“Balans siyasəti Türkiyə üçün həyati əhəmiyyət kəsb edir”

Dünya

23.10.2021 - 10:24

Tarik Oğuzlu: “ABŞ, Çin və Rusiya ilə münasibətləri normal saxlamalı olsaq da, əsas diqqətimiz Avropaya yönəlməlidir”

Dünyanın ən nüfuzlu 500 müsəlmanının illik reytinqi açıqlanıb. AYNA xəbər verir ki, siyahının ilk pilləsində Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan yer alıb. O, 2021-ci ilin ən nüfuzlu müsəlmanı tituluna layiq görülüb.

“The Muslim” jurnalının keçirdiyi sorğunun nəticələrinə görə, ilk üçlükdə Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdül-Əziz bin Saud və İranın ali dini lideri Ayətullah Seyid Əli Xameneyi qərarlaşıb. Nüfuzlular siyahısında Azərbycan Prezidenti İlham Əliyev, Pakistan Baş naziri İmran Xan, Çeçenistan rəhbəri Ramzan Kadırov və s. dövlət başçıları, müsəlman iş adamları, alimlər, idmançılar və incəsənət xadimləri də yer alıblar.

Ekspertlər hesab edirlər ki, sorğunun nəticələri Türkiyənin ən aparıcı müsəlman ölkəsi olduğunun təsdiqi rolunda çıxış edir. Qardaş dövlətin aparıcı diplomatik oyunçulardan birinə çevrilməsi, sürətlə güclənməsi fonunda Türkiyənin gələcəyi ilə bağlı müzakirələr də aktuallaşıb. İddialara görə, 2050-ci ildə Türkiyə dünyanın ilk 10-luğuna daxil olacaq.

Türkiyənin Sosial, İqtisadi və Siyasi Araşdırmalar Mərkəzinin direktoru, professor Tarık Oğuzlu açıqlamasında AYNA-ya deyib ki, dünyada geopolitik balans dəyişir və bu xüsusda Türkiyənin də beynəlxalq müstəvidə rolu artır: “Beynəlxalq miqyasda şübhələrin artdığı, güvənin tamamilə itdiyi bir şəraitdə, böyük dövlətlər arasında müharibələr birbaşa hərbi vasitələrlə deyil, texnologiya, mədəniyyət, informasiya və ticarət müstəvisində nizamlanır. Digər tərəfdən artıq ABŞ dünyanın supergücü deyil. Çin yuxarıda qeyd etdiyim istiqamətlər üzrə artıq Amerikanı qabaqlayır. “Soyuq müharibə”nin elementləri ortadadır və bu, həm ABŞ-Çin, həm ABŞ-Rusiya, həm də digər aparıcı qüvvələr arasında baş verir”.

“Tayvanda baş verən hadisələr, ABŞ, Yaponiya və Avstraliyanın bir tərəfdə, Çinin isə digər tərəfdə dayanması, eyni zamanda iqtisadi təzyiqlər yolu ilə bir-birini zəiflətmək siyasəti də diqqətdən yayınmır. Bu isə öz növbəsində Amerika ilə Çin arasında hərbi ritorikanı artırır. ABŞ-ın dünyanın 800-dən artıq nöqtəsində hərbi bazası var və burada ümumilikdə 150 mindən çox hərbi heyət xidmətdədir. İqtisadi baxımdan isə həm Amerika, həm Avropa İttifaqı, həm də Çin kifayət qədər güclüdür. Rusiya iqtisadi baxımdan bir o qədər güclü olmasa da, təbii sərvətlər, siyasi və hərbi baxımından aparıcı dövlətlərdəndir. Moskva bu gün müstəqil oyun qurmaq iqtidarında deyil. Lakin rəqiblərin oyununu pozmağa qadirdir”, - deyə həmsöhbətimiz bildirib.

Professorun sözlərinə görə, balanslı diplomatik siyasət Türkiyənin xarici siyasət kursunun ayrılmaz tərkib hissəsidir: “Təhlükəsizliyə yönələn təhdidləri aradan qaldırmaq və milli maraqları qorumaq üçün Türkiyə müxtəlif dövlətlərlə əməkdaşlıq edir. Beynəlxalq oyunçuların maraqlarının toqquşduğu coğrafiyada yerləşdiyimizi nəzərə alsaq, balans siyasəti Türkiyə üçün həyati əhəmiyyət kəsb edir. Osmanlı dövründən bu yana tətbiq olunan bu strategiya qarşıdakı illərdə də davam edəcək. Hər hansı blokun və siyasi dairənin mütləq nəzarətində olmaq kökündən yanlış addım olar. Ərdoğan iqtidarının bu əsnada yürütdüyü xarici siyasət təqdir olunmalıdır. ABŞ, Çin və Rusiya ilə əlaqələrin inkişafı mühümdür. Bu, xarici siyasətdə manevrlər etməyə və müstəqil addımlar atmağa şərait yaradır”.

Oğuzlu hər üç güc mərkəzinin (Vaşinqton, Pekin, Moskva) Türkiyəyə öz maraqları kontekstindən yanaşdığını vurğulayıb: “Bu xüsusda Türkiyənin də onlar üçün cəlbedici tərəfləri olmamış deyil. Bu “qızıl orta”nı saxlamaq, davam və inkişaf etdirmək qarşıda duran əsas hədəflərimizdən biridir. Hər üç tərəf üçün bir-birinə qarşı rəqabətdə Türkiyə ilə əməkdaşlıq zəruridir. Bu isə öz növbəsində ölkəmizi aparıcı beynəlxalq oyunçulardan birinə çevirir. Lakin bir məqam da var ki, adını çəkdiyim üç qüvvə - ABŞ, Çin və Rusiya Türkiyənin müttəfiqi ola bilməz. Türkiyə əsas diqqəti Avropa ilə münasibətlərin inkişafına yönəltməlidir. Çünki bu əlaqələrin dərin tarixi kökləri var. Dövlətimizin güclü olduğu illər də məhz Avropa ilə yaxın olduğu dövrlərə təsadüf edir”.

Ekspert əlavə edib ki, Türkiyənin siyasi gələcəyi çox parlaqdır: “Bu gün Türkiyə dünyanın önəmli, regionun isə lider dövlətlərindən birinə çevrilib. Türkiyənin rolu və iştirakı olmadan regionda hər hansı layihənin uğur qazanması mümkün deyil. Biz daxili istehsalı artırmaqla, müstəqil xarici siyasət kursu həyata keçirməklə öz mövqeyimizi daha da gücləndirəcəyik”.

Müəllif: Azər Niftiyev