Ağamalı çıxışı zamanı həmkarı Vahid Əhmədovun bu günlərdə videobloger Mehman Hüseynova verdiyi müsahibədə səsləndirdiyi fikirlərdən narazılığını bildirib. Ağamalı həmkarının müsahibəsini “xoşagəlməz” adlandırıb: “Əvvəlcə 23 aprel zəfərini xatırlatmaq istəyirəm. 23 aprel tarixində cənab Prezident növbəti qələbəyə imza atdı. Laçında sərhəd-buraxılış məntəqəsinin təsis olunması kimin nə deməsindən asılı olmayaraq, Azərbaycan xalqının haqq işidir. Buna görə cənab Prezident İlham Əliyevə təşəkkür edirəm, xalqımızı isə təbrikedirəm. Məni narahat edən bir məsələdən danışmaq istəyirəm. Bu yaxınlarda həmkarımız Vahid Əhmədov xoşagəlməz müsahibə ilə çıxış edib. Onun deməyindən belə çıxır ki, ölkədə həyata keçirilən sosial siyasət nəticə verməyib”.

Sizə kim bu haqqı verib ki...”

“Vahid müəllim siyasi partiyaların fəaliyyətinə kölgə salır. Sizə kim bu haqqı verib ki, Milli Məclisdəki partiyaların üzərinə bu cür böhtanla gəlirsiniz? AXCP və Müsavatın 44 günlük müharibə dövründə imzalanan bəyanata qol çəkmədikləri faktdır. Vahid müəllim isə deyir ki, bu partiyalar real partiyalardır”, - F.Ağamalı əlavə edib.

Deputat vurğulayıb ki, həmkarı Milli Məclisin də legitimliyini sual altına alıb: “Müsahibəsində ancaq 3 nəfər deputatın səs aldığını söyləyib. Buna görə də mən bütün suallara cavab verilməsi üçün İntizam Komissiyasının sədr müavini kimi xahiş edirəm ki, məsələnin İntizam Komissiyasında müzakirə olunması üçün müvafiq tapşırıqlar verilməsinə imkan yaradasınız”.

Vitse-spiker: “Adama deyərlər ki, istəmirsənsə, çıx get!”

Vitse-spiker Fəzail İbrahimli də deputat V.Əhmədovla bağlı sərt danışıb. Onun sözlərinə görə, bu gün dünya Azərbaycanın üstünə gəlir: “Həm də iti caynaqları ilə, mənhus baxışları ilə üstümüzə gəlirlər. Bu vəziyyətdə hamımız bir yerdə olmalıyıq. Biz keçən iclasda İranın qərəzli siyasətinə etiraz etdik, görüen bu gün nəyi müzakirə edirik. Çox təəssüf ki, öz həmkarımızın parlament haqqında dediklərini. Deyildi ki, Vahid müəllim “tələyə düşdü”. Bu fikirlə qətiyyən razı deyiləm. Vahid müəllim tələyə düşən oğlan deyil. Vahid müəllim nə edirsə, düşünərək edir. Adətən dövlətin, millətin çətin günlərində ağsaqqallara ehtiyac duyulur. Onlar gənclərimizin buraxdığı səhvlərin üzərinə getməlidir. Çox təəssüf ki, bu gün Vahid müəllim özünü müzakirə obyektinə çevirib”.

“Vahid müəllim, sizin maddi durumunuz Azərbaycanda hamıdan yaxşıdır, statusunuz var, vəzifəniz var, daha nə istəyirsiniz?”

“Deyirsən 3 nəfərdən başqa burda hamı saxtakardır. Niyə mənim heysiyyatıma toxunursan, Vahid müəllim? Az yaş fərqimiz var. Gənclər bizdən öyrənməlidir. Məgər Azərbaycan Milli Məclisi dövlətin bir qolu deyil? Belə çıxır ki, sən sınıq qolun yanında dayanırsan? Adama deyərlər ki, istəmirsənsə, çıx get! Bəyənmirsən, açıq şəkildə mandatını qoy, çıx get! Siz o solaxay düşüncələrin sahibi ilə üz-üzə oturmusunuz. Vahid müəllim, sizin maddi durumunuz Azərbaycanda hamıdan yaxşıdır, statusunuz var, vəzifəniz var, daha nə istəyirsiniz?”, - deyə İbrahimli sərt danışıb.

Daha sonra vitse-spiker spikerə müraciət edib: “Sahibə xanım, Azərbaycan Parlamentində oturub, Azərbaycan Parlamentinin ünvanına nalayiq ifadələr işlədən hər kəs cəzasını almalıdır!”.

