Danışıqlarda 27 sentyabrdan əvvəlki vəziyyətə qayıtmaq? – <font color=red> Qətiyyən!</font>

Siyasət

23.10.2020 - 13:22

Araz Aslanlı: “ABŞ da Rusiya kimi əvvəlki yanaşmanı davam etdirsə, səfərin də, görüşün də mənası olmayacaq”

 

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov ABŞ-da səfərdədir. Nazirin Vaşinqtonda ABŞ-ın Dövlət katibi Mayk Pompeo və ATƏT-in Minsk Qrupunun həmdəsrləri ilə görüşü keçiriləcək. Azərbaycan XİN-dən bildirilib ki, Bayramov görüşlərdə Dağlıq Qarabağdakı hazırkı vəziyyəti müzakirə edəcək.

 

Bununla yanaşı, Ermənistanın XİN rəhbəri Zöhrab Mnatsakanyan da Vaşinqtona eyni tarixdə səfər edib. Azərbaycan və Ermənistan XİN başçılarının bu dəfə Vaşinqtonda görüşəcəyi, münaqişənin nizamlanması ilə bağlı məsələlərin müzakirə olunacağı bildirilir. Gözlənilən odur ki, Minsk Qrupunun həmsədrlərindən olan ABŞ tərəfindən də XİN başçılarına təkliflər veriləcək.

 

Maraqlıdır, Rusiya XİN başçısı Sergey Lavrovun Moskvada 12 saata yaxın çəkən görüşdə verdiyi təklifdən Pompeonun təklifi nə ilə fərqlənə bilər? Bəllidir ki, Minsk Qrupu atəşin dərhal dayandırılmasını, danışıqlara dönməyə çağırış edir. Atəşkəs razılaşdırılsa da, işğalçı Ermənistan atəşə davam edir, Azərbaycan cavab atəşi açır və əməliyyatlar davamlı xarakter alır. Yəni, Minsk Qrupunun artıq təklif və çağırışları əhəmiyyətini itirib. Bəs, belə olan halda ABŞ-dakı görüşün əhəmiyyəti nədir?

 

Mövzu ətrafında fikirlərini AYNA ilə bölüşən Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) rəhbəri, politoloq Araz Aslanlı deyib ki, XİN başçılarının ABŞ-a dəvət edilməsi, münaqişənin dinc yolla nizamlanması prosesinin formal mərhələlərindən biri olacaq:

Aslanlı: “Azərbaycan, Türkiyə və Gürcüstan əməkdaşlığı iqtisadi imkanlar  yaradır”

- Ona görə formal mərhələ deyirəm ki, istər Rusiya olsun, istərsə Fransa, ABŞ və ya BMT olsun, məsələyə beynəlxalq hüquq kontekstində yanaşsalar, Ermənistandan tələb etməlidirlər ki, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələri yerinə yetirsin, işğal etdiyi əraziləri dərhal boşaltsın. İkincisi, rəsmi İrəvan beynəlxalq hüququn prinsiplərinə sadiq qalsın. Daha sonra Ermənistanın dinc sakinlərə atəş açması, dağıntılar törətməsi müzakirə olunmalıdır. Bütün bunlar Ermənistandan tələb ediləcəkmi? İnanmıram.

 

- Yəni, həmsədrlər məsələyə hüquqi prizmadan yanaşmalı, tələbi bu kontekstdə etməlidirlər?

 

- İstənilən vasitəçi, xüsusən də həmsədrlər nəzərə almalıdır ki, tərəflərdən istəyəcəyi birinci məsələ, tərəflərin beynəlxalq hüquqa sadiq qalmaları olmalıdır. İkinci tələb isə ondan ibarət olmalıdır ki, tərəflər beynəlxalq təşkilatların indiyə qədər qəbul etdiyi sənədlərin icrasına hörmətlə yanaşsın. Tərəflərdən biri beynəlxalq təşkilatların qəbul etdiyi qərarlara hörmət etmirsə, beynəlxalq hüququn tələblərini ayaqlar altına atırsa, o zaman istənilən müzakirə, görüş formal xarakter daşıyacaq. İndiyə qədər keçirilən görüşlər də formal idi, amma mənalı görünürdü. Çünki belə bir görüntü var idi ki, guya, Ermənistan güclüdür, Azərbaycan zəifdir, hüquq Ermənistan tərəfində olmasa da, güc onlardadır, ona görə də Azərbaycan sülh danışıqlarına məcburdur. Belə absurd yanaşma var idi. Bu amil həmsədrlərin baxışında danışıqları cüzi də olsa, mənalı edirdi. Yəni, bir növ hüquqla gücün mübarizəsi olurdu. İndi isə Azərbaycan əvvəlki kimi yenə haqlıdır, həm də güclüdür. Həmsədrlər indi zəhmət çəksinlər, Ermənistanı beynəlxalq hüquqa hörmət etməyə, BMT qətnamələrini yerinə yetirməyə məcbur etsinlər. Bunu etmirlərsə, istər Moskvada danışıqlar aparılsın, istər Vaşinqtonda, istərsə də Parisdə - formal xarakter daşıyacaq.

