Tayvan vəziyyəti müşahidə etmək üçün əraziyə hava patrulu göndərib, radio xəbərdarlıqlar edilib
Çin Xalq Respublikasının Xalq Azadlıq Ordusu Tayvan yaxınlığına onlarla hərbi gəmi və təyyarə göndərib. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Tayvan Silahlı Qüvvələri məlumat yayıb.
“Avqustun 30-da saat 17:00-a (Bakı vaxtı ilə 13:00) Tayvan Silahlı Qüvvələri Tayvan yaxınlığında dəniz və hava məkanında Çin Xalq Azadlıq Ordusunun 24 təyyarəsi və 11 gəmisinin olduğunu müəyyənləşdirib", - məlumatda vurğulanıb.
Qeyd edilib ki, 8 Çin təyyarəsi “median” xəttini keçib. Onların arasında iki Su-30 qırıcısı, iki J-11, iki J-16, bir JH-7 qırıcı-bombardmançı və bir Y-8 sualtı qayıq əleyhinə təyyarələr olub.
Ada səlahiyyətliləri vəziyyəti müşahidə etmək üçün hava patrulu göndərib, radio xəbərdarlıqlar edilib. Bununla yanaşı, zenit-raket sistemləri yerləşdirilib.
Qeyd edək ki, Tayvan ətrafında vəziyyətin gərginləşməsi ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin avqustun 2-də adaya səfəri fonunda baş verib. Pekin amerikalı siyasətçinin səfərini Çinin vahid prinsipinin pozulması və ölkənin dövlət suverenliyinə qəsd hesab edib.