G7 ölkələrinin XİN başçıları və Aİ-nin nümayəndəsi Rusiyanın ilhaqının iki illiyi ilə bağlı birgə bəyanatla çıxış ediblər
G7 (“Böyük yeddilik”) ölkələrinin - ABŞ, Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, Fransa, Yaponiyanın xarici işlər nazirləri, eləcə də Avropa İttifaqının nümayəndəsi Rusiyanın Ukrayna ərazilərinin ilhaqının iki illiyi ilə bağlı birgə bəyanatla çıxış ediblər.
Sənədin müəllifləri qətiyyətlə Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini dəstəkləyərək, “Rusiyanın qanunsuz təcavüzünü, insan hüquqlarının pozulmasını və Ukraynada törətdiyi vəhşilikləri ən sərt şəkildə pisləməkdə davam edəcəklərini” bildiriblər.
G7 dövlətləri BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Rusiyanı BMT Nizamnaməsinə və beynəlxalq nizamın əsasını təşkil edən əsas prinsiplərə hörmət etməyə çağırıblar.
Bəyanat müəllifləri vurğulayıblar ki, G7-nin Ukraynaya siyasi, hərbi, maliyyə, iqtisadi və humanitar dəstəyi sarsılmaz olaraq qalır.
“Rusiya öz qoşunlarını dərhal, tamamilə və qeyd-şərtsiz Ukraynanın bütün ərazisindən beynəlxalq səviyyədə tanınmış sərhədlərinə çıxarsa, Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərini, eləcə də Krım Muxtar Respublikasını ilhaq etmək iddialarından əl çəkərsə, bu təcavüzkar müharibə bu gün başa çata bilər”, - G7 ölkələrinin xarici işlər nazirləri bəyanatda bildiriblər.