Cahangir Əsgərov və Misir səfiri hava əlaqəsinin genişləndirilməsini müzakirə ediblər
AZAL-ın prezidenti Cahangir Əsgərov və Misir səfiri hava əlaqəsinin genişləndirilməsini müzakirə ediblər. Bu barədə AYNA-ya "Azərbaycan Hava Yolları"nın Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, görüş zamanı AZAL-ın prezidenti Cahangir Əsgərovun Misirin Azərbaycandakı səfiri Hişam Mohammed Naqi Abdel Hamid ilə mülki aviasiya sahəsində qarşılıqlı əməkdaşlığın gündəliyinə dair fikir mübadiləsi aparılıb.
“Qahirədən Bakıya sərnişin reysləri açıldığı təqdirdə, Heydər Əliyev Beynəlxalq Aeroportunda “Air Cairo” aviaşirkətinə hava limanı tərəfindən müəyyən edilmiş qaydada endirimlər tətbiq olunacaq”, - deyə Cahangir Əsgərov qeyd edib.