Barış prosesini pozan təxribat: “Sülh sazişini yaxın müddət üçün unutmalıyıq”

Siyasət

15.09.2022 - 14:33

Üzeyir Cəfərov: “Məsələnin birdəfəlik həlli üçün ciddi və amansız addımlar atmalıyıq”

Ermənistan silahlı qüvvələri sentyabrın 12-də gecə saatlarında Azərbaycan Ordusunun Kəlbəcər, Laçın, Daşkəsən, Zəngilan rayonları istiqamətində genişmiqyaslı hərbi təxribat törətdi. Azərbaycan Ordusu tərəfindən düşmənin təxribatına sərt cavab verildi, Ermənistanın sərhəddəki hərbi hissələri, postları darmadağın edildi. Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi videogörüntülər yayıb. Düşmən təxribatının cavabını yüzlərlə hərbçisini itirməklə, dəyəri milyonlarla ölçülən texnikasının məhvi ilə almış oldu. Azərbaycanın isə döyüşdə 71 hərbçisi qəhrəmancasına şəhid oldu. Ordumuz sərhəddəki bir sıra məntəqələrə nəzarət imkanı əldə etmiş oldu.

Ermənistanın təxribatları sentyabrın 13 və 14-ü də davam etdi. Azərbaycan Ordusunun Laçın və Kəlbəcərdəki mövqeləri davamlı olaraq artilleriya qurğularından atəşə tutuldu. Müdafiə Nazirliyinin açıqlamasına gprə, Azərbaycan Ordusunun cavab tədbirləri nəticəsində hərbi şərait nəzarətimizdədir. Dünən axşam saatlarından isə sərhəddə nisbətən sakitliyin bərqərar olduğu haqqında qeyri rəsmi məlumat yayılıb.

Toqquşmalarla bağlı fikirlərini AYNA ilə bölüşən hərbi ekspert, ehtiyyatda olan polkovnik Üzeyir Cəfərov əvvəlcə Azərbaycana qarşı verilən bəyanatlardan hiddətləndiyini bildirib.  

Ekspertin sözlərinə görə, Ermənistanın genişmiqyaslı təxribatlarının arxasında Rusiya dayanır:

- Birmənalı şəkildə demək olar ki, bu təxribatın arxasında Rusiya dayanır. Rusiya gərginliyin yaranmasında daha çox maraqlıdır. Amma Qərbin də, xüsusilə, Fransanın da burada maraqları mövcuddur. O mənada ki, Azərbaycanı ittiham etmək üçün dəridən-qabıqdan çıxırlar. Fransa Prezidentinin canfəşanlığının şahidiyik. Rəsmi Parisin mövqeyində heç bir dəyişiklik yoxdur. Vətən müharibəsi dövründə Emmanuel Makron hansı mövqeni sərgiləyirdisə, bu dəfə də eyni mövqeyi bildirdi. Ermənistanın təxribatını görməzdən gəlib, Azərbaycanı ittiham etmək məntiqsizlikdir ki, bu məntiqsizliyi Fransa rəhbərliyi bir daha göstərdi.

Amma ortada olan bir reallıq var: Azərbaycan qərarını verib, bu məsələni sona çatdırmalıdır. Kimin ittihamından asılı olmayaraq, Azərbaycan problemi birdəfəlik bitirməlidir və bitirəcək. Bəziləri deyir ki, dünya ilə kəllə-kəlləyə gəlmək olmaz. Amma nəzərə almaq lazımdır ki, dünya bu gün hüququn işləmədiyi, biabırçılığın baş aldığı bir vəziyyətdədir. Beynəlxalq təşkilatlar üzərlərinə götürdükləri öhdəlikləri, qəbul etdikləri sənədləri həyata keçirməkdə acizdirlər. Bir işğalçı Ermənistana 30 il qətnaməsini icra etdirə bilməyən BMT indi sərhəddə baş verənlərdən narahat olduğunu bildirir. Biz də narahatıq, minlərlə şəhid vermişik. Biz haqqımız olanı istəyirik, bundan da dönməyəcəyik. Kim narahatdırsa, getsin narahatlığını yaşasın.

- Rusiya da narahatdır və tərəfləri təmkinə, atəşkəsin dərhal bərpasına çağırdı...

- Rusiya da narahat olsun. Əslində Moskva narahat olmamalıdır, çünki onların göstərişi ilə, ruh verməsi ilə ermənilər qızışırlar, təxribata əl atırlar. Ermənistan ordusu 44 günlük müharibədə darmadağın edilib. 50 il o ordu özünə gələ bilməyəcəyi təqdirdə necə oldu ki, belə genişmiqyaslı təxribata həvəsləndi. Demək ki, onları buna həvəsləndirən, verən qüvvələr var. Bu qüvvənin də adı Rusiyadır, hansı ki, Ermənistan ordusunun daxilində təsir imkanları böyükdür. Revanşistləri bəsləyən Rusiyadır. Niyə sülhməramlı adlandırılan kontingentin səsi çıxmır? İşğalçı xislətlilər təxribata əl atır, amma beynəlxalq aləm susur, münasibət bildirmir. Burada bizim diplomatiyanın da günahı var.

- Hansı mənada?

