“Bankımızın bağlandığını mediadan öyrəndik” – <font color=red> AZƏRBAYCAN REALLIĞI</font>

Cəmiyyət

01.05.2020 - 15:58

Bəs, müflisləşən banklar Koronavirusla Mübarizə Fonduna hansı hesabdan pul köçürmüşdü?

 

Bank sektorunda silkələnmələr, bəzi bankların bağlanması təkcə bankların müştərilərini deyil, eləcə də onların işçilərini sıxıntıya salıb. İndi onlarla bank işçisi, ölkədə sayı gizlədilən işsizlərin sıralarına qoşulub. Ən problemlisi də odur ki, həmin iş yerləri qəfildən bağlandı və işçilər fors-majorla üzləşdilər.

 

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının (VƏHML) sədri Sahib Məmmədov AYNA-ya deyib ki, hər hansı iş yerinin gözlənilmədən bağlanması işçiləri çıxılmaz durum salır: “Sözsüz, bir çox sahələrdə olduğu kimi, bank sektorunda da işçilərin əmək müqaviləsi ilə işləməsi mütləqdir. Bu səbəbdən əmək müqaviləsi ilə işləyən şəxslər hansısa kompensasiyalara iddia edə bilərlər. Çünki, Əmək Məcəlləsində göstərilir ki, ixtisara düşən işçilərə kompensasiya ödənilməlidir. Qeyri-formal əmək sektorunu tərk edənlər üçün isə heç bir vəsait ödənilmir”.

 

Əmək Məcəlləsinə diqqət yetirən hüquq müdafiəçi bunları deyib: “Məcəllənin 70-ci maddəsində bu barədə qeyd olunub. Maddənin “b” bəndinə görə, işçi ixtisara düşürsə, işəgötürən əmək müqaviləsini ləğv etməzdən azı iki ay əvvəl işçini rəsmi xəbərdar etməlidir. Amma indiki halda - bank, müəssisə tamamilə qapadılılırsa, onda 70-ci maddənin “a” bəndinə əsasən, işçiyə iki ay qabaq xəbərdarlıq nəzərdə tutulmur. Ümumiyyətlə, indi xəbərdarlıq müddəti sığorta stajından asılı olaraq dəyişir, yəni konkret iki ay deyil”.

 

“İndi bağlanan bankların işçilərinin bir hissəsi mütəxəssis kimi haradasa yenidən işlə təmin oluna bilər, amma başqa kateqoriyalı işçilərin Məşğulluq İdarəsinə iş təminatı ilə bağlı müaraciəti qüvvədədir. Dövlətin bununla bağlı konstitusion öhdəliyi var. Əgər dövlət vətəndaşı işlə təmin edə bilmirsə, ona müavinət verməlidir. Sadəcə, bu müavinət çox azdır. İndiki halda, onsuz da karantin müddətində işini itirənlər vardı”, - S.Məmmədov bildirib.

 

Bəllidir ki, hər iş yerinin özünün daxili nizamnaməsi, qaydaları olur.  Çox halda işçi işəgötürənin hansı problemlərinin olduğundan xəbərsiz olur, işini itirmək baradə düşünməkdən çəkinir. Bir də xəbər tutur ki, işinin başında ola-ola, iş yerinin bağlanması haqqında qərar qəbul olunub. Amma bu məqam da var ki, indiyə qədər bank bağlanması praktikasında proqnoz olsa da, “anons” olmayıb.

 

Yenicə lisenziyası ləğv edilən “Amrahbank”ın adının çəkilməsini istəməyən kredit mütəxəssisinin AYNA-ya dediyinə görə, o bankın bağlanacağı gözlənilmirdi: “Bizim bankın özünə görə nüfuzu vardı. Bağlanacaq banklar sırasında olduğu da deyilmirdi. Biz bankın bağlandığı xəbərini mediadan öyrəndik”.

 

Bağlanan digər bankın - “Atabank”ın da işçiləri eyni “sürprizlə” qarşılaşıblar. Bankın müştəri xidmətlərinin əməkdaşı deyir ki, lisenziyanın ləğv olduğu günədək bankın bütün fəaliyyəti davam edib: “Hətta, onlayn kredit müqavilələri bağlanırdı. Bir də eşitdik ki, bank bağlanıb. Ən azı, bizə deyilməli idi, işçilərlə söhbət aparılmalı idi. Xeyli müddətdir, burada işləyirəm, xəbəri eşidəndə şok oldum”.

 

P.S. Maraqlıdır, fəaliyyəti dayandırılan, funksiyalarını yerinə yetirmədiyi elan edilən, kapitallarını itirən, müflisləşən və nəhayət, “qəpiyə güllə atan” banklar Koronavirusla Mübarizə Fonduna hansı hesabdan pul köçürmüşdü? “Atabank” - 100 min manat, “Amrahbank” - 200 min manat…

Müəllif: Raminə Eyvazqızı