TƏBİB: Cəbhə bölgəsində canından keçən həkimlərimiz var

Aktual

16.10.2020 - 12:01

Yaqut Qarayeva: “Buna rəğmən, həkimlər cəbhə bölgəsinə getməyə can atırlar”

 

Son günlər koronavirusa yoluxmanın sürətlə artımı Nazirlər Kabineti yanında Operativ Qərargahın yenidən məhdudlaşdırma qərarı verməsinə səbəb oldu. AYNA xəbər verir ki, bu gün məsələ ilə bağlı brifinq keçirilib. Konfransda Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva deyib ki, ötən gün Azərbaycanda yoluxma sayı 500-ə çatıb.

 

Onun sözlərinə görə, yoluxma dinamikasında artım, tək ölkəmizdə deyil, dünya ölkələrində də müşahidə edilir: “Bu gün ölkədə reanimasiyada 113 xəstə var. Onlardan 13-ü süni tənəffüs aparatına qoşulub. Dünyada 38 milyondan çox adam COVID-19-a yoluxub ki, onlardan bir milyondan çoxu ölüb”.

 

“Ermənistanın atəşə tutduğu bölgələrdə xəstəxanalarımız fəaliyyətini davam etdirir, həkimlərimiz yaralıların xidmətindədir. TƏBİB-in həmin ərazilərdə xüsusi həkim briqadaları var. Bu gün həkimlərimiz cəbhə bölgəsində çalışmağa can atırlar. Bakıdan həmin xəstəxanalara həkim briqadası ezam olunub. Könüllü olaraq gedən həkimlərimiz də var. Lakin biz koronavirusla mübarizəni unutmamalıyıq. Bir həkimin yoluxması 14 gün fəaliyyət göstərə bilməməsi deməkdir. Koronaviruslu xəstələrin həkimlərə ehtiyacı var. Bunu nəzərə alaraq, həkimlər də özlərini qorumalıdır ki, pandemiya xəstəxanaları xəstələrlə dolmasın”, - deyə TƏBİB rəsmisi vurğulayıb.

 

Y.Qarayeva onu da bildirib ki, bu gün xəstəni zirzəmidə qəbul edib tibbi yardım göstərən həkimlərimiz var: “Ağdamda, Tərtərdə, Füzulidə canlarından keçən hərbi həkimlərimiz var. Həkimlərimiz zirzəmidə xəstələri qəbul edib yardım edirlər. Təəssüf ki, bizim kolleqalarımız arasında da ölənlər var. Həmin hərbi həkimlərə Allahdan rəhmət, ailələrinə səbr diləyirik. Buna rəğmən, həkimlər cəbhə bölgəsinə getməyə can atırlar”.

Müəllif: Ayna.az