Böyük şəhər bələdiyyələri, evlərin sənədləşdirilməsi və... – Deputatların istəkləri var

Cəmiyyət

24.02.2023 - 21:27

Nazir müavini Milli Məclisə gəldi: bələdiyyələrin fəaliyyətinə dair illik məruzə dinlənilib

Milli Məclisin bu gün keçirilən toplantısında bələdiyyələrin fəaliyyətinə dair illik məruzə dinlənilib. Məruzəni Milli Məclisdə ədliyyə nazirinin müavini Vilayət Zahirov təqdim edib. Məruzədə bildirilib ki, inzibati nəzarət tədbirləri çərçivəsində ümumilikdə 14 min hektar torpaq sahəsinin qanunsuz ayrılması ilə bağlı bələdiyyə aktlarının ləğv edilməsi məqsədilə Ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrə təklif və ya məhkəmələrə iddialar verilib.

Nəticədə 1 045 hektar torpaq sahəsinin mülkiyyətə, 12 043 hektar torpaq sahəsinin icarəyə, 1 hektar torpaq sahəsinin isə istifadəyə verilməsi haqqında qanunsuz qərarlar ləğv edilib, bütövlükdə 13 089 hektar (2021-ci illə müqayisədə 44 % çox) torpaq sahəsinin bələdiyyə mülkiyyətinə və ya sahibliyinə qaytarılması təmin edilib. 911 hektar torpaq sahəsi ilə bağlı təklif və iddialar isə baxılmaqdadır.

Qanunvericiliyin təkmilləşdirilməsi üzrə təkliflər hazırlanır

Məruzədə qeyd edilib ki, ötən illərlə müqayisəli aparılan təhlillər göstərir ki, bələdiyyələrin fəaliyyətində rast gəlinən pozuntular əsas etibarilə bələdiyyə torpaqlarının idarəedilməsi, maliyyə vəsaitlərindən istifadə, şəffaflıq və hesabatlılığın təmini, bələdiyyə idarəçiliyi (təkbaşına idarəetmə, icra aparatının düzgün təşkil edilməməsi və s.) və digər məsələləri əhatə edir. Bildirilib ki, yerli özünüidarəetmə sahəsində qanunçuluğun təmini məqsədilə Ədliyyə Nazirliyi tərəfindən bələdiyyə fəaliyyətində rast gəlinən qanun pozuntuları, o cümlədən korrupsiya ilə əlaqədar hüquqpozmaları yaradan səbəblər təhlil edilərək ümumiləşdirilir, nəticələrinə uyğun tədbirlər həyata keçirilir, o cümlədən qanunvericiliyin təkmilləşdirilməsi üzrə təkliflər hazırlanır.

Təklif: “O evlər sənədləşdirilməlidir”

Müzakirə zamanı deputatlar fikirlərini bildirib, təkliflərini səsləndiriblər.

Deputat Rəşad Mahmudov çıxışında bildirib ki, bələdiyyələrin vətəndaşlara verdiyi torpaqların mülkiyyət hüququ ilə bağlı müəyyən problemlər var: “Bələdiyyələrə verilən yaşıllıq ərazilər 2020-ci ildə təsdiqlənmiş elektron xəritələrə görə dövlət mülkiyyətinə verilib. Hazırda bələdiyyələrin o zamana qədər vətəndaşlara verdiyi torpaqların mülkiyyət hüququ ilə bağlı problemlər yaranıb. Mən bilmək istəyirəm ki, Ədliyyə Nazirliyi bu problemin həlli istiqamətində hansı işlər görüb və ya görür?”

“Bələdiyyələrin elektron xəritəsinin tərtibi prosesinin başa çatması vacibdir. Hesab edirəm ki, bələdiyyə torpaqlarındakı evlərin sənədləşməsi təmin olunmalıdır”. Bu sözləri isə deputat Kamran Bayramov səsləndirib.

