Bir milyon insanın yeyilmiş haqqı - Hüquqşünaslardan ədalət tələbi

Cəmiyyət

16.11.2023 - 17:43

Mahmud Hacıyev: “Konstitusiya Məhkəməsi tarixi ədaləti bərqərar etməlidir”

Yavər Hüseyn: “Hansı qanunda yazılıb ki, tədavül müddəti başa çata bilər?!

Mirsimayıl Hadi: “Bu, belə davam edə bilməz, qərar vermək zamanıdır”

Oktyabrın 18-də dövlət özəlləşdirmə payı (çeki) sahibi olan bir qrup Qarabağ müharibəsi və əmək veteranının hüquqi nümayəndəsi Mübariz Yolçiyev tərəfindən Konstitusiya Məhkəməsinin (KM) sədri Fərhad Adbullayevə müraciət ünvanlanıb. Hüquqşünas bildirib ki, vətəndaşlar tərəfindən KM-ə ünvanlanan daha öncəki müraciətin üstündən 6 aydan çox vaxt keçməsinə baxmayaraq, hələ də cavab verilməyib və bu, pay sahiblərinin kütləvi narazılığına, etirazına səbəb olub.

“Bu gün Konstitusiya Məhkəməsində baxılması üçün bundan vacib nə iş ola bilər? Niyə 6 aydır iş uzanır? Niyə Konstitusiya Məhkəməsi yüzminlərlə vətəndaşın müraciətinə cavab vermir?”, - deyə Yolçiyev KM sədrinə sual edib.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığı ilə özəlləşdirmə çekləri ilə bağlı hüquqi problemlərin aradan qaldırılması və bəzi normativ hüquqi aktların Konstitusiyaya uyğunluğunun yoxlanılması üçün Prezident Adminstrasiyası tərəfindən Konstitusiyaya Məhkəməsinə rəsmi məktub daxil olub və qeydiyyata alınıb.

Onu da vurğulamaq lazımdır ki, müstəqil Azərbaycanın tarixində bir ilkdir ki, həm vətəndaşlar, həm deputatlar, həm Baş nazirin göstərişi ilə Ədliyyə Nazirliyi, həm Prezident Administrasiyası, həm də şəxsən ölkə Prezidenti birbaşa özəlləşdirmə çekləri və bundan dolayı yaranmış kütləvi hüquqi problemlə bağlı Konstitusiya Məhkəməsinə müraciət ünvanlayıb.

Milli Məclisin deputatları, ictimai-siyasi xadimlər, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, ölkə ziyalıları hazırda KM-in qarşısında duran bir nömrəli məsələnin özəlləşdirmə çekləri əlində qalan vətəndaşların taleyinə aydınlıq gətirilməsi olduğunu bəyan edirlər. Hansı ki, onların sayı bir milyondan artıqdır.

Sabiq polis rəisi, tanınmış hüquqşünas Mahmud Hacıyev mövzuya dair AYNA-ya açıqlamasında deyib ki, özəlləşdirmə payları əlində qalan vətəndaşların hüquqları bərpa olunmalıdır: “Ulu öndər Heydər Əliyevin Azərbaycan vətəndaşlarına əvəzsiz özəlləşdirmə çeklərinin paylanılması barədə qərarı keçid dövrü üçün ən mühüm qərarlardan biri idi. Bu qərar cəmiyyətdə böyük ruh yüksəkliyi yaratmışdı. Sonradan bu proses yarımçıq aparıldı. Halbuki, yüzminlərlə vətəndaş onlara məxsus özəlləşdirmə çeklərini qoruyub saxlayırdı. 2011-ci ildə isə tədavül müddətinin başa çatdığı bəyan edildi”.

