"Birinci hissə çevrilişçilərin, ikinci hissə Tokayevin planları daxilində idi, lakin..."

Dünya

06.01.2022 - 12:51

Zərdüşt Əlizadə: "Moskvanın Qazaxıstanda siyasi vəziyyəti qızışdırması və yekunda öz istəyinə nail olması barədə iddialar kökündən yanlışdır"

Qazaxıstanda etiraz aksiyaları vı şiddətli qarşıdurma fonunda, Prezident Kasım Jomart-Tokayev Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət edib. O, ölkəsində baş verənləri terror aktı adlandıraraq KTMT-ni köməyə çağırıb.

Öz növbəsində Kollektiv Təhlükəsizlik Şurası Tokayevin müraciəti ilə əlaqədar KTMT-nin sülhməramlı qüvvələrinin Qazaxıstana yeridilməsi barədə qərar qəbul edib. Şuranın sədri, Ermənistanın Baş naziri Nikol Paşinyanın bununla bağlı açıqlamasından sonra rəsmi Astana etirazçılara qarşı hücumlara start verib.

Almatı və digər şəhərlərdə qanlı döyüşlərin getdiyi, xeyli sayda insan tələfatı barədə məlumatlar var. İnternet resurslarda və sosial şəbəkələrdə etirazçıların cəsədlərini əks etdirən foto-videolar yayılıb. Öz ölkəsinin vətəndaşlarına qarşı başqa dövlətlərin silahlı qüvvələrini köməyə çağırmaq beynəlxalq ictimaiyyətdə hiddətlə qarşılanıb.

AYNA baş verənləri politoloq Zərdüşt Əlizadə ilə müzakirə edib.

- Nazarbayevin istefasından sonra çoxlarında ümid vardı ki, Tokayev də istefaya gedəcək. Lakin belə olmadı. Sizcə, bütün bu aksiyalar “Elbaşı”nı yola salmaqdan ötrü idi?

- Qazaxıstanda baş verən etiraz aksiyaları sosial tələblərlə başlasa da, sonradan siyasi tələblərə çevrildi. Bu ölkədə 30 ildən artıqdır ki, siyasi etirazlar baş vermirdi. Hökumətin yanacağın qiymətlərinin azaldılması ilə bağlı məlum qərarından sonra müəyyən siyasi qüvvələr dərhal hərəkətə keçdilər və hakimiyyəti devirməyə çalışdılar. Hakimiyyət isə müəyyən “güzəştlərə” gedirdi. Misal üçün, hökuməti buraxdı. Hamıya elə gəldi ki, rəsmi Astana geri çəkilir. Əslində isə Prezident Tokayevin əlinə fürsət düşmüşdü. O, buna qədər hakimiyyəti şərikli idarə edirdi. Dövlət aparatının çoxu Nazarbayevin kadrlarından ibarət idi. İlk fürsət yaranan kimi Nazarbayevi yola saldı. Ardınca “Elbaşı”nın istefa qərarını ictimaiyyətə açıqladı.

Bura qədər baş verən proseslərin birinci hissəsi Qazaxıstanda çevriliş etmək istəyən qüvvələrin, ikinci hissəsi isə Tokayevin planlarının tərkib hissəsi idi. Lakin kənardan bunu geri çəkilmək kimi qiymətləndirənlər oldu. Onlar yanılırdılar və nəticədə çoxlu insan tələfatı oldu. Əslində isə Tokayev Nazarbayevin istefa qərarını açıqlayarkən hadisələrin sonrakı gedişatına dair aydın eyhamlar vururdu. O deyirdi ki, “mən istədiyimə nail oldum, Nazarbayevi yola saldım, əsas etibarilə onun kadrlarından ibarət hökuməti buraxdım, indi isə öz hakimiyyətimi gücləndirəcəyəm”. Bundan sonrakı mərhələdə “Elbaşı”nın kadrları vəzifələrdən uzaqlaşdırılacaq. Açıq şəkildə demək lazımdır ki, Tokayev istədiyinə nail oldu.

- Bu hadisələri “Rusiyanın tamaşası” adlandıranlar da var. Onların qənaətinə görə, artıq pərdə çəkilib. “Oyunun müəllifi” və “ssenarist”in də razı qaldığı iddia olunur. Rusiya bunda niyə maraqlı olsun ki?

- Moskvanın Qazaxıstanda siyasi vəziyyəti qızışdırması və yekunda öz istəyinə nail olması barədə iddialar kökündən yanlışdır. Nəzərə almaq lazımdır ki, bu kimi siyasi qərarlar risklidir. Bəzən nəticə gözlənildiyi kimi olmaya da bilər. Bu səbəbdən Kreml bu məsələdə maraqlı ola bilməzdi. Çünki Qazaxıstanda həm Təhlükəsizlik Şurasının sədri, “Elbaşı” Nursultan Nazarbayev, həm də Prezident Kasım Jomart-Tokayev Rusiyaya kifayət qədər yaxın siyasətçilərdir. Düzdür, istənilən avtoritar lider dövlət müstəqilliyinin vacib olduğunu dəfələrlə bəyan edir və burada əsas məqsəd əldə etdiyi gəlirləri bölüşmək istəməməsidir. Qazaxıstanda da hakim elita arasında ölkənin sərvətlərini daha çox oğurlamaq uğrunda mübarizə gedirdi. Onlar bu sərvətləri heç kimlə, o cümlədən Rusiya, Qərb və digərləri ilə böləsi deyillər.