Deputat: “Niyə bu adama qorxa-qorxa yanaşırsınız, nədən qorxursunuz?”

Deputat Siyavuş Novruzov həmkarı Vahid Əhmədovun müsahibə zamanı səsləndirdiyi fikirlərə etiraz edib. Millət vəkili bildirib ki, plenar iclaslarda büdcə müzakirələri, hökumətin hesabatı, Hesablama Palatasının hesabatı və digər məsələlər il ərzində müzakirəyə çıxarılır: “Kiminsə nəsə fikri, sözü varsa, parlament daxilində sözünü deyə, təklifini verə, tənqid edə bilər. Bu da dövlətin inkişafına dəstək olar. Eyni zamanda, Milli Məclisin fəaliyyətini işıqlandıran jurnalistlər var, mən onlara təşəkkür edirəm, onlar hər bir deputatın fikirlərini ictimaiyyətə çatdırırlar. Bunlar varkən, bu gün Azərbaycanın əleyhinə iş aparan iki qardaşa müsahibə vermək qəbulolunmazdır”.

“Həmkarımız dələduzun birinə müsahibə verib. Hansı ki, nə təhsili var, nə milliyəti məlumdur. Heç mövqeyi də məlum deyil. Axı, bu kimdir? Bunun hansı sənəti var? Niyə bu adama qorxa-qorxa yanaşırsınız, nədən qorxursunuz? Özü də bütün deputatları təhqir edib, öləni də, qalanı da, ağsaqqalı da, cavanı da”, - S.Novruzov vurğulayıb.

“Deyirsiniz ki, “mən dövlət adamıyam”, dövlət adamı dövlətin yanında olmalıdır”

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov isə həmkarının Türkiyə ilə bağlı çıxışını təndiq edib: “Vahid müəllim müsahibəsində deyir ki, Azərbaycanda hamının gözü var, hətta Türkiyənin də gözü var. Türkiyənin ölkəmizdə nə gözü var? Bu, qardaşdır! Qardaş, dost, müttəfiq haqqında belə söz demək olarmı, Vahid müəllim? Vallah yaramaz! Siz dəfələrlə deyirsiniz ki, “mən dövlət adamıyam”, dövlət adamı dövlətin yanında olmalıdır, Mehman Hüseynovun, AXCP-nin, Müsavatın, İranın, Rusiyanın yox”.

Deputatlar Kamran Bayramov, İlham Məmmədov və Elşən Musayev də V.Əhmədovun dediklərinə etirazlarını bildiriblər.

Vahid Əhmədovdan həmkarlarına cavab: “İntizam Komissiyasında bütün suallara cavab verməyə hazıram”

Deputat V.Əhmədov isə cavab çıxışında bildirib ki, hər zaman dövlətin yanında olub: “Birincisi, mən uzun müddətdir Milli Məclisdə təmsil olunan və müxtəlif illərdə vəzifələrdə çalışan şəxs kimi, həmişə dövlətin yanında olmuşam. Hər zaman da dövlətçilik mövqeyini müdafiə etmişəm, yenə də müdafiə edirəm. Həm Milli Məclisdə, həm də mətbuatda hamıya aydındır ki, mən hansı mövqedə olmuşam. Burada Fəzail Ağamalı elan etdi ki, mənim məsələmə İntizam Komissiyasında baxılsın. Buna etirazım yoxdur, baxsınlar. Mən bütün suallara cavab verməyə hazıram”.

Milli Məclisin sədri Sahibə Qafarova deputatın məsələsi ilə bağlı tapşırıq verib: “Deputat Vahid Əhmədovla bağlı məsələnin İntizam Komissiyasında baxılmasını tapşırıram. Bu məsələ ilə bağlı çox ciddi məşğul olun. Komissiyada müzakirə aparın və mənə məruzə edin”.

Milli Məclisin deputatları sədrin tapşırığını dəstəkləyiblər.

Xatırladaq ki, bir neçə gün öncə deputat V.Əhmədov bloger Mehman Hüseynovun “Sancaq” adlı “YouTube” internet kanalına müsahibə verib. Onun müsahibədə Milli Məclislə bağlı səsləndirdiyi fikirlər deputatların narazılığına səbəb olub.

Bundan sonra Milli Məclisdə Hesablama Palatasının illik hesabatı dinlənilib. Hesabatı Palatanın sədri Vüqar Gülməmmədov təqdim edib.

Müəllif: Anar Bayramoğlu