Qar örtüyünün hündürlüyü 40-45 santimetr təşkil edir
Respublika çaylarında gözlənilən yaz-yay gursululuq dövrünün proqnozlaşdırılması məqsədilə Böyük Qafqazın dağlıq ərazilərində qarölçmə işləri davam etdirilir. Martın 9-dan başlayaraq bu günə kimi fasilələrlə ölkə ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunmaqdadır. Fasilələrlə qar yağır, dağlıq ərazilərdə duman müşahidə olunur. Hazırda Qəbələ rayonu ərazisindən axan Bum çayının hövzəsində qarölçmə işlərini davam etdiririk. Həmin ərazi dəniz səviyyəsindən 1750 metr yüksəklikdə yerləşir. Hazırda ərazidə duman müşahidə olunur, eyni zamanda, qar yağır.
AYNA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev deyib.
Onun sözlərinə görə qarölçmə işlərinin aparıldığı məntəqədə qar örtüyünün hündürlüyü 40-45 santimetr təşkil edir, bəzi yerlərdə isə 50-60 santimetr arasında dəyişir. Keçən il bu vaxtlar həmin məntəqədə qar örtüyünün hündürlüyü 25-35 santimetr aralığında olub.