Bahalı arzu - Qara xəyal

İqtisadiyyat

21.12.2021 - 22:49

O, Azərbaycan vətəndaşlarının əksəriyyəti üçün əlçatmazdır

Yeni il üçün insanlar, imkan daxilində delikateslər almağa meyillidirlər. Bir çox vətəndaşlar bayram süfrələrində qara və qırmızı kürü olmasını xəyal edirlər. Ancaq bu ləzzət üçün qiymətlər “əl yandırır” və saxta mal satın almaq ehtimalı böyükdür.

Ölkəmizə qırmızı (qızıl) kürü əsasən Rusiyadan gətirilir və onun kiloqramı, təxminən 200-220 manat civarındadır. Qara (nərə balığı) kürüyə gəlincə, onun kiloqramı orta hesabla 1200-1400 manat aralığındadır.

Bəzi ekspertlərin fikrincə, yaxın gələcəkdə qırmızı və qara kürünün qiymətləri xeyli aşağı düşə bilər, çünki Azərbaycanda qiymətli balıq növlərinin süni yetişdirilməsi inkişaf etdirilir. Eyni zamanda müasir texnologiyalardan istifadə olunur. Amma çoxları bu məhsulun qiymətlərinin enmə ehtimalına şübhə ilə yanaşırlar.

Azərbaycan Həvəskar Balıqçılar İttifaqının sədri Əfqan Əliyev AYNA-ya deyib ki, Azərbaycanda nərə və qızılbalıq yetişdirilməsinə baxmayaraq, daxili bazarda bu balıq və kürünün qiymətində ciddi eniş gözləməyə dəyməz: “İstehsal həcminin artması ilə belə, bu balıqların kürüsü elə bir məhsuldur ki, qiyməti aşağı düşməkdən qorunacaq və bu məhsul daha çox ixrac olunacaq. Azərbaycandakı qara kürünün, təxminən 50%-i sünidir, amma əsl kürü ixraca göndərilir. Belə ki, bu məhsulun qiyməti aşağı düşsə belə, əksər istehlakçılar üçün çox faydası olmayacaq, çünki onlar təbii məhsulu nadir hallarda görürlər”.

“Qarşınızda nə olduğunu - saxta və ya təbii məhsul olduğunu anlamaq çox çətindir. Yalnız laboratoriya müayinəsi keçirsəniz və ya etibarlı bir şəxsdən mal alsanız, dəqiq cavaba sahib ola bilərsiniz. Süni kürü zülaldan hazırlanır və adətən təbii qara kürü ilə qarışdırılır. Qırmızı kürünün də saxtası var. Satılan kürülərin hamısı təbii real olsaydı, buna nə nərə balığı, nə də qızılbalıq kifayət edərdi”, - deyə ekspert bildirib.

“Rusiya ilə müqayisə etsək, bizim qırmızı kürü daha bahadır. Azərbaycanda qırmızı kürünün qiymətinin hələ Rusiyadakı kimi artmaması başadüşüləndir, çünki bizdə o qədər də tələbat yoxdur”, - deyə Əliyev vurğulayıb.

Yeri gəlmişkən, Rusiya mətbuatının yazdığına görə, “Roskaçestvo” 4 il ərzində ikinci dəfə qırmızı kürü üzərində araşdırma aparıb və bu qənaətə gəlib ki, 2018-ci ildən bəri bu məhsulun keyfiyyəti xeyli pisləşib. 2018-ci ildə aparılan araşdırmalara görə, brendlərin 31%-nin məcburi təhlükəsizlik tələblərini pozduğu aşkarlanıb, 2021-ci ildə onların sayı 81%-ə yüksəlib. Tədqiq olunan 21 markadan 15-də bağırsaq çöpləri, altısında mikrob çirklənmə səviyyəsində artıqlıq, iki nümunədə Rusiya Federasiyasında qadağan edilmiş konservant maddə - urotropin aşkar edilib.

Dayanıqlı İnkişaf Tədqiqatları Mərkəzinin sədri Nəriman Ağayevin AYNA-ya dediyinə görə, Rusiyada qırmızı kürünün kiloqramı, təxminən 5000 rubla (115 manat) başa gəlir, lakin onu aldıqdan sonra hələ Azərbaycana gətirilməsi xərcləri də var: “Kürü şübhəli dərəcədə ucuz olduqda, süni kürü və ya digər ucuz balıqların kürüsü olması ehtimalı artır. Ümumiyyətlə, kürü bahalaşıb və ya ucuzlaşmayacaq, bizdə o qədər də nərə balığı yetişdirilmir. İndi Ekologiya və Təbii Sərvətlər Nazirliyi satmaq üçün deyil, nərə balığının balalarını dənizə buraxmaq, bununla da bu balıqların sayını artırmaq üçün yetişdirir. Özəl müəssisələr də nərə balığı yetişdirir, amma həcmi o qədər də çox deyil, deyir”.

Ö növbəsində Azad İstehlakçılar Birliyinin (AİB) rəhbəri Eyyub Hüseynov AYNA-ya açıqlamasında kürünün alçatanlığının problem olduğunu söyləyib: “Mən adi bir vətəndaş kimi on beş ildir ki, kürü yemirəm. Səbəb onun azərbaycanlı istehlakçıya çatmaması və qiymətlərinin ciddi artımıdır”.

“Təbii qara kürünün kiloqramı indi 2000 manata yaxındır. Azərbaycanda 20 ildən artıqdır ki, süni qara və qırmızı kürü istehsal olunur. İstehsal qanunidir, qabın üstündə nərə balığı şəkli var və bir çox vətəndaşlar, eləcə də turistlər bunun əsl kürü olduğuna inanaraq aldadılır”, - deyə o diqqətə çatdırıb.

Hüseynov rəhbərlik etdiyi qurumun bu problemə qarşı mübarizə apardığını əlavə edib: “Biz bu fakta qarşı mübarizə aparırıq, ancaq bu günə qədər hər şey olduğu kimi qalıb. Təbii və süni kürü çox vaxt qarışdırılaraq təbii kimi satılır. Belə kürü tez-tez şadlıq evlərində təklif olunur”.

Müəllif: Elya Belskaya