Boğazına bıçaq dirənmiş media – Bundan artıq nolsun?!

Cəmiyyət

10.05.2022 - 15:26

Arif Əliyev: “Jurnalistlərə hücumlarla bağlı bir cəzasızlıq mühiti yaranıb, buna görə də məmur və qeyri-məmurlar rahatca media nümayəndələrinin üstünə silah çəkirlər”

Seymur Kazımov: “Əsl günahkarlar layiqli cəzalarını almasalar, bu, Azərbaycan dövlətinin adına utanc olacaq”

Məhkəmə işlərini işıqlandıran jurnalist Aytən Məmmədova mayın 8-də yaşadığı binanın liftinə daxil olarkən hücuma məruz qalıb. Jurnalistin sözlərinə görə, hücum edən şəxs adını çəkmədiyi məhkəmə işinə görə onu hədələyib və yazmamasını tələb edib. Orta yaşlı bir kişi onun çənəsini arxadan sıxıb, boğazına bıcaq dirəyərək "sən ağıllanmadın?" deyib və sonra jurnalistin qızının ünvanına təhdid-təhqir xarakterli ifadələr işlədib.

Elə həmin axşam hadisəylə bağlı Daxili İşlər Nazirliyinin (DİN) 102 “qaynar xətt”inə müraciət edib, izahat yazıb, tibbi ekspertizadan keçmək üçün göndəriş alıb. Səhəri gün jurnalist Bakı Şəhər Baş Polis idarəsinin əməliyyat işi üzrə rəis müavini Vüqar Ələkbərovla və digər səlahiyyətli şəxslərlə görüşüb və Binəqədi Rayon Polis İdarəsində müstəntiqə izahat verib. Lakin qeyri-iş günü olduğuna görə tibbi ekspertizadan keçə bilməyib.

A.Məmmədova hadisə barədə mətbuata açıqlamasında hücumu umumilikdə peşə fəaliyyəti ilə əlaqəndirib. O, son vaxtlar Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı öldürməkdə şübhəli bilinən İlkin Süleymanovun məhkəmə işini işıqlandırır: "Sadəcə son vaxtlar sosial media hesabımdakı paylaşımların bir çoxu onunla bağlıdır və bunu da ən çox izləyən jurnalistəm. Bu, çox müəmmalı və çox səs-küylü hadisədir və bu işlə bağlı xeyli qaranlıq məqamlar ortaya çıxır. Məsələnin yayımlanmasında təvazökarlıqdan uzaq olsa da, öz rolum olduğunu vurğulamışam”.

Hadisə ilə bağlı DİN-in yaydığı açıqlamada cinayət işi açıldığı bildirilib: “Jurnalistə qarşı hərəkətlərdə Cinayət Məcəlləsinin 134-cü (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddəsinin tərkib əlamətləri olduğundan, fakta görə Binəqədi RPİ İstintaq şöbəsində cinayət işi başlanıb. Hazırda cinayət işi üzrə zəruri əməliyyat-axtarış, əməliyyat-istintaq hərəkətləri davam etdirilir”.

Medianın İnkişafı Agentliyi (MEDİA) də jurnalistə hücumla bağlı açıqlama yayıb. Bildirilib ki, Agentlik baş verən hadisəyə həssaslıqla yanaşır və diqqətdə saxlayır: ““Media haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən, jurnalistlərin peşəkar fəaliyyətinə qanunsuz müdaxilə, onların təqib edilməsi və onlara təzyiq göstərilməsi yolverilməzdir”.

Jurnalistə qarşı baş vermiş hücum hadisəsi Azərbaycanda media nümayəndlərinin təhlükəsizliyi məsələsini gündəmə gətirib. Bir sıra peşəkar media nümayəndələri bu hadisənin fonunda jurnalistlərin təhlükəsizliyi ilə bağlı narahatlığını ifadə ediblər. Onlar sosial media hesablarından paylaşımlarında, eləcə də mətbuata açıqlamalarında peşə fəaliyyətinə görə jurnalistin təqib edilməsini, hücuma məruz qalmasını pisləyib, hüquq-mühafizə orqanlarını günahkarların tez bir zamanda tapılmasına və cəzalandırılmasına səsləyiblər. Jurnalistlər həmçinin keçmiş təcrübələrdə bu cür hücumların, jurnalist qətllərinin ört-basdır edilməsinin, baş verənlərin bir müddət sonra unudulmasının belə halların davam etməsinə rəvac verdiyini də deyiblər.

