Berlindəki sülh masasından çıxan nəticə: fikir ayrılıqları, detallarda ziddiyyətlər

Siyasət

02.03.2024 - 10:18

Asif Nərimanlı: “Əgər Qərb platformasında sülh sazişi üzrə nəticə əldə edilməsə, proses yenidən dalana dirənəcək”

28-29 fevral 2024-cü il tarixində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında Almaniyanın paytaxtı Berlin şəhərində “Villa Borsig”də danışıqlar aparılıb. Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) görüşlə bağlı yaydığı məlumatda qeyd edilib ki, nazirlər və onların heyətləri arasında “Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş” layihəsinin müddəaları üzrə mövqelər müzakirə edilib. Bəzi əsas məsələlər üzrə əlavə işin davam etdirilməsinə ehtiyac olduğu qeyd edilib.

Səfər çərçivəsində, nazirlər Almaniyanın xarici işlər naziri Annalena Berbok ilə görüşüblər. Nazir C.Bayramov Azərbaycan və Ermənistan arasında danışıqlara ev sahibliyi etdiyinə görə Almaniya tərəfinə minnətdarlıq ifadə edib.

Nazirlərin görüşü ilə bağlı Almaniyanın XİN başçısı Annalena Berbok "X" hesabında paylaşım edib və bildirib ki,  Almaniya mümkün olan hər yerdə sülh danışıqlarını dəstəkləyir: “Ermənistan və Azərbaycan sülh müqaviləsinə doğru cəsarətli və eyni zamanda çətin bir yolla gedirlər. Biz federal hökumət olaraq mümkün olan hər yerdə sülh danışıqlarını dəstəkləyirik. Beləliklə, yaralar sağalar və insanlar sülh qazanar. O istiqamətə gedən yolda hər metr önəmlidir".

Nazirlərin Berlin danışıqları ilə bağlı AYNA-nın suallarını cavablandıran siyasi icmalçı Asif Nərimanlı deyib ki, görüşdən gözlənildiyi kimi, sülh müqaviləsinin detallarının razılaşdırılması üzrə danışıqların davam etdirilməsi nəticəsi çıxdı:

- Tərəflər arasında ziddiyyətli məqamlar da məhz detalların razılaşdırılmamasıdır. Həm kommuninasiyanın açılması, həm sərhədin delimitasiyası ilə bağlı fikir ayrılıqları nəinki azalır, əksinə, son dövrlər daha da kəskinəşib. Xüsusilə, Ermənistanın Fransanın timsalında Qərbdən dəstək imkanlarının artması istəklərindən geri çəkilməsi, ortaq məxrəcə gəlməsini çətinləşdirir. Bu baxımdan, Berlin görüşündə sülh prosesində ciddi rəliləyiş əldə edildiyini söyləmək çətindir.

- O zaman görüşün əhəmiyyəti nə idi?

- Bu görüş Münxendə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan görüşünün davamı idi və prosesdə iştirak edən tərəflər – Qərb, Ermənistan və Azərbaycan üçün siyasi nəticələr baxımından önəmli idi.

Qərb Bakı-İrəvan münasibətlərinin normallaşmasında iştirakını qaytarmağa çalışır. Brüssel formatı Qərbin iştirakında müsbət nümunə idi, lakin Makronun Şarl Mişelin təşəbbüsünü mənimsəməsi və prosesi erməni maraqlarının məcrasına yönəltməsi Bakının haqlı geriçəkilməsinə səbəb oldu. Bundan itirən Qərbin özü idi. Avropa İttifaqı Almaniyanın iştirakı ilə prosesə yenidən qayıtmaq istəyir. Burada Berlinin Cənubi Qafqazda Parisin mövqelərinə sahib çıxmaq siyasəti də var. Çünki Fransanın Ermənistanda möhkəmlənməsi Azərbaycanla münasibətlərində problemlər yaradıb və Almaniya bu imkandan istifadə etmək niyyətindədir.

Ermənistan Qərb platformasına onun gündəliyinin qəbul edilməsi məkanı olaraq baxır. Avropada həm dəstəkçiləri var, həm də kommunikasiyanın hansı prinsiplə açılmasında mövqeləri yaxındır. Bu baxımdan, İrəvan Münxen və Berlin görüşünə danışıqlar prosesinin Qərb platformasına qaytarılması imkanı olaraq görür.

Azərbaycana gəlincə, burada iki məsələ əhəmiyyətldir. Birincisi, Fransaya qarşı Almaniyanı alternativ kimi istifadə edir və Parisi prosesdən bir qədər də uzaqlaşdırır. İkincisi, Qərb platformasında görüşlərdən davamlı imtina etmək burada Ermənistanın mövqelərinin güclənməsi ilə nəticələnə bilər, bu görüşlərdə iştirakla belə vəziyyətin yaranmamasına çalışır. Rəsmi Bakı ikitərəfli formatdan yana olmasına baxmayaraq, Qərb platformasında görüşə bu məqsədlə razılaşır.

- Almaniyanın XİN başçısı bildirib ki, Bakı və İrəvan sülhə doğru cəsarətli və çətin yolla gedirlər. Bu bəyanatla Almaniya nə demək istəyir?

- Almaniya Azərbaycan-Ermənistan danışıqlarında ən azı iştirak edən ölkələrdəndir. Görünür, Berlin görüşündə Berbok gündəlikdəki ziddiyyətlərlə daha ətraflı tanış olduğu üçün çətinlikdən bəhs edir. Digər tərəfdən, Almaniya bununla ondan nəticə gözləyən tərəflərə - Fransaya, ABŞ-a və s. nəticə əldə etməyin asan olmadığı mesajı verə bilər.

- Berlindəki görüşü ilə sülh danışıqlarının Qərb platformasında bərpa oldunduğunu söyləmək olarmı?

- Bu, başlanğıc idi, lakin davamlı olacağını demək çətindir. Görüşlərin davam edəcəyi istisna deyil, amma nəticənin əldə edilməsi sual altındadır. Bu baxımdan, sülh danışıqlarının Qərb platformasında davam edəcəyi ehtimalı azdır. Birincisi, nəticəsiz görüşlərin heç bir mənası yoxdur, əgər Qərb platformasında sülh sazişi üzrə nəticə əldə edilməsə, proses yenidən dalana dirənəcək.

İkincisi, Ermənistanın sərgilədiyi mövqe nəticənin əldə ediləcəyini sual altına salır. Azərbaycan gündəliyindən geri çəkilməyəcək, bu təkcə rəsmi Bakının haqlı olmasından irəli gəlmir, həm də müəyyən reallıqlar var. Əgər Azərbaycan ərazilərini müharibə yolu ilə azad edibsə və Ermənistan heç bir güzəştə getməyibsə, o zaman Ermənistana niyə güzəşt edilməlidir. Yaxud da sülh naminə sülh sazişini imzalamaq nə qədər bizim maraqlarımıza uyğundur?!

Üçüncüsü, hazırda Almaniyanın vasitəçiliyi ilə başlayan prosesdə Ermənistanın maraqlarının təmin edilmədiyi vəziyyət yaranacaqsa, Fransa prosesi pozmaq istiqamətində hərəkət edəcək və bu da nəticə əldə etməyin mümkünlüyünü sual altına salan amillərdən biridir.

Müəllif: Anar Bayramoğlu