Kərim Xan cinsi zorakılıqda şübhəli bilinir
Beynəlxalq Cinayət Məhkəməsi (BCM) cinsi zorakılıqda şübhəli bilinən BCM-nin hərbi cinayətlər üzrə baş prokuroru Kərim Xanla bağlı təhqiqata başlayacaq. AYNA xəbər verir ki, bu barədə “Reuters” iki məlumatlı mənbəyə istinadən məlumat yayıb.
BCM-ə üzv dövlətlərə paylanmış daxili sənədə əsasən, Xandan istintaqın davam etdiyi müddətdə vəzifəsini müvəqqəti tərk etməsi və Haaqa məhkəməsinin işində iştirakdan çəkinməsi istənilib. Xan özü qeyri-münasib davranışla bağlı bütün ittihamları qəti şəkildə rədd edir.
Mənbələrdən birinin “Reuters” agentliyinə verdiyi məlumata görə, BCM-də rəhbər orqanı kimi fəaliyyət göstərən İştirakçı Dövlətlərin Assambleyası noyabrın 7-də keçirdiyi iclasda kənar araşdırmanı təsdiqləyib. Mənbə onu da bildirib ki, zərərçəkmiş olduğu iddia edilən şəxs əvvəllər işə baxmalı olan daxili məhkəmə orqanının müstəqilliyinə şübhə ilə yanaşdığını bildirib.
“Reuters”in sorğularına cavab olaraq Kərim Xanın ofisi jurnalistlərə vəkilləri ilə əlaqə saxlamağı tövsiyə edib, lakin müdafiə nümayəndələri hələlik cavab verməyiblər.
Bundan əvvəl Roma Əsasnaməsinə üzv olan Dövlətlərin Assambleyası prokurorun öz ofisinin əməkdaşlarından birinə qarşı qeyri-adekvat davranışı barədə məlumatı olduğunu bildirmişdi. İttihamların təfərrüatları açıqlanmayıb.
Oktyabrın sonunda BCM rəsmiləri “The Guardian”a bildiriblər ki, Xan 30 yaşlı həmkarına təcavüz edib və o, ittiham irəli sürdükdən sonra prokuror və onun həmkarları qızı iddialarından əl çəkməyə razı salmağa çalışıblar. Dörd mənbə iddia edir ki, Xan zərərçəkmişə təzyiq göstərib, onunla həm telefonla, həm də şəxsən əlaqə saxlayıb.
2023-cü ilin martında Kərim Xanın tələbi ilə BCM Ukraynanın işğal olunmuş ərazilərindən uşaqları Rusiyaya qanunsuz deportasiya etməkdə ittiham olunan Rusiya Prezidenti Vladimir Putin və uşaq ombudsmanı Mariya Lvova-Belovanın həbsinə order verib. 2024-cü ilin mayında Xan İsrailin Baş naziri Benyamin Netanyahu, İsrailin müdafiə naziri Yoav Qalant və sonradan öldürülmüş HƏMAS-ın üç liderinin həbsinə order verilməsini tələb etdi. O, Netanyahu və Qalantı Qəzza zolağında müharibə cinayətləri və insanlığa qarşı cinayətlər törətməkdə ittiham edib, lakin hələ də onların həbsinə order verilməyib.