 

- Necə ki, indiyə qədər formal xarakter daşıyıb...

 

- Xeyr, indiyədək aparılan danışıqların hamısı formal olmayıb. Elə vaxtlar olub ki, vasitəçilər tam beynəlxalq hüquqa uyğun olmasa da, faydalı təkliflər ortaya qoyublar. Məsələn, 1997-ci ildə hazırladıqları mərhələli həll planı kimi. O vaxt Ermənistan az qalmışdı ki, bunu qəbul etsin. 1997-ci ildə ABŞ-ın da, Fransanın da mərhələli plana mövqeyi normal idi, istəyirdilər ki, problem həll edilsin. Məlum həmsədr - Rusiya buna mane oldu, imkan vermədi. Ermənistanın o vaxtkı Prezidenti Levon Ter-Petrosyan istefaya məcbur edildi, Robert Koçaryan hakimiyyətə gətirildi. İndi Pompeo tərəfləri danışığa çağırıb. Vaşinqton tərəflərdən beynəlxalq hüququn tələblərinin yerinə yetirilməsini istəyəcəksə, görüş faydalı ola bilər.

Cəbhədə gərginlik artıb - düşmən snayperlərini yenidən işə saldı - modern.az

- Sizin dediyiniz kimi, Ermənistandan beynəlxalq hüquqa hörmət, BMT qətnamələrini icra etmək tələb ediləcəkmi?

 

- Bunu zəif ehtimal kimi görürəm. Əlbəttə, Azərbaycan görüşlərə getməklə, müzakirələrdə iştirak etməklə doğru addım atır. Çünki Azərbaycan haqlıdır, güclüdür. Rəsmi Bakını danışıqlardan qaçıracaq amil yoxdur. Təbii ki, hər dəvət göndərənin dəvətinə gedəcək qədər zamanımız yoxdur. Amma ABŞ, Rusiya, Türkiyə kimi güclü dövlətlərin dəvətini qəbul etmək lazımdır. Baxmaq lazımdır ki, nə təklif edirlər. Əgər ABŞ da Rusiya kimi əvvəlki yanaşmanı davam etdirsə, səfərin də, görüşün də mənası olmayacaq.

 

- Vaşinqtonda XİN başçılarına yeni təkliflər verilə bilər?

 

- Məncə, həmsədrlər Qarabağla bağlı vəziyyəti 27 sentyabrdan əvvəlki vəziyyətə qaytarmaq istəyirlər. Əlbəttə, bunun mümkün olmadığını bilirlər. Amma danışıqlar prosesinin mahiyyəti baxımından fikirləşirlər ki, bəlkə qaytara bildilər. Söhbət keçmiş Dağlıq Qarabağ Vilayətinin ətrafı ilə onun inzibati ərazilərini ayırmaqdan gedir. Amma bu, Azərbaycan üçün məqbul deyil. Nə beynəlxalq hüquqa, nə Azərbaycanın qanunlarına, nə də mövcud vəziyyətin reallıqlarına uyğundur. Azərbaycan mərhələli həlli o vaxt qəbul edərdi ki - necə ki 1997-ci ildə qəbul etmişdi - bir milyondan artıq məcburi köçkün yurdsuz-yuvasız yaşamazdı. Azərbaycan 30 ildə bu qədər maddi itkiyə, psixoloji zədəyə məruz qalıb, atəşkəs dövründə nə qədər şəhid verilib. Ermənistan beynəlxalq hüququ tapdayaraq arqument gətirirdi ki, bu qədər qurban verərək torpaq almışıq, bunu qaytara bilmərik. İndi Azərbaycan qurbanlar verərək ərazilərini işğaldan azad edir. İndi rəsmi Bakı niyə mərhələli həlli qəbul etməlidir ki? Həmsədr ölkələr istəyirlər ki, Azərbaycan beynəlxalq hüquqa zidd təkliflərə “hə” desin. Bunu Lavrov istəyir, bunu Fransa istəyir. Ehtimal var ki, ABŞ-da da bu təkliflər verilsin. Tərəflər masadakı prinsiplərə sadiq olmağa çağırılır. Amma Azərbaycan o çağırışlara əməl etməyə məcbur deyil. Əvvəlcə, masaya sənəd qoyanların özləri beynəlxalq hüquqa sadiqlik nümayiş etdirməlidirlər. Həmsədr ölkələr təkliflərini beynəlxalq hüquqa, BMT-nin qətnamələrinə uyğunlaşdırana qədər heç kim rəsmi Bakıya deyə bilməz ki, gəl filan planı dəstəklə, qəbul et və s. Əvvəlki plan status-kvonun davam etməsi deməkdir ki, bunu özünə hörmət edən ölkələr, güclər yenidən masaya gətirməməlidirlər. Özünə və beynəlxalq hüquqa hörmət edəh heç bir ölkə də qəbul etməməlidir.

