Beynəlxalq axtarışda olan şəxs Azərbaycandan Qazaxıstana ekstradisiya edilib

Xəbərlər

22.05.2024 - 13:05

Vəsatət Azərbaycan Baş Prokurorluğu tərəfindən təmin edilib

Azərbaycan beynəlxalq axtarışda olan Qazaxıstan vətəndaşı Serik Sırlıbayeviç Sadırbayovu ölkəsinə təhvil verib. AYNA xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, 1989-cu il təvəllüdlü Qazaxıstan vətəndaşı Serik Sırlıbayeviç Sadırbayovun cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair həmin dövlətin Baş Prokurorluğunun vəsatəti Azərbaycan Baş Prokurorluğu tərəfindən təmin edilib.

Qazaxıstanda dələduzluq əməllərinin törədilməsində təqsirləndirilərək beynəlxalq axtarışa verilmiş S.S.Sadırbayov 2024-cü ilin fevral ayında Azərbaycanda müəyyən edilərək saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən, təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilib.

Serik Sadırbayov Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Qazaxıstan Respublikasının səlahiyyətli orqanına təhvil verilib.

Müəllif: Ayna.az