“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev AYNA-ya açıqlamasında deyib ki, dünya jurnalistikasında peşə fəaliyyətini yerinə yetirən jurnalistlərlə bizim jurnalistlərin təhlükəsizliyi arasında müqayisə aparası olsaq, bizdəki vəziyyətin xoşagəlməzliyi bu cür halların üstünün açılmamasındadır: “Bizim bu məsələdə uduzduğumuz və bizim üçün pis olan məsələ ondan ibarətdir ki, bu gün demək olar ki, heç birinin üstü açılmır, günahkarlar tapılmır. Jurnalistlərə hücumlarla bağlı bir cəzasızlıq mühiti yaranıb və buna görə istər dövlət dövlət orqanı, istər məmur, istər qeyri-məmur haqq-hesab çəkmək istəyəndə əlinə soyuq silah götürür. Baxmayaraq ki, bir çox hallarda şəkil, videogörüntü, sənədlər və s. ortalıqda olub. Bu statistikaya təsir göstərən əsas səbəblərdən biri məhz elə cəzasızlıq mühitinin hökm sürməsidir”.

“Aytən Məmmədovanı biz peşəkar bir jurnalist kimi tanıyırıq. Ümumiyyətlə, məhkəmə sahəsində ixtisaslaşmış, etik normaları çox gözəl bilən peşəkar jurnalistdir. Bu, ona qarşı çox kobud təzyiqdir. Bizim istədiyimiz də bunun üzə çıxması, günahkarların cəzalanmasıdır. Biz heç vaxt belə hallardan sığortalanmamışıq, bunu bilirik. Amma öz peşə borcunu yerinə yetirən jurnalistlər var və dövlətin də borcudur ki, onların müdafiəsi üçün əlində olan bütün vasitələrdən vicdanla istifadə etsin”, - deyə müsahibimiz bildirib.

Bu kimi hallarda jurnalist təşkilatlarının, eləcə də jurnalistlərin hansı addımlar ata biləcəyindən danışan mütəxəssis qeyd edib ki, hazırda jurnalistlər təşkilatlarının özləri də media orqanlarının vəziyyətindədir: “Təəssüf ki, jurnalist təşkilatlarının özləri də hazırda media kimi yarımcan haldadır. Lakin bu cür hallarda jurnalist təşkilatları da jurnalistin müdafiəsi üçün əlavə tədbirlər görməlidir. Təbii ki, bu, yalnız bəyanatdan ibarət ola bilməz. Bir vaxtlar jurnalist təşkilatları kifayət qədər fəaliyyət imkanında olanda özləri tədqiqat qrupları yaradırdı. Dövlət orqanları ilə görüşlər keçirirdilər. Rəsmi tədqiqatı nəzarətə götürürdülər. Eyni zamanda həmkarlar digər formada da birgə etirazlar edirdilər. Yəni bu cür üsullar mövcuddur”.

“Jurnalistlərin təhlükəsizliyi üçün görülməli olan tədbirlərin ayrıca müzakirəsinə ehtiyac olduğu görünür. Qeyd edim ki, Azərbaycanda medianın azadlığı ilə bağlı indeks təzə açıqlanıb və görünür ki, Azərbaycan çox acınacaqlı yerdədir. Orada nəzərə alınan 5 mühüm şərtdən biri də jurnalistlərin təhülkəsizliyi, onlara qarşı olan hücumlar və həmin hücumların üstünün açılıb-açılmamasıdır. Jurnalistin boğazına bıçaq dirəmək və onu təhdid etmək, “sən daha öz yazılarını saxlamalısan” demək… Ciddi tədbirlərin həyata keçirilməsi üçün bundan kobud daha nə olmalıdır ki?!”, - deyə Əliyev vurğulayıb.

Müstəqil jurnalist Seymur Kazımov AYNA-ya açıqlamasında söyləyib ki, bu cür halların yaşanması əvvəlki təcrübələrdə günahkarların tapılıb layiqli cəzasını ala bilməməsindən qaynaqlanır: "Dünyanın ən demokratik ölkəsində belə, jurnalistin yanına mühafizəçi, ya da polis ayırıb qoymurlar. Sadəcə demokratik ölkələrdə digər peşə sahibləri kimi jurnalistlərin də hüquqları dövlət tərəfindən qorunur. Qanunlar işləyir, jurnalistə qarşı hansısa hücum, təzyiq olarsa, bunu hüquq-mühafizə orqanları araşdırır və günahkar olan şəxslər tapılaraq məhkəmə qarşısına çıxarılır, cəza alırlar".

"Azərbaycanda son bir il ərzində istər ictimai fəallara, istərsə də jurnalistlərə qarşı kifayət qədər fiziki, psixoloji təzyiqlərlə bağlı xəbərləri eşidirik. Lakin hələ də onların üstü açılmayıb. Mən çox istəyirəm ki, Aytən Məmmədovanın başına gələn bu hadisə əvvəlkilərə bənzəməsin, üstü açılsın. Nə qədər ki, bu tip hallar baş verir, günahkarlar layiqli cəzalarını almır, bu cəzasızlıq yeni cinayətlər doğuracaq. Əgər bundan əvvəlki cinayətlərin üstü açılsaydı, günahkarlar cəzalansaydı, yəqin ki, Aytən Məmmədovaya qarşı bu hadisə baş verməzdi. Keçmiş təcrübədə jurnalistlərə olan təzyiqlərin araşıdırılmadığını gördüklərində onlar bunu davam etdirməkdə özlərində güc tapırlar", - deyə jurnalist fikrini davam etdirib.

