Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya Dəstəsinin iki helikopteri cəlb olunub
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Xəzər dənizinin, Astara rayonu sahillərindən 30 km dənizə İran İslam Respublikasının bayrağı altında üzən “Şəbahəng” quru-yük gəmisinin qəzaya uğraması barədə məlumat daxil olub.
Bu barədə AYNA-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya Dəstəsinin iki helikopteri cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.
Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən də baş verənlərlə bağlı AYNA-ya açıqlama verilib. Bildirilib ki, bu gün saat 14:15-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Baş Komanda-Nəzarət Mərkəzinə İran İslam Respublikasının bayrağı altında üzən “Şəbahəng” quru-yük gəmisinin Lənkəran reydində sahildən 15 mil məsafədə batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.
Cənub istiqamətində dövlət sərhədinin mühafizəsini həyata keçirən “Tufan” tipli sərhəd gözətçi gəmisi dərhal hadisə yerinə göndərilib. Sərhəd gözətçi gəmisi hadisə yerinə çataraq xilasetmə əməliyyatına başlayıb, batan gəminin 9 nəfərdən ibarət olan ekipajı tam heyətlə xilas edilib.