- Elə bil ki, diplomatlarımız fil qulağında yatıblar. Xəbər lentlərində görməli idik ki, ABŞ-dakı, Fransadakı, Rusiyadakı, Britaniyadakı, digər ölkələrdəki səfirlərimiz diplomatik işlər aparırlar. Amma bunu görmədik. Onlar olduqları ölkələrdə siyasətçiləri yığmalı idilər, brifinqlər verməli idilər, həqiqəti çatdırmalı idilər. Amma biz birinin də səsini eşitmirik. Yatıblar sanki. Alverlə məşğul olurlar, diplomatiya ilə məşğul olmurlar. Polad bülbüloğlu Rusiyada oturub, səsi çıxmır. Halbuki Moskvada aləmi bir-birinə qatmalı idi. Moskvada bir tədbir keçirmir. Bəlkə qorxur? Ceyhun Bayramovla Hikmət Hacıyev Bakıda diplomatları yığıb brifinq keçirəcəksə, səfirlərimiz də olduqları ölkələrdə aktiv olmalıdırlar. Dövlətin çətin günündə onlar vəzifələrini yerinə yetirmirlərsə, o zaman bizim nəyimizə lazımdır? Niyə onlara pul ayırmalıyıq, niyə təmin etməliyik?

- Ermənistan yenə KTMT-ni prosesə cəlb etməyə çalışır. Qərar verilib ki, təşkilatın baş katibi Stanislav Zas sərhədə missiya ilə gələcək, yerdə vəziyyətlə tanış olacaq. Ondan sonra hansısa qərar veriləcək...

- Əvvəla KTMT-nin münasibəti artıq demək olar ki, bəllidir. Qazaxıstan bəyan etdi ki, ora hansısa qoşun göndərməyəcək. Diplomatik dillə anlatdı ki, Qazaxıstanın Ermənistanın təxribatlarına haqq qazandırmaq niyyəti yoxdur. Qırğızıstan da mövqeyini bildirdi və təxminən Qazaxıstanla eyni düşündüyü məlum oldu. Belarus o toplantıya heç ölkə rəhbəri səviyyəsində qatılmadı. İndi müşahidə missiyası gələcək, Zas binokulla baxacaq ki, görək nə olub, nə olmayıb. Bunlar boş məsələlərdir. KTMT-dən qorxmamalıyıq. KTMT bu gün ölü bir təşkilatdır. Bizim əsas işimiz Ermənistanı sülhə məcbur etməliyik. Təminatçı olduğunu bildirən Rusiyanın yaxasından yapışmalıyıq ki, forpostu Ermənistanı yola gətirsin, təxribata sövq etməsin.

- Cəmiyyəti belə bir sual düşündürür – bir gecədə necə olur ki, 50 şəhid veririk?

- Bilirsiniz, bu üzbəüz döyüşdə olmayıb. Ermənilərin xain hücumu nəticəsində meydana çıxan haldır. Bunun da Azərbaycan laiqli və sərt şəkildə cavabını verdi. Nələr əldə etmişik sualları da var. Sərhəd boyu demək olar ki, bütün hərbi hissələri məhv edildi. Azərbaycana təhlükə yaradan nöqtələr məhv edildi. Biz işğalçı deyilik, amma bizə təhlükə varsa, bunun cavabı verilməli idi və verildi. Müdafiə Nazirliyi nələr qazanıldığını, nələr əldə edildiyini, düşmənə hansı zərbə vurulduğunu açıqladı. Ermənistan sərhədə artilleriya qurğuları yerləşdirmişdi, postları gücləndirmişdi. Faktiki olaraq hücuma hazırlaşırdı və təxribat-diversiya hücumları həyata keçirdilər. Bunun da cavabı velə verilməli idi. Azərbaycan Ordusu ölkənin təhlükəsizliyini qoruyur, bundan sonra da təhlükəsizliyimizə təhdid sərt şəkildə cavablanacaq. Burada qeyri-adi nəsə yoxdur. Buna Azərbaycanın hüquqi baxımdan haqqı var və istənilən an haqqımızdan istifadə edə bilərik. Biz mülki obyekti vurmamışıq, legitim hərbi hədəfləri zərərsizləşdirmişik.

- Baş verən gərginlik sülh sazişi ilə bağlı əldə olunan xırda razılaşmalara hansı təsiri göstərəcək?

- Məncə, sülh sazişini yaxın müddət üçün unutmalıyıq. Bildirilirdi ki, noyabrda ilkin razılıq olacaq. Amma bu, mümkün görünmür. Ermənistan təxribatlarına davam edirsə, necə sülhdən danışmaq olar? Mən bu il sülh sazişinin imzalanmasını gözləmirəm. Onu da deyim ki, nə zaman sülhə yaxınlaşma olacaq, Rusiya Ermənistandakı əlaltıları vasitəsilə təxribata əl atacaq, gərginlik yaranacaq. Bununla da proses yubanacaq. Məsələnin birdəfəlik həlli üçün ciddi və amansız addımlar atmalıyıq. Istər sərhəddə, istər Qarabağda. Elə addımlar ki, Ermənistan rəhbərliyi ayağımıza düşsün, desin ki, Bakının bütün şərtlərini qəbul edirik, sülh sazişini imzalayırıq. Bunun başqa yolu yoxdur.

Müəllif: Anar Bayramoğlu