Deputat Azər Badamov isə təyinatına uyğun olmayan torpaqlarda tikilmiş evlərdən danışıb. Millət vəkili bildirib ki, təyinatına uyğun olmayan torpaqlarda tikilmiş, lakin infrastrukturla təmin olunmuş, təhlükəsiz istismarla bağlı problemli olmayan evlərin sənədləşdirilməsi lazımdır. Onun sözlərinə görə, belə evlərin sənədləşdirilməməsi bələdiyyələrin vergi toplamasına mane olur.

“Bakı, Sumqayıt və Gəncə kimi şəhərlərdə böyük şəhər bələdiyyələri yaradılmalıdır”

Regional məsələlər komitəsinin sədri, deputat Siyavuş Novruzov isə qəbiristanlıqların bələdiyyələrinj balansına verilməsini istəyib: “Hesab edirəm ki, məzarlıqlar bələdiyyələrə həvalə olunmalıdır. Hazırda bununla bağlı müzakirələr aparılır və inanıram ki, yaxın gələcəkdə həllini tapacaq”.

Millət vəkili həmçinin iri şəhərlərdə böyük şəhər bələdiyyələrinin yaradılmasının vacibliyini irəli sürüb: “Bakı, Sumqayıt və Gəncə kimi şəhərlərdə böyük şəhər bələdiyyələri yaradılmalıdır. Bu, idarəetməyə müsbət təsir göstərəcək”.

“Bələdiyyələrin sərhədlərinin müəyyənləşdirilməsi və elektron xəritələrin verilməsi prosesi də başa çatmalıdır”, - deyə S.Novruzov vurğulayıb.

Deputat: “Vətəndaşlar evlərini, sahibkarlar obyektlərini qanuniləşdirə bilmir”

Deputat Razi Nurullayev bələdiyyə sənədi ilə tikilən evlərin sənəd problemindən danışıb. Millət vəkili qeyd edib ki, ölkədə 2007-ci ilə qədər verilən bələdiyyə torpaq sənədlərinin tanınması və onlar üzrə işlər aparılması ciddi problemə çevrilib: “Vətəndaşlar evlərini, sahibkarlar obyektlərini qanuniləşdirə bilmir. Vətəndaş və sahibkarlar mülkiyyətlərini kapital kimi istifadə edə, girov qoya, kredit götürə bilmirlər. Tam məskunlaşdırılmış kənd təsərrüfatı və örüş sahələrində sənədləşdirmə işləri də aparmaq olmur. Əsas kimi 1963-cü ilin sovet xəritəsi götürülür”.

“Bir kəndin ortasında və yaxud yaşayış evləri ilə əhatə olunmuş torpaqlar belə örüş sahəsi kimi gedir və bələdiyyələr o əraziləri vətəndaşa ev tikintisi üçün verə bilmir. Sual olunur ki, düz kəndin və ya digər yaşayış massivlərinin ortasında 2-3 hektarlıq yerdə örüş sahəsi ola bilərmi? Bu məsələlərin tezliklə qanuniləşdirilməsi vacibdir ki, qanunsuz tikililərin sayı çoxalmasın, heç olmasa sabit qalsın. Rayonlar üzrə elektron xəritələrin gecikdirilməsi normal inkişaf və planlaşdırma üçün ciddi problemlər yaradır”, - Nurullayev əlavə edib.