“Hansı ki, qanunvericilikdə tədavül müddəti ilə bağlı məqam nəzərdə tutulmurdu. Bu, yolverilməz və əsassız bir addım idi. Hazırda pay sahibləri birləşərək öz hüquqlarını tələb edirlər. Ölkə ziyalıları da onlara dəstək göstərirlər. Onların sayı kifayət qədər çoxdur və fərdi şəkildə öz hüquqlarını bərpa etmələri çətindir. Bu mənada Konstitusiya Məhkəməsinə müraciətlə bağlı addımları təqdirəlayiqdir”, - deyə həmsöhbətimiz bildirib.

Hacıyev ümid edir ki, KM ədalətli qərar verəcək: “Bunun üçün kifayət qədər əsaslar mövcuddur. Ən vacib amil qanunda tədavül müddətinin nəzərdə tutulmadığı halda buna gedilməsidir. Bu boşluq aradan qaldırılmalıdır. “Heydər Əliyev İli”ndə belə bir addımın atılması çox yaxşı olardı. Çünki bu fərman ulu öndərin tarixi ədalətin bərpa olunması istiqamətində vacib qərarlarından biri idi”.

Qarabağ müharibəsi veteranı, peşəkar hüquqşünas Yavər Hüseyn də mövzu barədə AYNA-ya şərhində özəlləşdirmə çekləri ilə bağlı problemə yekun vurulmalı olduğunu diqqətə çatdırıb: “Bu fərmanın icrasına başlamasından 25 ildən artıq zaman ötür. Azərbaycan bir sistemdən digər sistemə keçid edirdi. Dövlət əmlakı vətəndaşlar arasında paylanılmalı idi və bu yöndə qanun qəbul olundu, fərman imzalandı. Amma imkan vermədilər ki, əhali bundan bəhrələnə bilsin”.

“Bir qrup vətəndaş əlində qalan payları “qara bazar”da dəyər-dəyməzinə satışa çıxardı. Maariflənmə səviyyəsi yox dərəcəsində idi. Məsələyə məsul olan məmurlar da çalışırdılar ki, prosesi alayarımçıq başa vursunlar. Buna nail oldular da”, - deyə ekspert vurğulayıb.

Bununla belə, Hüseyn xatırladıb ki, bütün bu oyunlara alət olmayan yüzminlərlə vətəndaş hələ də özəlləşdirmə paylarını qoruyur: “Hansı qanunda yazılıb ki, tədavül müddəti başa çata bilər?! Bu, qanunsuz qərardır və təcili şəkildə aradan qaldırılmalıdır. Konstitusiya Məhkəməsi bu ədalətsizliyə son qoymalıdır”.

Azərbaycan Vəkillər Kollegiyasının üzvü Mirismayıl Hadi da eyni fikirdədir. Hüquqşünasın AYNA-ya əminliyini ifadə edib ki, özəlləşdirmə payları əlində qalan vətəndaşların problemi həll edilməlidir: “Ortada kifayət qədər mühüm məqamlar var. Tədavül müddəti nəzərdə tutulmadığı halda bu addım atılıb. Bu xüsusda zərəçəkənlərin Konstitusiya Məhkəməsinə müraciəti əsaslı və qanunidir”.

“Dövlətin də bu məsələyə müsbət yanaşdığı hiss olunur. Onsuz da bu problem nə vaxtsa öz həllini tapacaq. Bunu indi etmək lazımdır. Bu, belə davam edə bilməz. Artıq qərar vermək zamanıdır. İnanıram ki, müsbət qərar veriləcək”, - deyə müsahibimiz fikrini tamamlayıb.

QEYD

Hamı bilməlidir ki, Ulu Öndər Heydər Əliyev tərəfindən verilən miras özəlləşdirmə payı mülkiyyət hüququ və bu hüququ təsdiq edən dövlət qiymətli kağızı olan özəlləşdirmə çekləri qanunla verilib!

