Faktlarla bağlı sahibkar inzibati məsuliyyətə cəlb olunub
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
AQTA-dan AYNA-ya verilən məlumata görə, daxil olan müraciət əsasında Bərdə rayonunun Cəyirli kəndində fiziki şəxs Cəfərova Lülpar Məcid qızına məxsus çörək istehsalı sexində yoxlama keçirib.
Yoxlama zamanı müəssisədə qida məhsulları üzrə gigiyena tələblərinə dair qaydalara əməl edilmədiyi, sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin normativlərə cavab vermədiyi məlum olub. İstehsal müəssisəsində döşəmə, divar və tavan səthlərinin su keçirməyən, yuyula bilən, yuyucu maddələrin və dezinfeksiyaedici vasitələrin təsirinə davamlı materiallarla üzlənmədiyi, tüstünün kənarlaşdırılması üçün sorucu zondların, qapı və pəncələrdə yad cisim, toz və həşəratlara qarşı qoruyucunun təchiz edilmədiyi, istifadə olunan avadanlıqların çirkli vəziyyətdə saxlanıldığı, dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirlərinin görülmədiyi, işçi heyətin ilkin və dövri olaraq tibbi müayinədən keçirilmədiyi aşkar olunub.
Aşkar edilmiş faktlarla bağlı sahibkar inzibati məsuliyyətə cəlb olunub. Araşdırmalar davam edir.