"Bir neçə ilə evimizdən çıxmaz hala gələ bilərik"

Cəmiyyət

16.01.2020 - 14:19

Rövşən Ağayev: "Strateji idarəetməsi olmayan ölkənin sabahı olmur, yalnız bu günlə yaşayır"

 

İdarəetmə hər addım 10-20, bəzi vacib məsələlərdə, hətta 50-100 il sonranı planlaşdırma əsasında atılmırsa, demək ki, bütün qərarlar strateji deyil, cari yanaşmalar (düşüncələr) əsasında verilir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Saleh Məmmədov dünən mediaya deyib ki, Bakı-Sumqayıt yolu 7-10 min avtomobilin hərəkət sayına hesablansa da, bu istiqamətdə yaşayışın və müəssisələrin sayının artması nəticəsində hərəkət sayı hazırda 12-14 min arasındadır.

 

AYNA xəbər verir ki, bu fikirləri sosial şəbəkədə iqtisadçı-ekspert Rövşən Ağayev paylaşıb. O, sözügedən yolun son 10-12 ilin məhsulu olduğunu qeyd edib: "Uzunmüddətli ərazi və iqtisadi planlaşdırma olsaydı, ərazilərin baş planı olsaydı, həm məskunlaşmada, həm də iqtisadiyyatda artım dinamikasını görmək olardı. Nəticədə infrastruktur da ona uyğun planlanardı".

 

"Xırdalanı da son 15-20 ildə bu cür idarə ediblər. Maksimum 100-120 min nəfərə hesablanan şəhər yollarından bu gün real olaraq 220-250 min nəfərin istifadə etdiyi bildirilir. Məskunlaşmadakı hazırkı artım sürəti davam etsə, yəqin 3-5 ilə 300-350 minə çatar və insanlar evlərindən çıxmaz hala gələrlər. Strateji idarəetməsi olmayan ölkənin sabahı olmur, yalnız bu günlə yaşayır", - o bildirib.

Müəllif: Ayna.az