Bu məsələdə jurnalistlərin özlərinin edə biləcəkləri məsələsinə qaldıqda həmsöhbətimizin fikri belə olub: "Jurnalistlərin özlərinin əlində hansısa güclü bir resurs yoxdur. Biz yalnız qanunlarla çıxış edə, bu məsələni gündəmdə saxlaya, beynəlxalq təşkilatların diqqətini də bu məsələyə yönəldə bilərik. Eyni zamanda, cəmiyyəti bu məsələyə səssiz qalmamağa səsləyə bilərik. Sivil, demokratik nümayişlər keçirə bilərik. Ancaq bizim məhkəməyə, hüquq-mühafizə orqanlarına təzyiq etmək, yaxud hansısa cinayəti araşdırıb gün üzünə çıxarmaq üçün əlimizdə resurs yoxdur. Biz sadəcə jurnalist araşdırması apara bilərik. Bunun da nəticəsində təbii ki, cinayətləri tapmaq olar, amma bu işdə məsuliyyət hüquq-mühafizə orqanlarının üzərinə düşür. Bu hadisələri aşkara çıxarmaq onların vəzifəsi, işidir, eyni zamanda da qeyd etdiyim kimi bunun üçün onların zəruri imkanları da var".

Həmkarımızın dediyinə görə, bu son hadisə beynəlxalq hesabatlara düşəcək: “Bununla bağlı hamı danışacaq və yenə də ziyan çəkən Azərbaycan dövləti olacaq. Yaxşı olardı ki, hökumət tez bir zamanda bu məsələni araşdırsın, hadisəni törədən şəxs və ya şəxslər, sifarişçilər tapılsın. Burada əsas məsələ sifarişçilərin tapılmasıdır. Çünki hadisəni törədən şəxs sadəcə maşadır. Bu sifarişi verən şəxs kimdir? Bu suala cavab tapılmalıdır. Həmin şəxs və ya şəxslər aşkarlanmalı, cəmiyyətin, jurnalistlərin qarşısına çıxarılmalıdır ki, cəmiyyət də, jurnalistlər də əmin olsunlar ki, onların hüquqları qorunur. Bu gün Aytən Məmmədovanın başına gələn hadisə də yarımçıq qalsa, gələcəkdə bu başqa bir jurnalistin və ya ictimai fəalın da başına gələcək”.

Kazımov bu məsələnin öz həllini tapması üçün medianın Azərbaycan hökuməti qarşısında məsələ qaldırmasını təklif edib: "Təbii ki, "Media haqqında" qanunda medianın fəaliyyətinə müdaxilənin, senzura tətbiq etməyin yolverilməz olduğu və s. yazılır. Bu hadisədə ortalıqda faktiki olaraq cinayət əməli var. Bu, birbaşa Azərbaycan Respublikası Cinayət Məcəlləsi ilə ölçülən bir məsələdir. Təbii ki, Aytən Məmmədovaya "yazma" deyilməsi birbaşa göstərir ki, bu, məişət məsələsi deyil, peşə fəaliyyəti ilə bağlıdır. Mən təklif edərdim ki, media, yerli jurnalist təşkilatları Azərbaycan hökuməti qarşısında çox ciddi şəkildə məsələ qaldırsınlar. Həmişə etdikləri kimi bu dəfə də jurnalistlər arasında ayrı-seçkilik etmədən bu cinayət hadisəsinin araşdırılması üçün onlar da öz qüvvələrini səfərbər etsinlər ki, bu hadisə təkrarlanmasın”.

“Qeyd etdiyim kimi, bu, Azərbaycan dövlətinin adına utanc olacaq. Jurnalistin boğazına bıçaq dirəyib "filan şey haqqında yazma" demək, övladı ilə təhdid etmək nə deməkdir?! Biz hüquqi dövlətik, yoxsa cəngəllik qanunları ilə idarə edilirik?! İndi bununla bağlı bəyanat veriblər, sağ olsunlar, amma praktiki əmələ də keçsinlər. Heç olmasa bir dəfə görək ki, Azərbaycan jurnalistlərinin  yanındadırlar. Siyasi görüş fərqi qoymadan, müstəqil mətbuatın yanında dayanıblar və bu məsələnin aşkarlanmasında öz töhfələrini verdiklərini görək”, - deyə jurnalist fikrini yekunlaşdırıb.

Müəllif: Aləmdə Nəsib