Britaniyalı nazirin Bakı səfəri və Moskvada isterika: artıq öz kölgələrinə də diş qıcayırlar

Siyasət

02.04.2022 - 10:20

Sabiq nazir: “Azərbaycan gərgin geosiyasi şəraitdə öz maraqlarını qorumalıdır və qoruyur”

Politoloq: “Rusiya elə bir vəziyyətdədir ki, regionda baş verən hər bir addımı özünə qarşı təhlükə kimi görür”

Britaniyanın silahlı qüvvələr naziri Ceyms Heppi martın 30-da Azərbaycana bir günlük rəsmi səfər edib. Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, müdafiə naziri Zakir Həsənov və xarici işlər naziri Ceyhun Bayramovla görüşən Heppi Ukraynaya göstərdiyi humanitar yardıma görə Azərbaycana minnətdarlığını bildirib.

Ceyms Heppi ilə İlham Əliyev arasındakı görüşdə Böyük Britaniya tərəfindən neft, qaz, Azərbaycan iqtisadiyyatına sərmayə qoyuluşu, ticarət, nəqliyyat, müdafiə sahələrində əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə əhəmiyyətli töhfə verdiyi qeyd olunub.

Britaniyalı nazirin Bakı səfərindən sonra Rusiya televiziyalarında Azərbaycanın əleyhinə növbəti təbliğat kampaniyasına start verilib. Rus KİV-ləri ABŞ və Britaniyanın qonşu dövlətlər vasitəsilə Rusiyaya təzyiq etdiyini iddia edir. Onların arqumentinə görə, guya hər iki dövlət Polşa və Azərbaycan istiqamətindən Moskvaya qarşı yeni çəmbər qurur.

Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov AYNA-ya açıqlamasında deyib ki, həm Rusiya, həm də Qərb Azərbaycanı öz yanında görmək istəyir: “Rusiya mətbuatında ölkəmizin əleyhinə aparılan təbliğat, Britaniya silahlı qüvvələr naziri Ceyms Heppinin Bakı səfərinin nəticələrinə dair irəli sürülən tezislər hamısı əslində bu məqsədə xidmət edir. Moskva bu gün dünyanın təzyiqləri ilə üz-üzə qalıb, tarixdə ona qarşı görünməmiş ölçüdə çoxvektorlu sanksiyalar tətbiq edilib. Eyni zamanda Ukraynaya qarşı hərbi müdaxiləsi Rusiyanın özü üçün də ciddi fəsadlar yaradıb. Bu xüsuda bu cür açıqlamaları ciddiyə almağın tərəfdarı deyiləm”.

“Bütün bunlar Rusiya rəsmilərinin də söylədiyi kimi, müəyyən emosional fikirlərdir. Lakin bir məsələ var ki, bu gün rəsmi səviyyədə Azərbaycanın həm Rusiya ilə, həm də Qərb dairələri ilə hər hansı problemi yoxdur. Britaniyanın silahlı qüvvələr nazirinin Bakıya səfəri ilə yanaşı, Azərbaycanın rəsmi Moskva ilə də təmasları davam edir”, - deyə həmsöhbətimiz bildirib.

Onun sözlərinə görə, Azərbaycan mürəkkəb geosiyasi şəraitdə çox düzgün diplomatik siyasət yürüdür: “Təsəvvür edin ki, dünyanın iki nüfuzlu qüvvəsi gərgin mübarizə aparır. Bu mübarizənin də episentri yerləşdiyimiz regiondur. Regiondakı dövlətlərin atacağı addımlar, sərgilədiyi mövqe hər iki tərəfdən diqqətlə izlənilir. Bir daha söyləmək istəyirəm ki, həm ABŞ və Britaniya, həm də Rusiya region dövlətlərini, o cümlədən də Azərbaycanı öz ətrafında görmək istəyir. Bəzi region ölkələri bu münaqişədə tərəf olsa da, Azərbaycan çox azsaylı dövlətlərdəndir ki, öz müstəqilliyini qoruya bilib”.

Diplomat qeyd edib ki, məhz elə bunun nəticəsidir ki, həm Rusiya, həm də Ukrayna liderləri Azərbaycan Prezidentinə xüsusi ehtiramla yanaşırlar: “Gərgin diplomatik şəraitdə bu, böyük uğurdur və balanslaşdırılmış xarici siyasət kursu davam etdirilməlidir. Rusiya KİV-lərinin Azərbaycana qarşı apardığı təbliğatın nəticəsiz olduğu hər kəsə, hətta həmin fikirləri söyləyənlərin özlərinə də məlumdur”.

