Bəşəriyyətə yol açmış otuz kitab - <font color=red> Üçüncü kitab</font>

Maraqlı

16.07.2019 - 00:48

Həkimlər Klinikalar SEO Xidməti

İbn-i Rüşd və onun əlyazmaları...

 

Bəşəriyyətə yol açmış üçüncü kitab İbn-i Rüşdün əlyazmalarıdır. AYNA xəbər verir ki, bu barədə Türkiyədə yaşayan, tanınmış azərbaycanlı jurnalist İbrahim Nəbioğlu öz "Facebook" hesabında paylaşım edib.

 

"İbn-i Rüşd (1126-1198) görkəmli andalus və ərəb filosofu, İslam hüquqçusu, həkim, riyaziyyatçı, fizik, astronom və tərcüməçi olub. Latınca adı Averroes-dir və daha çox bu adla tanınır.

 

1126-cı ildə İspaniyanın Andaluziya bölgəsindəki Kurtuba (Kordoba) şəhərində ərəb ailəsində doğulub. Atası və babası qazı olan İbn-i Rüşd mükəmməl təhsil almış, dövrünün ən görkəmli alimlərindən biri olmuşdur. Bir neçə dil biilən İbn-i Rüşd həyatının 30 ilini Aristotelin nəhəng mirasını qədim yunan dilindəki orjinaldan latın dilinə tərcümə etməyə sərf edib, bununla da kifayətlənməyib onlara şərhlər yazmışdır. Bu səbəbdən İslam aləmində onu "Şarih", Latın dünyasında isə "Kommentator" kimi də tanıyıblar.

 

Aristotel (m.ə. 384 - m.ə. 322) antik dövrün ən böyük yunan alimlərindən biri, fizika, astronomiya, məntiq, biologiya və b. sahələrdə nəhəng əsərlər müəllifi idi. O, Platonla bərabər Qərb düşüncəsinin ən önəmli iki filosofu sayılır. 12-ci əsrin ortalarına qədər Aristotelin Avropada cəmi bir neçə əsəri tərcümə olunmuşdu. Katolik kilsəsi Aristotelin başda 6 cildlik fundamental məntiq əsəri "Organon" olmaqla külliyatına rəğbət etmirdi. Bu səbəbdən də Aristotel ölümündən sonra 1200 il latın dilinə tərcümə olunmadı və nəticədə Avropa onu demək olar ki, tanımadı.

 

İbn-i Rüşd ömrünün yarısını sərf edərək Aristotelin bütün külliyatını əvvəlcə ərəb, sonra isə latın dilinə tərcümə etməsi ilə Avropa Renessans, yəni İntibah dövrünə qədəm qoydu. Faktiki olaraq İbn-i Rüşd olmasaydı Qərb dünyası Aristotelin əngin mirasını çox gec tanıyacaq və indiki gücünə gecikərək əsrlər sonra çatacaqdı. Məhz bu tərcümələr və şərhlər sayəsində Avropada elm və mədəniyyət böyük sıçrayış edərək modern düşüncə tərzinin əsası qoyuldu. Avropa təfəkkürünün bəşəriyyətə verdiyi düşüncə, fəlsəfə və dəyərlər böyük ölçüdə məhz İbn-i Rüşd sayəsində olmuşdur.

 

Katolik kilsəsi Andaluziyalı mütəfəkkiri Averroes adı ilə yaşatmaq istəmiş, onun dini və milli kimliyini unutdurmaq istəmişdir. Digər tərəfdən Andaluziyanın güclü İslam icması da zaman-zaman onu şiddətli təqiblərə məruz qoyub, fanatik islamçılar onun əsərlərini yandıraraq məhv etməyə çalışmışlar. İbn-i Rüşdü bu təqiblərdən İspaniya yəhudiləri qorumuş, onu himayələrinə almışlar.

 

Orta əsrlərdə Kordobalı alim o qədər böyük şan, şöhrət və ehtiram qazanır ki, Dante ölməz "İlahi Komediya"sında İbn-i Rüşdü böyük filosoflarla bərabər tutur. Viktor Hüqo "Notrdam kilsəsinin qozbeli", Ceyms Coys "Ulisiss" romanlarında onun adını çəkirlər. Borxes də "Averroes'in Arayışı" əsərilə İbn-i Rüşdü əbədiləşdirib. Böyük italyan rəssamı Rafael özünün məşhur "Scuola di Atene" (Afina məktəbi) əsərində Averroesi Platon, Aristotel, Sokrat, Epikur, Evklid, Ptolomey, Ksenofon, Heraklit, Diogen kimi nəhəng dühalarla yan-yana qoyub. Vatikan sarayının divarındakı bu freska nəinki Rafaelin, bütün İntibah dövrünün ən möhtəşəm əsəri sayılır. Və rəssam İbn-i Rüşdü bu əsərə daxil etməklə onun dünyanın elm və düşüncə tarixindəki yerini də təsdiqləmiş olub.

Müəllif: Ayna.az