Lakin siyasi baxımdan Rusiya ilə münasibətlər çox yüksək səviyyədə idi və bu gün də belədir. Moskva üçün nə fərqi var, Nazarbayev olsun, yoxsa Tokayev, əsas odur onlara yaxın qüvvələr hakimiyyət başında olsunlar. Bu mənada bu iddiaların ki, guya Rusiya bu ssenarini təşkil edib, boğazdan yuxarı fikirlərdir. Hazırda Rusiyanın idarəçiliyində olan Baykonur kosmodromu Qazaxıstanın ərazisində yerləşir. Mövcud hakimiyyət Moskvaya bütün imkanları yaradır, Qazaxıstan Avrasiya İttifaqının və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) aparıcı üzvüdür. Moskva niyə onlara problem yaratsın ki?!

- Baş verənlər Qərbin demokratiya çağırışlarında səmimi olmadığını bir daha ortaya qoyurmu? Misal üçün, yeni il öncəsi “Demokratiya sammiti”ndə Bayden demişdi ki, 2022-ci il demokratiya ili olacaq…

- Qərbin demokratiya çağırışları tamamilə mənasız və artıq əhəmiyyətini itirmiş bir məsələdir. İllərdir ki, demokratiya axtarışında olan xalqları bu yolla aldadır və avtoritar rejimlərdən öz istədiklərini alırlar. Bayden seçkilər dövründə demokratiyanın bütün dünyada yayılacağını bəyan etdi. Bu, onun seçkiqabağı vədlər siyahısına daxil idi. Nəticədə iqtidara yiyələndi. Rəqibi Tramp bəyan edir ki, seçkilər saxtalaşdırılıb və Baydenin özü saxta seçkilər yolu ilə hakimiyyətə yiyələnib. Həm Bayden Trampa, həm də Tramp Baydenə qarşı impiçment tələb edir. Ona çox fikir verməyin, yaşlı adamdır. Onun yaddaşı yoxdur və dünən dediyi sözləri bu gün xatırlamır. ABŞ yalnız o ərazilərdə demokratiya tələbləri irəli sürür ki, orada özü üçün münbit iqtisadi və siyasi imkanlar yaranır. Əfqanıstanda insanlar təyyarələrin yedəyində göydə uçub Amerikaya yalvarırdılar ki, onlara “azadlıq versin”. Onlar isə heç nə olmamış kimi, buna göz yumurdular. Belə şeylərə çox da əhəmiyyət verməyin. ABŞ və Qərbdən demokratiya gözləyənlər həmişə məyus olublar, bundan sonra da belə olacaq.

- Bundan sonra Qazaxıstanda nələr olacaq? Bu ölkənin gələcəyi ilə bağlı ehtimallarınız nədən ibarətdir?

- Qazaxıstanda həyat yenidən öz axarına qayıdacaq. Düzdür, son hadisələrin müzakirələri hələ xeyli vaxt aparacaq. Son hadisələrdə müxalifət məğlub olduğu kimi, hakimiyyət də itkilərlə ayrılır. Ən azından Prezident Tokayev KTMT-yə müraciət etmək məcburiyyətində qaldı. Lakin bayaq qeyd etdiyim kimi, Tokayev artıq Qazaxıstanın şəriksiz rəhbəridir və onun qarşısında Nazarbayev amili yoxdur. Bundan sonra yəqin ki, repressiv siyasəti artıracaq, daxildə bütün azadlıqları boğmağa çalışacaq. Bunu ona görə edəcək ki, yenidən etirazlar baş qaldırmasın. Aksiyalar zamanı təxribatlara yol verən qüvvələr var idi ki, onları da zərərsizləşdirməyə çalışacaq. Yeni hökumətdə artıq Nazarbayevin kadrları yer almayacaq, öz adamlarından ibarət komanda formalaşdıracaq.

Lakin bu, onun üçün də bir dərs olmalıdır. Sistemi müəyyən mənada yeniləməyə çalışmalıdır, rüşvətxorluğun qarşısını almalıdır, əhalinin sosial rifahını artıran addımlara getməlidir. Yox əgər bunlara getməsə, nə zamansa yenidən etirazçı dalğanın qəzəbinə tuş gələ bilər. Rusiyanın özündə də vəziyyət yaxşı deyil və avtoritar rejimlər, o cümlədən Tokayev də bunu nəzərə almalı, əhali ilə yaxınlaşmaq kursu götürməlidir.

Müəllif: Azər Niftiyev