“Azərbaycan gərgin geosiyasi şəraitdə öz maraqlarını qorumalıdır və qoruyur. Hesab edirəm ki, Azərbaycan KİV-ləri, ictimai-siyasi xadimləri Rusiya KİV-lərinin başlatdığı kampaniyaya öz etirazını bildirməlidir. Lakin bundan narahat olmağa, hər hansı “rus ekspertləri”nin təxribatçı açıqlamalarından uzaqgörən nəticələr çıxarmağa da ehtiyac yoxdur”, - deyə Zülfüqarov vurğulayıb.

Cənubi Qafqaz Araşdırma Mərkəzinin sədri, politoloq Məhəmməd Əsədullazadə mövzu ilə bağlı AYNA-ya deyib ki, Qarabağ zəfərindən sonra Böyük Britaniyanın regiona marağı artıb: “Cənubi Qafqaz və Mərkəzi Asiya regionu Londonun maraq dairəsindədir. Sirr deyil ki, Böyük Britaniya BMT Təhlkəsizlik Şurasında Qarabağla bağlı Azərbaycanın əleyhinə yönələn qətnaməyə veto qoyan dövlətdir. Həm müharibə dövründə, həm də ondan qabaqkı və sonrakı dövrlərdə dəfələrlə Azərbaycanı dəstəkləyən mövqe nümayiş etdirib. Eyni zamanda Ankara ilə London arasında da münasibətlər yüksək səviyyədədir. Hətta bu xüsusda London-Ankara-Bakı tandeminin olduğunu da söyləyə bilərik”.

“Britaniya silahlı qüvvələr naziri Ceyms Heppinin Bakı səfəri təbiidir və hər hansı üçüncü dövlətə qarşı yönəlməyib. Xüsusilə Rusiyaya qarşı hər hansı birgə fəaliyyət nəzərdə tutulmayıb və ümumiyyətlə, müzakirə mövzusu deyil. Azərbaycanla Rusiya arasında imzalanmış müttəfiqlik bəyannaməsində hər iki ölkənin bir-birinin maraqları əleyhinə fəaliyyət göstərməsi qadağan olunub”, - deyə ekspert bildirib.

O, hesab edir ki, Rusiya KİV-lərinin Azərbaycana qarşı  qara-piar kampaniyası isterik münasibətin təzahürüdür: “Görünür, Böyük Britaniyanın Cənubi Qafqaza və Mərkəzi Asiyaya açılım siyasəti Kremli ciddi şəkildə narahat edir. Bu əsnada Azərbaycanın Britaniya ilə əməkdaşlığını da özləri üçün təhdid sayırlar. Ona görə də Rusiya mətbuatında məhz Kremlin təlimatı ilə Azərbaycana qarşı qarayaxma kampaniyası aparılır”.

Politoloq Rusiya Dövlət Dumasının deputatı Mixayıl Delyaginin Azərbaycanla bağlı məlum təhdidini də təsadüf saymır: “Təbii ki, bütün bunlar söylədiyim kimi, vahid mərkəzdən idarə olunur. Bu isə ölkələrimiz arasında imzalanmış müttəfiqlik bəyannaməsinin ruhuna ziddir. Düzdür, rəsmi Moskva bunula bağlı öz mövqeyini ortaya qoyub. Lakin ardınca rus KİV-lərində yenidən oxşar kampaniyadan istifadə olunur. Şübhəsiz ki, bu, təsadüfi deyil”.

“Azərbaycanla Britaniya arasında iqtisadi münasibətlər də yüksək səviyyədədir. Britaniyanın BP şirkəti ölkəmizə böyük yatırımlar qoyub, iki dövlət arasında neft sazişləri mövcuddur. Bu istiqamətdə tərəflər arasında vaxtaşırı məsləhətləşmələr aparılır və bu, təbiidir. Sadəcə Rusiya elə bir vəziyyətdədir ki, regionda baş verən hər bir addımı özünə qarşı təhlükə kimi görür”, - deyə Əsədullazadə fikrini yekunlaşdırıb.

Müəllif: Azər Niftiyev

Ramanada faciə

Dünən, 17:26 Hadisə