Deputat sual edib ki, bələdiyyələr xəritə olmadan öz torpaqlarını necə tanısın: “Oranı necə icarəyə versin və necə idarə etsin? İllərdir eşidirik ki, elektron xəritələr təqdim ediləcək və illər də bitmir. Bu məsələnin bir izahı varmı? Mən istərdim ki, Əmlak Məsələləri Dövlət Xidməti və onun tabeçiliyində olan xidmətlər nəhayət ki, bu problemlərə aydınlıq gətirsinlər. Digər bir problem. Əmlak məsələləri dövlət xidmətinin tabeçiliyində olan reyestr xidməti torpaq, əmlak çıxarışları üçün iki dəfə - 125 və 235 manat, ümumilikdə 360 manat ödəniş alır. Sonuncu mərhələdə imtina verilir və ödəniş geri qaytarılmır. Amma əminəm ki, onlar çox gözəl də bilirlər ki, konkret yerlər üzrə təqdim edilən sənədlər sonunda geri qaytarılacaq və yüzlərlə təcrübə də var. Çünki, konkret yerlər üzrə problemlər onlara məlumdur. Bəs onda o sənədləri niyə qəbul edib sonra da imtina edirsiniz? Vətəndaşlar mənə deyir ki, yəqin ki, oyunlar 360 manatın başındadır. Olmaz axı belə”.

“Bu məsələ niyə havadan asılı qalsın, narazılıq yaratsın və bələdiyyə də fəaliyyət göstərə bilməsin?”

Millət vəkili başqa bir problem kimi, bələdiyyənin sərancamında olan torpaq sahəsinin təyinatı örüş olduğu halda qanunsuz əkin sahasinə çevrilmiş sahələri sənədləşdirə bilməməsi ilə bağlıdır: “Bələdiyyələr bu torpaqların örüş sahəsinə qaytarılması üçün müraciət edir və imtina cavabı gəlir. Burada heç bir məntiq yoxdur. Ya ərazi örüş sahəsinə - yəni əvvəlki statusuna qaytarılmalı və bu sənədlə sübut olunmalı, ya da təyinatı dəyişdirilməlidir. Bu məsələ niyə havadan asılı qalsın, narazılıq yaratsın və bələdiyyə də fəaliyyət göstərə bilməsin? Əmlak məsələləri dövlət xidmətinin bu məsələyə aydınlıq gətirməsini istəyirəm. Torpaq sürüşmələri haqqında”.

“Vətəndaş, sahibkar torpaq sahəsi alıb və onun kordinatları dövlət aktında, çıxarışda qeyd edilib. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri xidməti elektron vasitələrlə yeri yenidən ölçür və torpaq sahəsi bəzən on metrlərlə sürüşür. Nəticədə vətəndaşlar və sahibkarlar arasında münaqişə yaranır. Elə sahələr var ki, torpağın qiyməti çox bahadır və heç kim bir qarış yerini belə güzəştə getmək istəmir. Bu sahədə olan narazılığı və problemi həll etmək üçün hansı addımlar atılır, nələr edilib və nələr ediləcək, həll yolu nədir kimi suallara da Əmlak məsələləri dövlət xidmətinin aydınlıq gətirməsini istəyirəm. Həqiqətən də edilən müraciətlər həddindən artıqdır", - deyə R.Nurullayev fikrini tamamlayıb.

Nazir müavini: “Mütləq şəkildə Konstitusiyaya yenidən baxılmalıdır”

Məruzəni təqdim edən nazir müavini bildirib ki, bələdiyyələrlə bağlı dəyişikliklər ediləcək: “Yəqin ki, Milli Məclisin Regional məsələlər komitəsi müəyyən qanun layihələri hazırlaya bilər. Çünki Milli Məclis qanunverici orqan olduğundan buna səlahiyyəti var. Ədliyyə Nazirliyi olaraq biz də lazımi köməklikləri göstərməyə hazırıq”.

Nazir müavini xatırladıb ki, bələdiyyələrin və üzvlərinin sayının azaldılması qüvvədə olan qanunvericiliyə uyğun həll edilməlidir: “Bələdiyyələrin səlahiyyətləri də Konstitusiyaya uyğun tənzimlənir. Dəyişiklik istəyiriksə, mütləq şəkildə Konstitusiyaya yenidən baxılmalıdır. Bələdiyyə sədrləri və üzvlərinin iştirakı ilə görüşlərin keçirilməsi də mümkün ola bilər”.

Müzakirələrdən sonra məruzə səsverməyə çıxarılaraq qəbul olunub.

Müəllif: Anar Bayramoğlu