 

- Vəziyyəti 27 sentyabrdan əvvəlkinə qaytarmaq necə mümkün ola bilər? Axı, Azərbaycan işğalda olan 3 şəhəri, strateji yüksəklikləri, xeyli sayda kəndi, Dağlıq Qarabağın inzibati ərazisinə daxil olan kəndlər və qəsəbə azad edib...

 

- Lavrov açıqlamasında açıq şəkildə Dağlıq Qarabağla ətraf rayonları ayırdı. Açıq şəkildə də dedi ki, müzakirə olunan son təkliflərə qayıtmaq lazımdır. Son təklifə görə də, Azərbaycan azad etdiyi ərazilərin bəzilərindən əsgərlərini çıxarmalıdır. Hesab edirəm ki, XİN başçılarının Moskva görüşündən öncə cənab Prezident İlham Əliyevin Hadrut qəsəbəsinin işğaldan azad olunduğunu elan etməsi, müəyyən dairələrə mesaj idi. Ölkə başçısı bununla bildirdi ki, biz sizin müəyyənləşdirdiyiniz psixoloji sərhədlər daxilində qalmayacağıq, beynəlxalq hüquqa uyğun çərçivələrlə hərəkət edəcəyik. Prezident Hadrutun azadlığını elan etməklə həmsədrlərə dedi ki, artıq şərtləri onlar diktə etmirlər.

 

- Danışıqlar bərpa olunacağı təqdirdə, Minsk Qrupu hazırkı situasiyaya uyğun sənəd hazırlaya, yeni təkliflərlə çıxış edə bilərmi?

 

- Həmsədrlər yeni təklif hazırlamaqdan maksimum qaçacaqlar. Mümkün qədər çalışacaqlar ki, Azərbaycan əvvəlki təkliflərə razı olsun. Bu alınmayanda isə məcbur olacaqlar ki, azad olunmamış ərazilər üzərində sülh danışığı getsin. Hesab edirəm ki, buna da Azərbaycan razılaşmayacaq. Çünki azad olunduğu elan edilənlər başqa, döyüş meydanındakı vəziyyət başqadır. Reallığı Ermənistan da, həmsədrlər də bilirlər. Həmçinin, bizim qurbanlarımız, Gəncədəki mülki qurbanlarımız da, cəbhədəki şəhidlərimiz də təkcə azad edildiyi elan olunanlar üçün deyil. Biz qurbanları Azərbaycan ərazilərinin bütöv şəkildə azad edilməsi üçün vermişik, hələ də verməkdəyik. Düşünürəm ki, Azərbaycan sülh danışıqlarına qaldığı yerdən davam etməsinə razı olmayacaq. Rəsmi Bakının şərtləri var ki, onlar hamısı yerinə yetirilməlidir. Azərbaycan ümumilikdə müharibənin tarixini dəyişdi. Şərtlərdə ərazilərin qrafiklə boşaldılması əsas məsələ kimi qoyulub ki, buna ciddi şəkildə əməl olunmalıdır. Əks təqdirdə, hansısa nəticə olmayacaq. Çünki bundan sonra diktə edən tərəf rəsmi Bakıdır.

Müəllif: Anar Bayramoğlu