Çeklərin aqibəti necə oldu: Yüzminlərlə vətəndaşın qulağı səsdədir

Cəmiyyət

16.09.2021 - 17:13

Novella Cəfəroğlu: “Hökumət bu məsələyə qayıtmağa təşviq edilməlidir

Səidə Qocamanlı: “Məsələyə mütləq şəkildə baxılmalı və ilk növbədə çekləri əllərində qalan vətəndaşların dəqiq sayı müəyyən edilməlidir

Səadət Bənənyarlı: “Kütləvi müraciətlər olarsa, həm hüquq müdafiəçiləri, həm də deputatlar məsələni gündəmə gətirə bilərlər”

Ötən əsrin 90-cı illərində mərhum Prezident Heydər Əliyev Sovet dövründən qalan dövlət müəssisələrinin özəlləşdirilməsi zamanı vətəndaşların haqqı olan əmlakın onlara paylanması məqsədilə fərman imzaladı. Fərmanda qeyd olunurdu ki, vətəndaşlara əvəzsiz olaraq özəlləşdirmə çekləri paylanılacaq. Bununla da insanlar çekləri həm alıb-sata, həm də həmin çeklərlə özəlləşdirmə prosesində iştirak edərək müəssisələrdə pay sahibinə çevrilə bilərdilər.

Lakin əhalinin böyük hissəsinin qiymətli kağızlar bazarı ilə bağlı informasiyasının az olması, yanlış informasiyalarla bazarın yönəldilməsi, özəlləşdirilən müəssisələrin sonradan bağlanması, dağılması son nəticədə çeklərin əllərdə dəyərsiz bir kağız parçasına çevrilməsinə səbəb oldu. Üstəlik, 2011-ci ildən etibarən tədavülü dayandırıldı. Lakin bu gün də çekləri əllərində qalan yüzminlərlə vətəndaş var.

Görəsən, həmin şəxslərin hüquqları necə qorunmalıdır? AYNA mövzunu hüquq müdafiəçiləri ilə müzakirə edib.

Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlunun sözlərinə görə, özünə və ailə üzvlərinə məxsus özəlləşdirmə vauçerlərini bu günə qədər saxlayır: “1996-cı ildə mərhum Prezident Heydər Əliyevin sərəncamı ilə özəlləşdirmə çeklərinin əvəzsiz olaraq əhaliyə paylanılması barədə fərmanı cəmiyyətdə böyük maraqla qarşılandı. Nəzərdə tutulurdu ki, özəlləşəcək müəssisələrdən əsas paylar vətəndaşlara verilsin. Bundan yaxşı nə ola bilərdi ki?! Təbii ki, həmin zaman bu fərman böyük coşqu ilə qarşılandı”.

“O səbəbdən ki, Azərbaycan bir sistemdən digər sistemə keçid edirdi. Sovetdən qalan dövlət əmlakının özəlləşdirilməsi zamanı vətəndaşların əsas pay sahibinə çevrilməsi tarixi addım idi. Lakin gözləntilər özünü doğrultmadı. Əhali bu barədə geniş məlumatlandırılmadı, müəyyən qüvvələr bu vəziyyətdən öz xeyrinə sui-istifadə etdilər. Nəticədə vətəndaşlar əllərində olan çekləri “qara bazar”da dəyər-dəyməzinə satdılar. 2011-ci ildən isə ümumiyyətlə proses dayandı”, - deyə hüquq müdafiəçisi bildirib.

Cəfəroğlu qeyd edib ki, onlar bu məsələni qaldıra bilərlər: “Sözsüz ki, bu məsələdə yüzminlərlə vətəndaşın hüquqları pozulub. Onların çekləri əllərində qalıb. Düzdür, iddia edə bilərlər ki, zamanında sata bilərdilər. Lakin onlar bunu satmaq üçün almamışdılar axı! Azərbaycanda bu günə qədər xeyli iqtisadi layihələr həyata keçirib. İmkanımız var idi ki, bu məsələni də həll edək. İndiki məqamda əsas diqqət işğaldan azad edilən torpaqlarımızın bərpasına yönəlib. Bu gün olmasa da, bu işləri yekunlaşdırandan sonra bu məsələ yoluna qoyula bilər. Bu əsnada məsələnin daim gündəmdə saxlanılması vacibdir. Hökumət çeklərin tədavül müddətinin artırılmasına təşviq edilməlidir”.

İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi Bürosunun rəhbəri Səidə Qocamanlı isə özünə və ailə üzvlərinə məxsus özəlləşdirmə çeklərini satdıqlarını deyib: “Çünki hamı satırdı, hamı kimi bizim də ehtiyaclarımız var idi. Bu səbəbdən saxlamağa lüzum duymadıq. Digər yandan bu çekləri paylayanda deyirdilər ki, insanlar müəssisələrdə pay sahibi olacaqlar, hər kəsin özü üçün yeni sahə seçməsinə şərait yaranacaq. Görəndə ki, bunlar baş vermədi, “qara bazar”da kim neçəyə gəldi, bu çekləri satdı, biz də satdıq getdi. Sonradan bu məsələ unuduldu və sanki belə bir şey olmamışdı”.

“Bu gün Azərbaycanda kifayət qədər sosial problemlər mövcuddur. Uşaq pulları, mülkiyyət toxunulmazlığı və s. Çeklər məsələsi də bu problemlərdən biridir. Dövlət qurumları vətəndaş cəmiyyəti institutları ilə birlikdə monitorinq aparmalı, çekləri əllərində qalan vətəndaşların statistikası çıxarılmalıdır. Bunlar baş verərsə, yaxın gələcəkdə məsələ aktuallıq qazana bilər. İndiki halda isə bu niyyət görünmür. Həm hökumət, həm də vətəndaşlar tərəfindən”, - deyə həmsöhbətimiz söyləyib.

Qocamanlı qeyd edib ki, əgər yüzminlərlə vətəndaş bu problemdən əziyyət çəkirsə, mütləq şəkildə məsələyə baxılmalıdır: “İlk növbədə onların dəqiq sayı müəyyən edilməlidir. Bu olmadıqda müxtəlif rəqəmlər səsləndirilə, ortaya çıxa bilər. KİV-lər, mətbuat orqanları da bu prosesdə yaxından iştirak etməlidir. Yekunda məsələyə həm parlamentdə, həm də mərkəzi icra hakimiyyəti orqanlarında baxıla bilər”.

Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan bölməsinin sədri Səadət Bənənyarlı vaxtilə ona təqdim olunan çeklərin taleyindən xəbərsizdir: “Açığını deyim ki, dəqiq yadıma gəlmir, biz o çekləri satmışıq, ya da itirmişik. Bircə onu bilirəm ki, bizim vauçerlərimiz qalmayıb. Təbii ki, bu prosesdən gözləntilər çox böyük idi. O da məlumdur ki, bu gözləntilər özünü doğrultmadı. Faktiki olaraq vətəndaşlar özəlləşdirmə prosesində iştirak etmədilər. Onlara məxsus payları “qara bazar”da satdılar. Bir neçə dəfə tədavül müddəti artırılsa da, 2011-ci ildən bu məsələyə nöqtə qoyuldu”.

“İlk növbədə hüquqları pozulan vətəndaşlar özləri bu məsələdə aktivlik nümayiş etdirməlidirlər. Əgər kütləvi müraciət olarsa, o zaman hüquq müdafiəçiləri olaraq biz də onlara dəstək verə bilərik. Eyni zamanda deputatları da bu məsələyə cəlb edə bilərlər. Öncə monitorinq aparılmalı, sayları dəqiq müəyyən edilməli və yekunda birgə müraciət olunmalıdır. Çox təəssüf ki, bu məsələ unudulub və hüquqları pozulan şəxslərin haqlarını bərpa etmək üçün yenidən səfərbər olunmalarına ciddi ehtiyac var”, - deyə Bənənyarlı vurğulayıb.

Əlavə edib ki, bu, kifayət qədər mütərəqqi addım idi və sona qədər icra edilməsinə ehtiyac var: “Ən azından, heç olmasa kimlərin əlində çeklər qalıbsa, onların məsələsi həll olunmalıdır. Müvafiq qurumlar da bu istiqamətdə hərəkətə keçməli, həmin insanların statistikasını aparmalıdır”.

Müəllif: Bünyamin