Heydər Əliyevin özəlləşdirmə qanununun icrası üçün verdiyi və imzaladığı 450 nömrəli Fərman isə qanunla müəyyən edilmiş qaydada hər bir vətəndaşa düşən miras özəlləşdirmə paylarını təsdiq edən özəlləşdirmə çeklərinin dövlət öhdəliyi olaraq vətəndaşlara paylanılması və birincili olaraq yerləşdilməsini icra etmək üçün verilib. Bu gün də qüvvədə olan bu Fərmanla təsdiq olunmuş özəlləşdirmə çekləri haqqında Əsasnamənin 5-ci bəndi ilə bütün özəlləşdirmə dövründə özəlləşdirmə çeklərindən ödəmə vasitəsi kimi qəbulundan imtina etmək qəti qadağan olunub.

Fərman nə hüquq verir, nə də qanunun verdiyi hüququ ala bilər! Kompensasiya ödəmədən, məmurların hiyləsi ilə Fərman əsasında özəlləşdirmə çeklərini dövriyyədən cıxarmaqla aparılan özəlləşdirmə qanunsuzluq, xalqa qarşı ədalətsizlik və dövlətə qarşı təxribatdır!

Konstitusiya Məhkəməsinin ekspertləri olan hüquqşünas alimlərin 2022-2023-cü illərdə apardıqları elmi-praktik araşdırmaların nəticəsi kimi, 10-dan çox alimin rəyi əsasında yazılmış, Prezidentin nəzarətində olan Ali Attestasiya Komissiyasının “Qanun” jurnalında dərc olunmuş 4 məqalədə təsdiqlənmiş hüquqi faktlardan sonra, artıq hüquqşünaslar və ziyalılar mətbuatdakı çıxışlarında 13 ildir çeklərsiz aparılan özəlləşdirmənin xalqa qarşı cinayət və dövlətə qarşı təxribat olduğunu açıq-aşkar səsləndirirlər. Bu isə öz növbəsində tarixi ədalətin bərpa ediləcəyinə böyük ümidlər yaradır.

Alimlərin araşdırmasından məlum olur ki, qanunla inflyasiyadan qorunuan hər özəlləşdirmə payına düşən əmlak payı dəyəri bu gün üçün ən azı 20 000 ABŞ dolları dəyərindədir və Ulu Öndərin xalqa vədinə əsasən, tarixi ədalət naminə bu gün qanunvericiliklə Azərbaycan İnvestisiya Holdinqindəki bütün müəssisələrin və gələcəkdə özəlləşdiriləcək bütün orta və iri müəssisələrin əmlak dəyərinin ən azı 65%-i özəlləşdirmə çekləri ilə əvəzləndirilməlidir.

Qanunla bütün investorlar kollektivə məxsus 15%-dan qalan səhmlər və 50%-in üstünə gələrək ancaq özəlləşdirmə çekləri ilə ödəməlidir. Dövlət qanunla belə müəssisələrin ancaq ona məxsus olan 35%-nin pulla satışını həyata keçirə bilər. Ulu Öndərin imzaladığı qanunlar və Konstitusiya yeni ictimai sistemə keçid üçün sosisal tarixi ədalət naminə ölkənin ən kasıb vaxtında dövlətin iqtisadi və sosial siyasətinin əsası kimi qəbul olundu. Ümummilli Lider qanunla bütün özəlləşdiriləcək orta və böyük müəssisələrin 50+15%-nin özəlləşdirmə çekləri ilə aparılacağını dünyaya elan etdi. Hətta icarəyə verilmiş müəssisələrin gələcəkdə özəlləşdirilməsi və investisiya müsabiqələrinin özəlləşdirilməsi ancaq qanunun qoyduğu bu qayda ilə aparılmalı idi. Dövlət öhtəliyi kimi qanunla qoyulmuş bu qaydaları heç bir Fərman və hətta sonradan qəbul olunacaq hec bir qanun Konstitusiyaya zidd olaraq dəyişə bilməz!

Mövzuya dair daha ətraflı məlumatla bu KEÇİDə daxil olmaqla tanış ola bilərsiniz.

Müəllif: Aydın Gəray