Babayan Qarabağa görə Ermənistan hakimiyyətini və cəmiyyəti ittiham edib

Aktual

29.11.2023 - 15:31

“20 il müddətində Ermənistan hakimiyyəti ilə birlikdə problemin həllinə imkan verməyən jurnalistlər və bütövlükdə cəmiyyət günahkardır”

“Qarabağın itirilməsi və Azərbaycana təslim edilməsində hamının, o cümlədən Ermənistan hakimiyyətinin əli var”. AYNA erməni mediasına istinadən bildirir ki, bu sözləri Ermənistan Milli Assambleyasında 44 günlük müharibənin şəraitini öyrənmək üçün yaradılan komissiyanın iclasına gələn Qarabağın ləğv edilmiş qondarma rejiminin “Təhlükəsizlik Şurasının” keçmiş “katibi” Samvel Babayan deyib.

Babayan baş verənlərə görə 20 il müddətində Ermənistan hakimiyyəti ilə birlikdə problemin həllinə imkan verməyən jurnalistləri və bütövlükdə cəmiyyəti günahkar hesab edib.

Babayan bildirib ki, Azərbaycan Ordusunun sentyabrın 19-da keçirdiyi antiterror əməliyyatından sonra özünü hələ də “Artsax prezidenti” sayan Samvel Şahramanyanla görüşməyib və onun niyyətinin nə olmasından xəbərsizdir.

Separatçı əvvəllər komissiyanın işində məsləhətçi qismində iştirakdan niyə imtina etdiyini də açıqlayıb. Onun sözlərinə görə, son 20 ildə Qarabağ ətrafında baş verən hadisələrin öyrənilməsini təklif edib, lakin komissiya üzvləri bundan imtina ediblər: “İndi dəvətli olduğum üçün gəldim. Mən suallardan yayınmayacam, dürüst və səmimi cavab verməyə hazıram”.

Müəllif: Ayna.az